“Ev verilməsi adı ilə məcburi köçkünlərdən pul yığan şəbəkəni ifşa etdik”
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun APA-ya müsahibəsi
- İndiyə qədər qaçqın və məcburi köçkünlər üçün 97 müasir qəsəbə tikilib, bu qəsəbələrə 53 min ailə, 265 min nəfər köçürülüb. Daha neçə məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var?
- Bu gün hələ 343 min məcburi köçkün ağır şəraitdə yaşayır, onların da yeni mənzillərə köçürülməsinə ehtiyac var. Həmin məcburi köçkünlərin bir hissəsi Bakı, Sumqayıt və Gəncə şəhərlərində qəzalı vəziyyətdə olan binalarda yaşayır. Ona görə də birinci vitse-prezident Mehriban Əliyeva ilk olaraq qəzalı binalardakı məcburi köçkünlərin köçürülməsindən başladı. Bakı şəhərində 11 min məcburi köçkün ailəsi, yəni 60 minə qədər insan 117 belə qəzalı binada yaşayır. 11 min ailədən 4 min ailənin yaşadığı belə binalara Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki rəy verilib ki, ümumiyyətlə, həmin qəzalı binalarda yaşamaq olmaz. Ona görə də Mehriban Əliyeva ilk növbədə həmin ailələrin köçürülməsi barədə tapşırıq verdi. 4 min ailənin köçürülməsindən sonra digər 7 min ailənin də köçürülməsi prosesinə başlanacaq.
343 min məcburi köçkünün mənzillə təmin olunması üçün prezident Dövlət Neft Fondundan bu məqsədlə ayrılan vəsaitin həcmini artırıb, bu il 90 milyon manat ayrılmışdısa, bu məbləğ gələn il üçün 200 milyon manata qaldırılıb. Bakı ətrafında da, rayonlarda da yeni qəsəbələr tikiləcək. Neftin qiyməti düşməmişdən öncə məcburi köçkünlər üçün qəsəbələrin tikintisinə 300 milyon manat ayrılırdı, biz hər il 4 min ailəni, 20 min nəfəri yeni qəsəbələrə köçürürdük. Təəssüflər olsun ki, neftin qiyməti düşəndən sonra bu proses dayandı. İndi tədricən bu proses bərpa olunacaq. Hesab edirik ki, vəsait problemi yaranmayacaq. Hazırda müxtəlif yerlərdən həm hazır mənzillər alınır, həm də müxtəlif istiqamətlərdən vəsaitlər cəlb olunmaqla qəsəbələr tikilir. 343 min məcburi köçkünü normal şəraitli mənzillərə köçürməliyik.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər həyata keçirilir. Məcburi köçkünlər arasında yoxsuluq səviyyəsi 2003-cü ildə 75 faiz idi, dövlət tərəfindən görülən tədbirlər nəticəsində hazırda bu rəqəm 12 faizə düşüb. Hazırda əmək qabiliyyətli 380 min məcburi köçkün var. Onların 200 min nəfəri daimi, 160 mini mövsümi işlə təmin olunub, 20 min əmək qabiliyyətli məcburi köçkün isə işlə təmin olunmalıdır. 2016-cı ildə bir məcburi köçkünə il ərzində 765 manat sərf olunub. Bu, dünyada münaqişə zonalarında ən böyük vəsaitdir. Deyilə bilər ki, 765 manat nədir, xeyir, bu, illik 300 milyon manata qədər vəsait edir.
Əvvəllər məcburi köçkünlərin işıq, qaz, su pulunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyirdi. Prezident bu il fərman verdi və bu, məcburi köçkünlərə verilən aylıq müavinətə çevrildi. Bu, həm də məcburi köçkünləri adaptasiya etmək, özünün özünü saxlamasına təmin etməyə yönəlib. Çünki görürsüz ki, qayıdış prosesi başlayır və həmin addım da prezidentin uzaqgörənliyidir. Birdən-birə həmin insanları yeni tikilmiş əraziyə aparsaq, onlar üçün çətin olardı. Çünki o insanlara burada himayədarlıq edilir, dövlət onlar üçün hər şey edir, birdən-birə qayıdış prosesində onları öz kəndinə qaytaran zaman onlar üçün sərbəst yaşamağa alışmaq çətin olacaq. Buna görə də prezident müavinət sisteminə keçidlə bağlı fərman verdi. Biz sayğac olan yerlərdə məcburi köçkünlərə işıq, qaz və su ilə bağlı adambaşı 36 manat ödəyirik, sayğac qoyulmayan yerlərdə isə Dövlət Komitəsi kommunal ödənişləri özü həyata keçirir, həmin məcburi köçkünlərə isə 20 manat aylıq müavinət verilir. Sayğaclar