Gələn ilin dövlət büdcəsindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nizamnamə kapitalının artırılması üçün vəsait ayrılması nəzərdə tutulub
“Report” xəbər verir ki, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov AZTV-nin efirində yayımlanan “Günün nəbzi” verilişində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu vəsaitlər iki istiqamət üzrə istifadə olunacaq. “Birinci istiqamət neft-qaz yataqlarının istismarının genişləndirilməsi və onların (köhnə yataqlar) hasilat səviyyələrinin saxlanılması, ikinci istiqamət isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) yenidən qurulması və modernizasiyası layihəsidir. SOCAR-ın istismar etdiyi köhnə yataqlarda ehtiyatlar tükənir. Bu yataqların hasilat səviyyələrini saxlamaq, itirməmək vacibdir. Çünki öz ehtiyatlarımız olmasa, xaricdən məhsul almağa məcbur olarıq. Buna görə də ehtiyatlarımızdan mümkün qədər səmərəli istifadə etmək düzgün yol olardı. Bu baxımdan SOCAR-a dövlət büdcəsindən vəsait ayrılması tamamilə düzgündür”.
S.Şərifov qeyd edib ki, BNEZ-in yenidən qurulması və modernizasiyası da vacib amildir. Onun sözlərinə görə, bu məqsədlə büdcədən bir neçə il ərzində vəsait ayrılacaq: “Bunu da infrastruktur layihəsi kimi qəbul etmək lazımdır. Çünki bu, Azərbaycan üçün həyatı əhəmiyyətli layihədir. Neft məhsulları ilə təminatda heç kimdən asılı olmamalıyıq”.
Qeyd edək ki, BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə (bitum, dizel və benzin) icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...