Ötən gün Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb. 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib.
Qadının anası Şəhla Qocayevanın anspress-ə verdiyi məlumata görə, qızının hamiləliyinin 7 ayının tamamlanmasına sayılı günlər qalmışdı. Lakin vaxtından öncə sancıları tutuduğu üçün xəstəxanaya aparılıb. Gənc qadının əkiz övladı doğulub. Onlardan biri qız, digəri isə oğlan olub. Lakin körplərdən biri - oğlan ölüb. Digərinin vəziyyəti isə ağırdır.
"Qızımın ağrıları 10 gün öncə başlamışdı. Həkim körpələri dünyaya gətirəcəyini boynuna götürmüş, bizə söz vermişdi. Heç olmasa deyərdi ki, vəziyyəti ağırdır Şəki və ya Bakıya aparın".
Ş.Qocayeva körpələrdən digərinin də vəziyyətinin olduqca ağır olduğunu deyib. Həkimlər isə ölüm faktını erkən doğuşla əlaqələndiriblər.
Bərdə xəstəxanasının baş həkimi Tünzalə Quliyeva isə deyilənləri təkzib edib: "Aysel Qocayevanın ötən gecə dünyaya gətirdiyi əkizlərdən biri doğuş zamanı dünyasını dəyişsə də, digərinin vəziyyəti stabildir. Ana 15 gün əvvəl zəhərlənmə diaqnozu ilə xəstəxanamıza müraciət etmişdi. O, özü kolbasadan zəhərləndiyini desə də, yoldaşı qadının dərman ataraq zəhərləndiyini bildirmişdi. Xəstəxanamızdan da müalicəni yarımçıq qoyub qaçmışdı. Hətta, onun arxasınca polis də göndərmişdik. Ötən gecə isə ananın ağrıları tutub. O, hamiləliyin 31-32-ci həftəliyində idi".
T.Quliyeva gənc qadının xəstəxanaya gələrkən artıq doğuşa hazır olduğunu deyib. Dərhal doğuş həyata keçirilib.
Baş həkimin sözlərinə görə, hazırda sağ qalan uşağın müalicəsi üçün xəstəxanada kifayət qədər şərait var, amma lazım gələrsə, o, Bakıda göndəriləcək.
Xatırladaq ki, bənzər hadisə ötən ay Salyanda da qeydə alınıb. Salyanda doğulan üçəmlərdən ikisi rayon xəstəxanasında dünyasını dəyişib.
Salyan şəhər sakini Abdullayeva Mirzabitə İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşdan sonra üçəmlərdən ikisi ölüb.
Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb.
Körplərdən biri isə Bakıya gətirilib. Lakin həkimlərin bütün müdaxiləsinə baxmayaraq o da keçinib.
MilliYol.Az
Digər xəbərlər
loading...