qoyulduqca, bu da tədricən aradan qaldırılacaq. Məsələn, arada Biləsuvarda elektrik enerjisinə görə narazılıq yaranmışdı, artıq yoluna düşüb. Biz bilirdik ki, bu çətinliklər olacaq, insanlar adaptasiya prosesini keçməlidirlər. Yaxud insanlar ötən dövrdə onlara verilən yardımın hesabına yaşayıb. Ancaq məcburi köçkün həyatından əvvəl o insanlar özü işləyir, yaşayır, ailəsini dolandırırdı. Amma ötən 20 il ərzində insanlar ailəni müstəqil saxlamaq, işləmək vərdişini itirib. Bu vərdiş bərpa olunmalıdır, adaptasiya prosesi keçməlidirlər. Hazırda bu proseslə məşğuluq. Biz beynəlxalq humanitar təşkilatlara deyəndə ki, gəlin belə reabilitasiya proqramları həyata keçirək, deyirlər ki, dünyada belə şeylər yoxdur. Biz də deyirik ki, bilirik, yoxdur, dünyada dəyənəklə qaçqın döymək da yox idi, oldu. Deyirik ki, görürsünüz, Azərbaycan qabağa düşdü, problemləri həll etdi, indi zəhmət çəkin, biz sizə istiqamət veririk, gəlin, iş vərdişinin bərpası ilə bağlı proqramlar, layihələr həyata keçirin. Məcburi köçkünlərin böyük bir hissəsi yeni nəsildir, məcburi köçkünlük həyatında dünyaya göz açıb. Artıq 25 yaşında olan məcburi köçkünlər var. Məcburi köçkün ailələr müxtəlif rayonlarda yerləşib, dil ləhcələri dəyişib, yerləşdikləri rayonların ləhcələrini, həmin rayonun mətbəxini, adət-ənənələrini götürüblər. Kəlbəcərli gəlib Ucarda, Zərdabda, Kürdəmirdə doğulub böyüyübsə, sağlamlıq tərzi, ekoloji mühitdə formalaşması dəyişib. Biz beynəlxalq təşkilatlara deyirik ki, vəzifəniz gəlib yardım etmək, özünüzün də maaş alıb dolanması olmamalıdır. Zəhmət çəkin, o vəsaiti belə layihələrə sərf edin, reabilitasiya layihələri işləyin.
- Ən ciddi problemlərdən biri də məcburi köçkünlərin yerli sakinlərin evində məskunlaşmasıdır. Yerli sakinləri də başa düşmək olar. Onların arasında elələri var ki, öz evləri ola-ola 25-30 ildir, kirayədə yaşayır. Bu problemin aradan qaldırılması üçün dövlət tərəfindən hansı addımların atılması nəzərdə tutulur?
- Zamanında məcburi köçkünlər müəyyən vətəndaşlara məxsus mənzillərdə yerləşiblər. Mən məcburi köçkünlər tərəfindən mənzillərin zəbt olunması fikrinin işlədilməsini yanlış sayıram. O mənzillər zəbt olunmayıb, mən heç vaxt o termini işlətməmişəm. Mətbuata da həmişə demişəm ki, həmin mənzillər zəbt olunmayıb. O zamankı iqtidarın, bugünkü müxalifətin səriştəsizliyi ucbatından insanlar özbaşına xaotik vəziyyətdə hərəsi bir boş yerə yerləşib. Həmin insanlar nə etməli idi? O insanlar məcburi köçkün düşüb, onları qarşılayan, yerləşdirən yox, kim harada bacarıb, ora yerləşib. Məgər bu, zəbt olunmadır? Xeyr. Məsələn, hansı məmur, vətəndaş deyəndə ki, evi məcburi köçkün tərəfindən zəbt olunub, inciyirəm, tez cavab verirəm. Deyirəm ki, bağışlayın, sənin mənzilin zəbt olunmayıb. Amma biz o mənzilləri də boşaltmalıyıq. Söhbət 6 min mənzildən gedir. Biz bu prosesə başlamışdıq. 5 il əvvəl 70-ə qədər mənzili boşaltdıq, lakin sonra maliyyə böhranı, neftin qiymətinin düşməsi ilə əlaqədar vəsaitlə bağlı bu proses dayandı. Maliyyə imkanı yarandıqca məcburi köçkünlərin yerləşdiyi müəyyən vətəndaşlara məxsus mənzillərin boşaldılması prosesi yenidən başlanacaq.
Həmin mənzillərin sahibi olan insanların da günahı yoxdur, onları da başa düşürəm. Həmin insanlar 20-30 il növbədə durub, mənzil alıb, yarımçıq olan zaman, yaxud mənzilin orderini almazdan əvvəl məcburi köçkün orada yerləşib. Hətta o məsələni mən qaldırıram ki, gəlin o mənzilləri boşaldaq, məcburi köçkünləri yeni mənzillərə köçürək, yerli əhali ilə məcburi köçkünlər arasında münaqişə yaranmasın. Görürsünüz ki, dövlət bu məsələlərə diqqət ayırdığı üçün bizdə münaqişə yaranmır.
