Dövlətdən və qanundan qorxmayan kimlərdir?
Korrupsiya istənilən cəmiyyət üçün təhlükəli prosesdir və onun miqyası genişləndiqcə həmin cəmiyyətlər nəinki inkşafdan qalır, hətta sahib olduqları dəyərləri də itirirlər. Korrupsiya inkişafı əngəlləyən ağır bir amildir və özünün təsir gücünə görə bir ölkənin uzun müddət altından çıxa bilməyəcəyi dağıdıcı silahdır.
Bir qədər də obrazla ifadə etsək, deyə bilərik ki, təpədən dırnağa qədər korrupsiyaya uğramış məmurla eyni səviyyədə, yəni təpədən-dırnağa qədər silahlanmış terrorçu arasında elə bir ciddi fərq yoxdur. Biri insanları fiziki cəhətdən sıradan çıxarırsa, digəri bir tərəfdən cəmiyyətin dəyərlər sistemini hədəfə alır, bir tərəfdən də insanların təminatlı həyat və təminatlı gələcək haqqını alindən alır. Qısası, korrupsiya terrorun qansız-qadasız həyata keçirilən formasıdır!
Elə şeylər var ki, gözlə görünür...
... Görünür yuxarıda qeyd etdiyimiz həqiqətləri Əmlak Məsələləri Dövlət Komitəsində heç də hamı dərk etmir. Eləsəydilər bu gün vətəndaşlar qeyd etdiyimiz xüsusda daha çox məhz bu qurumdan şikayətlənməzdilər. Bu gün mətbuatda fəaliyyəti neqativ hallarla zəngin olan qurumlar sırasında Əmlak Komitəsi az qala birincidir. Niyə? Yəni doğrudanmı Komitə təmsilçilərinin iddia etdiyi kimi, şikayətlər qərəzdən irəli gəlir? Bunun biri qərəzli oldu, ikisi oldu, üçü, dördü, beşi oldu. Axı biz kütləvi şikayətlərdən danışırıq. Mümkün deyil ki, hamı Əmlak Komitəsinə qarşı qərəzli olsun. Həm də niyə olsun ki? Elə şeylər var ki, gözlə görünür və insanların hansı səbəbdən şikayət etdiyi kənardan aydın şəkildə müşahidə olunur. Bəli, bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin ayrı-ayrı əməkdaşları dövlətin və bilavasitə cənab Prezidentin elan etdiyi fəaliyyət istiqamətlərindən xeyli uzaqlaşıblar və nə qədər təəssüfləndirici olsa da bu uzaqlaşmada dövlətə və prezidentə qarşı atılmış addım kimi qiymətləndiriləcək xeyli xoşagəlməz davranışlar var.
DÖVLƏT BABAnın sərt üzü
Dövlətimizin gəlirlərinin azaldığı, Prezidentin alternativlər axtarışı yönündə zəhmətə qatlaşdığı bir dövrdə hamının məhz bu istiqamətdə çabalar göstərməsi tələb olunur. Dövlət başçısı keçirdiyi az qala bütün müşavirələrdə məmurlara üz tutaraq, onları rüşvətdən uzaq durmağa, korrupsiya əməllərinə bulaşmamağa çağırır. Açıq şəkildə deyir ki, insanları incitməyin, onların problemlərini həll edin, özünüzü vətəndaşlardan yüksəkdə tutmayın, qanunlara, qaydalara əməl edin. Bunu qulaq ardına vuranlar olursa, o zaman DÖVLƏT BABA sərt üzünü göstərir və həmin “sözə baxmayan” məmurların qoluna qandal vurulur. Buna misal olaraq MTN çetesinin, Rabitə mafiyasının aqibətini göstərə bilərik. Vətəndaşların min bir əziyyətlə qazandığı vəsaitlərə, onların ev-eşiyinə qənim kəsilən cinayətkar dəstə bu gün dəmir barmaqlıqlar arasında inləyir... Dünənin rüşvətxor məmuru bu gün “balanda”ya möhtac vəziyyətdədir. Amma bütün bunlar olmaya bilərdi. Vətəndaşların sonuncu qəpiyinə də göz dikilməsəydi, onların malı-mülkü əlindən alınmasaydı, iş qurmaq istəyənlərdən adi kağız parçasına görə rüşvət tələb olunmasaydı indi kimsə həbsxana divarları arasında azadlıqdakı günlərinin xiffətini çəkməzdi... Bu yerdə avtomatik olaraq belə bir sual meydana çıxır: Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi əməkdaşları bütün bu kimi hadisələrdən nəticə