Daha bir direktor isə infarktdan öldü; prokurorluq intihar həddinə çatdırma maddəsi ilə cinayət işi başlayıb
Dekabrın 21-də Göyçay rayonunda məktəb direktoru Akif Qəribovun intihara cəhd etməsi müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan iddialara görə, direktor ondan yüksək məbləğdə pul tələb olunduğuna və bu məbləği verə bilmədiyinə görə özünə qəsd edib.
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı Göyçay Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, hadisə ilə bağlı bütün məlumatlar Təhsil Nazirliyinə göndərildiyi üçün mətbuat üçün açıqlama olmayacaq: “Nazirliyin özü saytlarında açıqlama yerləşdirəcək. Başqa heç nə deyə bilmərik”.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da olayın cinayət işi olduğunu, bunun üçün də nazirliyin açıqlama verməyəcəyini bildirib:
“Eldar Sultanov da (Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri) bildirdi ki, olayla bağlı cinayət, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Ona görə də sırf cinayət işi olduğu üçün bu məlumat bizim üçün kifayətdir. Yalnız araşdırma aparıldıqdan sonra detallar məlum olacaq”.
Cəsarət Valehov direktorun pul tələbinə görə özünə qəsd etməsi ilə bağlı yayılan iddiaları şayiə adlandırıb:
“Bütün bunlar şayiələrdir. Bildiyiniz kimi, iddialar, şayiələrlə iş araşdırılmır. Bəlkə kimsə ona xəsarət yetirib və ya sui-qəsd edib? Mətbuat da sosial şəbəkələrdə yayılan məlumatların əsirinə çevrilib”.
Xatırladaq ki, məktəb direktoru Akif Qəribov dekabrın 21-i axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan A.Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Əməliyyat olunan direktorun hazırda vəziyyəti ağır olaraq qalır. Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.
Göyçay rayonunda daha bir məktəb direktoru isə ürək tutmasından dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çayarxı kənd tam orta məktəbinin direktoru, 1954-cü il təvəllüdlü Mübariz Şamilov iş otağında infarkt keçirib.
O, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan direktor ikin tibbi yardımdan sonra müalicə üçün Bakı şəhərinə aparılsa da, orada dünyasını dəyişib.
Məktəb direktoru Mübariz Şamilovun maddi cəhətdən sıxıntısının olduğu, bu səbəbdən də bir müddətdir, özünü narahat hiss etdiyi bildirilir. (musavat.com)
Digər xəbərlər
loading...