Azərbaycan öz ənənəvi dostlarını qorumaqla yanaşı, yenilərini tapmaq zorundadır; Gürcüstan təcavüzkar ölkəyə qapı aça bilərmi? - gələn il də aktual olacaq sual...
ABŞ prezidenti Donald Trampın “açıq səmada şimşək” effektli Qüds qərarının yaratdığı beynəlxalq qalmaqalın “tozu” yavaş-yavaş yatır.
Azərbaycan üçün məsələ ilə bağlı bir önəmli məqam da ölkəmizin haqlı olaraq, bu qərara qarşı çıxmasının İsraillə ənənəvi əlaqələrimizə, o sırada hərbi əməkdaşlığa hər hansı neqativ təsir göstərib-göstərməməsi ilə bağlı idi. İsrail rəsmilərinin son açıqlamaları bu yöndə skeptik gözləntiləri istisna edir.
“Azərbaycan İsrailin strateji tərəfdaşıdır, keçmişdə olduğu kimi, indi də dinlərarası və millətlərarası tolerantlıq nümunəsidir”. Bu fikirləri AzərTAc-a açıqlamasında İsrailin müdafiə naziri Aviqdor Liberman deyib. İsraillə ölkəmiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Liberman dostluq münasibətlərinin daha da möhkəmləndiyini və səmərə verdiyini vurğulayıb.
“Bu, birmənalı olaraq hər iki tərəfin xeyrinədir. Əməkdaşlığımız qarşılıqlı marağa söykənib. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da inkişaf edəcək. İsrail və Azərbaycan bir çox sahələrdə ortaq mövqelərdən çıxış edir. Əməkdaşlığımız yüksək texnologiyalar, kənd təsərrüfatı, energetika, təhlükəsizlik və digər sahələri əhatə edir. İnanıram ki, ikitərəfli əlaqələrimiz genişlənməkdə davam edəcək”, - deyə müdafiə naziri qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə də toxunan Aviqdor Liberman ölkəmizin bu problemdə olduqca məsuliyyətli mövqe tutduğunu vurğulayıb: “İsrailin Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını mən dəfələrlə bəyan etmişəm. Biz həmişə vurğulayırıq ki, ölkəniz beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir. Biz Azərbaycan xalqını dəstəkləyirik və hesab edirik ki, bu problem yalnız beynəlxalq ictimaiyyətin qəti mövqeyi və qərəzli yanaşma olmadan hər iki tərəfin birbaşa danışıqlar aparması ilə həll edilə bilər. Çünki real faktlardan, obyektiv mövqedən uzaq hər hansı cəhd problemi həll etmir, əksinə, onu daha da ağırlaşdırır”.
*****
Azərbaycanın nüfuzlu lobbistlərindən sayılan İsrail müdafiə naziri Libermanın bu sözləri şübhəsiz ki, iki ölkə arasında mövcud əlaqələrin səviyyəsinin aşağı salınmayacağının təsdiqi hesab edilə bilər. Yəni bu, qarşı tərəfin kifayət qədər xoş məramlı jestidir.
Xatırladaq ki, az öncə - Trampın Qüds qərarından sonra İsrail-Türkiyə münasibətləri gərgin olan zaman Liberman həm də Azərbaycanla strateji münasibətlər səbəbindən Təl-Əvivin saxta soyqırım məsələsini Knessetin müzakirəsinə çıxarmayacağını bildirmişdi. Son müsahibə də bir daha yəhudi dövlətinin Azərbaycanla əlaqələrə verdiyi xüsusi önəmi ortaya qoyur.
Bu, heç nəyə baxmadan, qarşıdakı ildə də ikitərəfli əməkdaşlığın bütün sahələr üzrə davam edcəcəyinin və genişlənəcəyinin anonsu sayıla bilər. Söhbət təbii ki, həm də hərbi-texniki əməkdaşlıqdan gedir.