çıxarmırlarmı? Vətəndaşları süründürərkən, iş adamlarından qeyri-qanuni nələrsə tələb edərkən qorxmurlarmı ki, DÖVLƏT BABA onların da əlini kəsər? Yəni doğrudanmı heç olmasa indiki dönəmdə rüşvəti yığışdırmaq mümkün deyil? Yəni doğrudanmı hörmətli Kərəm Həsənov tabeçiliyində olan şəxslərin əməlindən xəbər tuta bilmir? Axı bu ölkədə az qala hamı Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdiri Fərahim Mirzəyevin fəaliyyətindən məlumatlıdır. Bu adam barədə müsbət fikirlərə rast gəlmək çətindir. Adıçəkilən komitəyə üz tutan vətəndaşlar bu adamın əlindən dad edirlər. Mətbuata müraciət edənlər F.Mirəzyevin Əmlak Komitəsinin işinə həqiqətən də kölgə saldığını və onun vətəndaşlarda bu qurumun korrupsiya yuvasına çevrildiyi barədə təsəvvürlər yaradan əsas adamlardan biri olduğunu bildirirlər. Üstəlik, bu adam hər yerdə və hər kəsə deyir ki, arxasında Kərəm Həsənov dayanıb və ona heç kim “gözün üstə qaşın var” deyə bilməz. Biz yenə də inanmırıq ki, F.Mirzəyevin əməllərindən hörmətli Kərəm müəllimin məlumatı var. Amma artıq bir çoxlarında F.Mirəzyevin Komitə sədrinin “sağ əli” olması barədə fikir formalaşıb və bizə qəribə gələn odur ki, hörmətli K.Həsənov hələ də məsələlərə müdaxilə edib, barəsində mətbuatda çoxsaylı yazılar yer alan adamın fəaliyyətini araşdırmır. Məntiqlə K.Həsənov çoxdan narahat olmalı və rəhbərlik etdiyi Komitənin imicinin qayğısına qalaraq F.Mirzəyevi məşəl ayağına çəkməli idi. Amma çəkmir, ondan gözlənilən addımları atmır və nəticədə F.Mirzəyev öz ənənələrini TAM SÜRƏTLƏ davam etdirir.
Od olmayan yerdən tüstü çıxmır...
Yuxarıda qeyd etdik. Barəsində mənfi fikirlər söylənilən, rüşəvət almaqda və korrupsiya əməllərində ittiham olunan şəxslər əksər hallarda bunu özlərinə qarşı qərəz kimi qiymətləndirirlər. Rabitə mafiyasının təmsilçiləri də var idi ki, uzun illər mətbuatda tənqid olundular. Hamısı bir ağızdan deyirdilər ki, mətbut şər-şəbədə yazır. Nəticədə hamı bir daha əmin oldu ki, OD OLMAYAN YERDƏN TÜSTÜ ÇIXMAZ! İndi bu yazıları da ola bilər ki, Əmlak Komitəsində qərəzli hesab etsinlər və biz buna tamamilə təbii yanaşacağıq. Əslində isə hansısa qərəzdən söhbət gedə bilməz. Biz dövlətimizin təəsübkeşiyik və yazdıqlarımız da ancaq narahatlığımızdan irəli gəlir. Biz görürük ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdiri Fərahim Mirzəyev özünü uçuruma aparır və fəaliyyətilə insanları hökumətdən narazı salır. Biz onu da görürük ki, komitəyə müraciət edənlər məhz F.Mirəzyevin kabinetinə tərəf istiqamətləndirilir və oradan çıxanların fəryadı göylərə ucalır. Bu şəkildə nə qədər davam etmək olar? F.Mirəzyevin fəaliyyəti Kərəm Həsənovun diqqətini çəkmirsə bir gün mütləq dövlətin əlaqədar qurumlarının diqqətini çəkəcək. Özünün vətəndaşları narazı salması azmış kimi, F.Mirəzyev ƏMDK-nin Ərazi şöbəsinin rəisi Elbrus Eminovun da əlinə “qılınc” verib ki, qarşısına çıxıb balaca bir sənəd istəyənin “başını kəssin”. Şikayətçilər iddia edirlər ki, Elbrus Eminov ağına-bozuna baxmadan, heç nədən çəkinmədən, aqibətinin ağır ola biləcəyindən ehtiyat etmədən vətəndaşların müraciətlərinə qanunun tələb etdiyi formada deyil, ağsaqqalı F.Mirzəyevin instruktajına uyğun olaraq yanaşır. Bu instruktaj isə çox ağır tələbləri ehtiva edir və vətəndaşlar əslində qanunla almalı olduqları səndləri əldə etmək üçün “NORMADAN” ARTIQ DƏRƏCƏDƏ “TƏRLƏYİRLƏR”...
