Göyçay rayon sakini Rüstəm İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərova “Göyçay Avtonəqliyyat” ASC ilə bağlı şikayət ünvanlayıb.
MilliYol.Az xəbər verir ki, şikayətçi “Göyçay Avtonəqliyyat” ASC-nin sədri Arif Əliyevin onun hüquqlarını kobud şəkildə pozduğunu iddia edir:
"Arif Əliyev nizamnaməyə uyğun olmayan qeyri-qanuni işlərlə məşğuldur. Belə ki, “Göyçay Avtonəqliyyat” ASC-nin sədri səhmdarlara məxsus tikililəri qeyri-qanuni sökür, Fövqəladə Hallar Nazirliyindən komisiyya gətizdirib, güya tikililər köhnədir deyə sənədləşdirmək istəyir. Halbuki hər aparılan yenidənqurma dövlət orqanı ilə razılaşdırılmalıdır".
Şikayətçi daha sonra “Göyçay Avtonəqliyyat” ASC-nin ərazisində antisanitariya qaydalarının da hökm sürdüyünü bildirir. Buna səbəb isə ASC-nin ərazisində, Yanacaqdoldurma məntəqəsinə bitişik qeyri-qanuni fəaliyyət göstərən bazar göstərilir:
"Bundan başqa həmin yanacaq doldurma məntəqəsinə bitişik, tikintisinə yeni sərəncam verilmiş ticarət mərkəzi tikilməkdədir. Görəsən bu işlərə sərəncam verən icra hakimiyyətinin başçısı və tikintinin tikilməsinə müsbət icazə rəyi verən Fövqəladə Hallar Nazirliyinin işçisi niyə insanların taleyi ilə oynayır?
Hörmətli Cənab Nazir!
Həm "Göyçay Avtonəqliyyat" ASC-nin həyətində fəaliyyət göstərən qeyri-qanuni bazarda, həm də tikintisinə qeyri-qanuni sərəncam verilmiş ticarət mərkəzində hər an çoxlu sayda insan tələfatı ilə nəticələnə bilən hadisə baş verə bilər....
Göyçay rayonunun ən gözəl küçələrindən biri Nizami Gəncəvi küçəsidir. Göyçaya gələn qonaqların hamısı demək olar ki, bu küçədən keçir. Əliyev Arifin qeyri-qanuni yaratdığı bazar və ticarət mərkəzinin qapıları bu küçəyə açılır. Səhər 4:00-dan 8:00-dək həmin ərazidən keçmək mümkün olmur. Orada yaşayan insanların demək olar ki, sakitliyi yoxdur".
Sonda şikayətçi onu da qeyd edir ki, bu barədə indiy qədər müxtəlif dövlət qurumlarına şikayətlər ünvanlasa da, təəssüf ki, heç bir nəticəsi olmayıb.
Qeyd edək ki, 1950-ci illərdə yaradılan “2723 nömrəli avtonəqliyyat müəssisəsi”ndə 580-ə yaxın Göyçay sakini çalışıb. İşçilərin dediyinə görə, müəssisənin tabeliyində 400-dən çox avtomobil olub. Orada çalışanların əksəriyyətini rayon sakinlərini təşkil edib. Demək olar ki, hər bir işçinin səhminin olduğu müəssisə 1999-cü il, fevralın 24-də Dövlət Əmlak Nazirliyinin sərəncamı ilə ASC-yə çevrilib. Arif Əliyev isə “Göyçay Avtonəqliyyat” ASC İdarə Heyətinin sədri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...