Söz yox ki, qardaş Türkiyə ən azından, Dağlıq Qarabağ məsələsinə görə bu əməkdaşlığa qarşı deyil, olmayacaq. Əksinə, Azərbaycan-İsrail əməkdaşlığı, artıq qeyd edildiyi kimi, saxta erməni soyqırım iddialarına effektli müqavimət baxımından Türkiyənin də marağındadır. Bu mənada üzümüzə gələn 2018-ci ildə dost-müttəfiqlərin dəyəri hər üç ölkə üçün, qarşılıqlı şəkildə artacaq - xüsusən də nəzərə alsaq ki, gələn il böyük güclər arasında, ABŞ-la Rusiya arasında konfrontasiya yeni mərhələyə keçə və dost-tərəfdaşlar yeni sınaqlarla üzləşə bilər.
*****
Belə vəziyyətdə Azərbaycan ehtiyatlı, balanslı siyasət yürütməklə yanaşı, öz hərbi qüdrətini daha da artırmağın qeydinə qalmalı, dost-müttəfiqlərindən hansısa birini itirməməli, əksinə, onların sayını artırmalıdır. Ən azından indiki strateji tərəfdaşlarla əlaqələri qorumaq labüddür. Bunu regionda və dünyada gedən geosiyasi proseslər diktə edir. Qardaş Türkiyə ilə əlaqələr onsuz da heç nəyə baxmadan dinamik inkişafdadır və gələn il daha yüksək səviyyəyə qalxacağı gözlənilir.
Azərbaycanın strateji tərəfdaşları arasında eynən işğalla üzləşmiş qonşu Gürcüstan da var. Yeri gəlmişkən, dünən işğalçı Ermənistanın prezidenti Serj Sərkisyan Gürcüstana rəsmi səfərə gedib. Təbii ki, bu səfərin Azərbaycana heç bir xeyri ola bilməz. Ona görə ki, düşmən tərəf belə səfərlərdən hər vəchlə Bakı ilə Tiflisin arasını vurmağa və blokada rejimini yumşaltmağa çalışır. Lakin sevindiricidir ki, gürcü tərəfi erməniləri məyus edib.
“Ermənistan prezidenti Serj Sərkisyanın Gürcüstana səfəri çərçivəsində Abxaziya dəmir yolu məsələsi müzakirə olunmayacaq”. Bunu Gürcüstan baş nazirinin müavini, Xarici İşlər naziri Mixail Canalidze deyib. O bildirib ki, Gürcüstanın işğal altındakı əraziləri ilə bağlı məsələlər üçüncü tərəflə müzakirə olunmur.
Qeyd edək ki, Rusiyanın işğalı altında olan Abxaziya üzərindən Ermənistan və Rusiyanı birləşdirən dəmir yolu xəttinin açılmasının mümkünlüyü barədə məlumatlar mütəmadi olaraq yayılır. Lakin Gürcüstan tərəfi bu məsələnin müzakirə mövzusu olmadığını bildirir.
Bütün böyük regional iqtisadi və kommunikasiya layihələrindən kənarda qalan və üzləşdiyi ağır izolyasiyadan çıxmağa çalışan işğalçı ölkə üçün bu xəttin bərpa edilməsi mühüm önəm kəsb edir. Xüsusən də Qarabağda hərbi əməliyyatların başlayacağı təqdirdə bu yol Rusiyadan Ermənistana hərbi yüklərin daşınması üçün ən əlverişli marşruta çevrilə bilər. Gürcüstan hökumətinin isə həmin yüklərə nəzarət eləmək imkanı mümkünsüzdür. Odur ki, Tiflis-İrəvan münasibətlərini Bakı xüsusi diqqətlə izləyir.
Bəs Qərb qonşumuz, bizə strateji tərəfdaş ölkə sayılan Gürcüstan təcavüzkar Ermənistana yeni qapı aça bilərmi? Bu sual daxil olmaqda olduğumuz 2018-ci ildə də yəqin ki, öz aktuallığını saxlayacaq. (musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...