MTN çetesinə dost olanların bu günü...
Biz bu Elbrus Eminovun kimliyini də araşdırdıq. Məlum oldu ki, o, Dövlət Reystr Xidmətinin keçmiş rəisi Damət Bağırovun qaynıdır. O Damət Bağırovun ki, hələ indi də haqqında “əfsanələr” gəzir. Onun MTN çetesi ilə əlaqələri barədə bu gün də mətbuatda müxtəlif yazılar dərc olunur. Ümumiyyətlə, Reystr Xidmətinin keçmiş MTN-lə əlaqələri barədə olduqca ciddi ittihamlar var və təsadüfi deyil ki, Damət Bağırovdan sonra Reyst Xidmətinə rəhbərlik etmiş Məhəmməd İmanov MTN işi ilə bağlı həmin vəzifədən kənarlaşdırıldı, yol verilmiş korrupsiya və sənəd saxtalaşdırma əməlləri araşdırma predmetinə çevrildi. Damət Bağırov isə rəis kimi fəaliyyətinə son qoyandan sonra İqtisad Universitetində təlim və tədris texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olundu və onun oradakı fəaliyyəti barədə yazılanları oxuduqca adamın tükləri biz-biz dayanır(Bu məsələyə başqa bir yazıda toxunacağıq). D.Bağırovun Rabitə mafiyası ilə əlaqələri barədə də kifayət qədər iddialar var və bu iddialar əsasən onun sabiq aparat rəhbəri Vidadi Zeynalovla SIX ƏMƏKDAŞLIĞI xüsusundadır. Ümumiyyətlə, D.Bağırov barədə kiçik bir araşdırma apararkən məlum etdik ki, onun Reystr Xidmətindəki fəaliyyəti hələ də yaddaşlardan silinməyib. Məlumatlı şəxslər iddia edirlər ki, Damət Bağırovun vaxtında dövlət müəssisələrinin özəlləşdirilməsi, Reyestr Xidmətində qeydiyyatdan keçirilmə kimi “əməliyyatlar” həyata keçirilib və əgər həmin dövr ciddi şəkildə araşdırılarsa ortaya dəhşətli faktlar çıxacaq...
Day-dayın qaranlıq taleyi...
Sadaladığımız hallar vətəndaşlarda Əmlak Komitəsində təsadüfi adamların işləmədiyinə dair qənaətləri möhkəmlədir və aydın olur ki, məsələn, Fərahim Mirzəyevin istək və arzularına uyğun şəkildə fəaliyyət göstərən Ərazi şöbəsinin rəisi Elbrus Eminov da YERƏ-GÖYƏ sığmayan TƏLƏBLƏR irəli sürərkən məhz öz DAY-DAYLARINA arxalanır. Amma biz o DAY-DAYIN özünün taleyinin qaranlıq olduğunu göstərən bir neçə məsələyə toxunduq. Növbəti yazılarda həm Damət Bağırov, həm də onun qaynı olan ərazi şöbəsinin rəisi Elbrus Eminovla oxucuları daha yaxından tanış edəcəyik. Bundan başqa Fərahim Mirzəyevin istəyi ilə Elbrus Eminovun vətəndaşlardan nələr tələb etdiyini də açıq şəkildə göstərəcəyik. Özü də SİYAHI üzrə! Ümid edirik ki, nəhayət əlaqədar dövlət qurumları adıçəkilən şəxslərin fəaliyyətini ciddi nəzarət altına götürəcəklər.
Bu dövlətə qənim kəsilənlər, Prezidentin tapşırıqlarına əməl etmək istəməyənlər mütləq bunun bədəlini ödəyəcəklər. Sadəcə geci-tezi var!
Mənbə: AzMedia.info
MilliYol.Az
Digər xəbərlər
loading...