Yaxud başqa bir məsələyə diqqət çəkmək istəyirəm. Mən Humanitar Komissiyanın sədriyəm, beynəlxalq təşkilatlar köçkünlər üçün proqramlar həyata keçirirlər. Tutaq ki, bir kənddə məcburi köçkünlər üçün su çəkirlər. Mən onları çağırıb soruşuram ki, nə qədər vəsaitin var. Deyir ki, 100 min dollar vəsait var, 6 artezian quyusu qazılacaq. Deyirəm ki, artezian quyularından 4-nü məcburi köçkünlər, 2-ni kənd əhalisi üçün qazılsın, beləliklə də kənd əhalisi ilə məcburi köçkünlər arasında münaqişə yaranmasın.
O qədər belə həssas problemlər var ki, danışmaqla qurtaran deyil. Biz bu problemləri beynəlxalq təşkilatlar qarşısında qaldırırıq, hər il Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Ali Komissarlığının İcraiyyə Komitəsində çıxış edirəm. Gəlib burada məcburi köçkünlər üçün salınmış gözəl şəhərcikləri görürlər, hesab edirlər ki, artıq heç nə lazım deyil. Mən çıxışlarımda deyirəm ki, xeyr, beynəlxalq təşkilatlar Azərbaycanda qalmalıdır. Bəzi beynəlxalq təşkilatları biz özümüz ölkədə saxladıq, vəsait ayırmırdılar. Çünki ərazilərimiz işğaldan azad ediləndən sonra o beynəlxalq təşkilatlar bizə lazım olacaq. Prezident də bu məsələdə dəstəyini ifadə edir.
- Məcburi köçkünlər arasında onlara verilən evlərin müxtəlif yollarla başqalarına satması faktlarının mövcudluğu barədə məlumatlar yayılır. Bu işdə müxtəlif dəllalların da aktivlik göstərdiyi bildirilir. Komitə tərəfindən bu məlumatlar yoxlanılıbmı, belə hallar aşkarlanıbmı?
- Sumqayıtda həm birinci katib, həm də şəhər İcraiyyə Komitəsinin sədri işləyərkən həm mənzil tikintisi, həm də mənzil bölgüsü mənim səlahiyyətimdə idi, bu sahədə təcrübəm vardı. O dövrdə də müxtəlif fırıldaqlarla qarşılaşırdım və bu fırıldaqların qarşısını alırdım. Məcburi köçkünlərin mənzil bölgüsündə də müəyyən hallara rast gəlinir. Tutaq ki, bir yerdə qeydiyyatdadır, başqa bir yerdə özünə ev alıb, ancaq əşyasının bir qismini saxlayıb. Köçürülmə məqamında gəlib orada oturur.
Mənzil satma məsəlinə gəlincə, mənim çalışdığım 20 il ərzində bir nəfər bunu sübut edə bilməyib. Amma mənzillərin satılması halları var. Bu necə olur? Məcburi köçkünlər öz aralarında gizli şəkildə bunu edirlər. Tutaq ki, haradasa özünə ev tikib, ev alıb, gedib özünə bir müştəri tapır, gecə əşyaları evə yağır, heç kimin də xəbəri olmur. Pulunu da alıb, çıxıb gedir. Səhər mənzil istismar sahəsi gedib görür ki, mənzildə başqası yaşayır. Qanun da onu o mənzildən elə-belə çıxarmağa yol vermir. Gərək məhkəməyə verəsən. Məhkəməyə veririk, illərlə bizi süründürürlər. Belə şeylər var, mənzil satmaq sözü də oradan çıxır.
Dələduzluq halları da var, komitə olaraq bununla özümüz mübarizə aparırıq. Məsələn, Ağdam köçkünü olan qadın mənzil vermək adı ilə 40 nəfərdən 350 min manat yığmışdı. Həmin qadın məhz bizim hüquq-mühafizə orqanlarına müraciətimiz əsasında həbs edildi. Yaxud Cəbrayıldan məcburi köçkün olan daha bir qadın və iki nəfər köməkçisi də həmin sistemlə məcburi köçkünlərdən 150 min manat almışdı. Bakıda bu işlərlə məşğul olan xüsusi qrup, şəbəkə vardı, həmin şəbəkəni özümüz ifşa edib, hüquq-mühafizə orqanlarına lazımı məlumatları təqdim etdik. Biz bu məsələ ilə bağlı həm hüquqi tədbir görülməsinə, həm də ictimai qınaq yaradılmasına çalışırıq.
- Yeni qaydaya əsasən, aylıq müavinətin şamil edilməyəcəyi məcburi köçkün statusu olan şəxslər müəyyənləşdirilib. Bu qərardan sonra aylıq müavinət alan və almayan məcburi köçkünlərin sayı necə dəyişib? Müavinət alanların hansı hissəsi 36 manat, hansı hissəsi 20 manat alır?
- 403 min məcburi köçkün 36 manat, 102 min məcburi köçkün 20 manat aylıq müavinət alır. 40 minə qədər məcburi köçkünə isə aylıq müavinət şamil edilmir.
MilliYol.Az
Digər xəbərlər
loading...