Azərbaycanın respublika tabeli şəhəri – Yuxarı Qarabağın mərkəzi olan Xankəndi 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən tam olaraq işğal edilib və orada separatçı rejim yaradılıb
Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.
Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzidir. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdəndir.
Tarixi sənədlərə görə, Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanlarının istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.
SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb. 1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirildi, Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkildi. Beləliklə də Xankəndi erməni işğalı altına düşdü.
Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salındılar. Artıq 1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar. Artıq 1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrildi. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 26 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular. Və şəhərin işğalı tam başa çatdırıldı.
1991-ci ildən etibarən Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə tarixi haqsızlıq aradan qaldırılaraq şəhərin əvvəlki adı Xankəndi bərpa edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...