"Ukrayna prezidenti Pyotr Poroşenkonun bu gün Azərbaycana səfəri başlayır. Bu Poroşenkonun prezident seçildiyi iki ildə Azərbaycana ilk rəsmi səfəridir".
MilliYol.Az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzi Ukrayna prezidentinin Bakı səfərini şərh edən məqaləsində yer alır.
Məqalədə qeyd olunur ki, Azərbaycan mediasının Ukrayna prezidenti Bakıya səfəri zamanı əsas müzakirə etdiyi suallardan biri də budur: ""Pyotr Proşenko Bakıda anti-Rusiya əleyhinə bəyanatlar verəcəkmi? "Əlbəttə, Poroşenko Bakıda deyə bilər ki, Rusiya Ukraynanı parçalayıb, Dağlıq Qarabağla Donbassa separatçıları arasında fərq yoxdur və s.
Poroşenkonun bundan artıq Rusiya əleyhinə bəyanat verməsində rəsmi Bakı maraqlı deyil. Hazırda Rusiya-Azərbaycan münasibətlərinin həssas dövrüdür. Rəsmi Bakının Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli vasitəçi olacağına inamı var. Və belə bir dövrdə Bakıda anti-Rusiya bəyanatlarının səsləndirilməsi Azərbaycan hakimiyyətinin maraqlarına cavab vermir. Ona görə də böyük ehtimalla İlham Əliyev və Pyotr Poroşenko mətbuata birgə bəyanatla kifayətlənəcəklər, ukraynalı jurnalistlərin suallarına şərait yaradılmayacağını proqnozlaşdırmaq mümkündür. Poroşenko da Azərbaycan üçün vəziyyətin mürəkkəbliyini anlayır və rəsmi Bakını çətin duruma salacaq açıqlamalar verməyəcək. Poroşenkonun Azərbaycana səfərinin məqsədi fərqlidir. Ukrayna Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir".
Məqalədə bildirilir ki, rəsmi Bakı Rusiya ilə münasibətlərən önəm verməklə yanaşı Ukrayna ilə münasibətlərini də inkişaf etdirməlidir: "Bunu Azərbaycan hakimiyyətinin özünün elan etdiyi balanslaşdırılmış xarici siyasət də diqtə edir. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var. Məsələn, keçən həftə Bakıya Ukrayna baş nazirinin müavini, regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfat naziri, Ukrayna-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Gennadi Zubko gəlmişdi. Bakıda Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirildi. Ukraynalı nazir Azərbaycana 4 istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif etdi.
Birinci istiqamət Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlinin təmin edilməsi,
İkinci istiqamət Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranziti,
Üçüncü istiqamət Azərbaycanın Ukraynanın neft-qaz sektoruna investisiyalar yatırılması,
Dördüncü istiqamət isə Baltik dənizi - Qara dəniz - Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasıdır.
Sonuncu nəhəng nəqliyyat dəhlizi layihəsidir. Bu dəhliz bir çox ölkə arasında əməkdaşlığın genişlənməsinə təkan verə bilər. Kiev bu məqsədlə dəhlizin idarə olunması üçün vahid idarəedici orqanın yaradılmasını təklif edib. Bu təkliflər Azərbaycanın da maraqlarına uyğundur. Əslində Zubkovun Bakıya səfəri və müzakirə etdiyi mövzular Poroşenkonun Azərbaycana səfərinə hazırlıq məqsədi daşıyırdı.
Bundan başqa Ukrayna prezidenti Bakıda GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) fəallaşması mövzusunu da müzakirə edəcək. Ukraynanın baş naziri Vladimir Qroysman payızda GUAM ölkələrin baş nazirlərinin Kiyevdə toplantı keçriməsini təklif edib. Kiyev GUAM ölkələri arasında azad ticarət zonasının yaradılmasını məqsədəuyğun sayır".
Məqalədə vurğulanır ki, Kiyev azad ticarət zona yaradılması vasitəsilə bölgə ölkələri arasında tranzit və nəqliyyat xətlərini hərəkətə gətirmək istəyir: "Məsələ burasındadır ki, Moskva Ukraynanın Cənubi Qafqaza, Mərkəzi Asiyaya və Çinə quru yolunu bağlayıb. Nəticədə Ukrayna xeyli itkiyə məruz qalıb. Ukrayna mallarının Qazaxıstana ixracatının 98 faizi Rusiya ərazisindən keçirdi. Bu 682 milyon dollar demək idi. Ukrayna Qırğızıstana isə Rusiya üzərindən 93 faiz və ya 70 milyon dollar çərçivəsində mal ixrac edirdi. Eyni ilə Ukrayna Rusiya üzərindən Azərbaycana quru yolla 53 faiz mal ixrac edirdi. İndi bütün bu yollar bağlıdır və Ukraynanın şərq istiqamətindəki ölkələrlə iqtisadi-ticarət əlaqələri xeyli zəifləyib. Kremlin məqsədi aydındır. Moskva Ukraynanın şərq ölkələrinə çıxan yollarını bağlamaqla Ukraynanı iqtisadi baxımdan zəiflətmək və bu vasitə ilə qonşu ölkədə hakimiyyət dəyişiklyini sürətləndirmək istəyir.
Buna görə də Kiyev mövcud vəziyyətdən çıxış yolları axtarır. GUAM ölkələri arasında əməkdaşlığı fəallaşdırmaq çıxış yollarından biridir. GUAM-ın əsas ölkəsi Azərbaycandır. Ukrayna, Gürcüstan və Moldova ilə müqayisədə Azərbaycanın iqtisadi, investisiya və tranzit imkanları daha genişdir. Ona görə də əgər Kiyevin azad iqtisadi zonanın yaradılması təklifinə Bakı razılaşarsa, 4 ölkə arasında regional əməkdaşlıq genişlənəcək. GUAM-ın hazırki baş katibi azərbaycanlı diplomat Altay Əfəndiyevdir. Ukraynanın baş naziri artıq azərbaycanlı baş katiblə görüşüb. Bu isə o deməkdir ki, Kiyevin təklifi Bakıda öyrənilir. Böyük ehtimalla bu təklifi Ukrayna prezidenti də Bakıda səsləndirəcək".
MilliYol.Az
Digər xəbərlər
loading...