Azərbaycanın Baş nazirinin sabiq birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov “Ölkə.Az” xəbər portalına müsahibə verib
Həmin müsahibəni oxuculara təqdim edirik:
“2018-ci ildə bank sistemi daha da sağlamlaşdırılmalıdır”
– Artıq 2017-ci il başa çatır. Bu il ərzində Azərbaycan iqtisadiyyatının inkişafını necə təhlil edərdiniz?
– 2017-ci il Azərbaycan dövləti və xalqı üçün müəyyən qədər uğurlu il olub. İlk növbədə əmin-amanlıq və sabitlik hökm sürüb.
Bilirsiniz ki, artıq Azərbaycan dünyada sabit ölkə kimi də imic qazanıb. Bu il siyasi sahədə elə böyük ciddi uğurlarımız olmasa da, ancaq ölkəmizdə sabitliyin qorunub saxlanılması çox vacib əhəmiyyət daşıyır. Yəni, bu sabitlik və əmin-amanlıq olmasa, Azərbaycana investisiya qoyan dövlət tapılmaz. Nəticədə də Azərbaycan xalqı çox əziyyət çəkər. Sabitliyin qorunub saxlanılması Azərbaycan Prezidentinin apardığı xarici siyasətin nəticəsidir. Bu səbəbdən də Azərbaycan öz müstəqilliyini və sabitliyini qorumağa nail olur.
Bu il iqtisadi sahədə də Azərbaycanın müəyyən uğurları olub. Ölkə iqtisadiyyatında mövcud olan və bizi narahat edən bir sıra problemlər 2017-ci ildə müəyyən qədər öz həllini tapıb. Bilirsiniz ki, 2016-cı ilin dekabrında cənab Prezident tərəfindən qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün “Strateji Yol Xəritəsi” imzalanıb. Bu sənədin icrasına da 2017-ci ilin əvvəlindən başlanılıb. Yəni, 11 sahə üzrə Azərbaycan iqtisadiyyatının inkişafını nəzərdə tutan proqram artıq icra olunmaq üzrədir. Hesab edirəm ki, 2017-ci il nə qədər çətin il və müəyyən problemlər olsa da, Azərbaycan öz milli valyutasını qoruyub saxlamağa nail oldu. Əlbəttə ki, milli valyutanın qorunub saxlanılması Azərbaycanda sahibkarlığın inkişafına da yaxşı şərait yaratdı. Artıq Azərbaycanda sahibkarlığın inkişafı üçün normal şərait yaradılıb.
Bundan əlavə, Milli Məclis 2016-cı ilin sonunda Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi üçün bir sıra qanunlara, Vergi Məcəlləsinə əlavə və dəyişiklik etmişik. Bütün bunlar da 2017-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafına öz müsbət təsirlərini göstərib.
2017-ci ildə cənab Prezident İlham Əliyev prioritet kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini Azərbaycan hökumətinin qarşısında qoydu. Buna da müəyyən qədər nail olundu. Bu ilin 11 ayının yekunları da onu göstərir ki, Azərbaycanda qeyri-neft sektoru ciddi inkişaf etməyə başlayıb. Xüsusuilə də idxal-ixrac əməliyyatlarına baxsaq, görərik ki, Azərbaycanda 2017-ci ildə ölkəmizin ticarət balansında 2 milyarda yaxın müsbət saldo yaranıb. Bu da ixracın idxalı üstələməsini bir daha sübut edir.
Bu il Azərbaycanın kənd təsərrüfatı sahəsində də müəyyən irəliləyişlər əldə edilib. Kənd təsərrüfatı məhsullarının ixracında artım olub, bu məhsulların ixracı artıb və sairə. Bütün bu sahələrdə müşahidə olunan inkişaf Azərbaycan iqtisadiyyatı üçün də müsbət töhfələr verir.
Bizim üçün ən əhəmiyyətli hadisələrdən biri də 2017-ci il üçün ən aktual məsələ olan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin açılışı oldu. Bu layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyəti var.
Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsinin siyasi cəhətdən əhəmiyyəti odur ki, Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir. Digər tərəfdən isə bu layihə Avropa ilə Asiyanı birləşdirən dəmiryoludur. Vaxtilə bu dəmiryolunun çəkilişi məsələsi gündəmə gələndə, buna xarici ölkələrdən böyük etirazlar var idi. Ancaq bu layihə Azərbaycan dövlət başçısının siyasi iradəsi və böyük səyi nəticəsində reallaşdı. Artıq Bakı-Tbilisi-Qars dəmiryolu işləyir. Vaxt gələcək ki, bu dəmiryolu vasitəsilə 10 milyon tonlarla yük daşınacaq. Artıq Rusiya, İran, Orta Asiya dövlətləri və digər ölkələr də bu layihəyə qoşulmaq niyyətindədirlər.
Ümumiyyətlə, mən hesab edirəm ki, 2017-ci ildə ümumi daxili məhsulun həcmində böyük artım olmasa da, amma bir sıra sahələrdə üstünlüklərə nail olduq.
2015-ci ildə baş verən devalvasiyadan sonra bizi ən çox narahat edən məsələlərdən biri bank siteminin sağlamlaşdırılması idi. Ona görə də 2017-ci ildə bu sahədə bir sıra addımlar atıldı. Doğrudur, bu sahədə problemlər hələ də qalsa da, amma son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatası bu sahəyə diqqətini artırıb. Yəni, əhalinin banklara olan borcunun qaytarılması ilə əlaqədar müsbət nəticələr var. Hesab edirəm ki, 2018-ci ildə bank sistemi daha da sağlamlaşdırılmalıdır.
“Fazil Məmmədov kifayət qədər təcrübəli kadrdır”
– Bu il dekabrın 5-də Prezidentin sərəncamı ilə Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad edilib. Bu addım sahibkarlığın inkişafına hansı töhfələr verə bilər?
– Bilirsiniz, vergi sistemi çox ağır sahədir. Dünyada da normal vergi sistemini qurub həyata keçirtmək asan məsələ deyil. Biz cəmi 26 ildir ki, müstəqillik əldə etmişik. Bu dövr ərzində də vergi sistemində müəyyən islahatlar aparılıb, Azərbaycanda Vergi Məcəlləsi qəbul olunub, vergi orqanları yaradılıb, elektron vergi sistemi həyata keçirilib və sairə. Bütün bu işlərin görülməsində keçmiş nazir Fazil Məmmədovun rolunu xüsusi qeyd etmək istəyirəm. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq Fazil Məmmədovla əməkdaşlıq etmişik. O, kifayət qədər təcrübəli kadrdır. Çünki Fazil Məmmədov həm bank sistemini, həm də vergi sistemini yaxşı bilirdi. Ona görə də mən Fazil Məmmədovun təcrübəsini inkar edə bilmərəm. Ancaq cənab Prezident İlham Əliyevin sərəncamı ilə Fazil Məmmədov tutduğu vəzifədən azad edilib və onun yerinə Mikayıl Cabbarov vergilər naziri təyin olunub.
Ümumiyyətlə, Mikayıl Cabbarov hələ təhsil naziri olan zaman islahatçı nazir imicini yarada bilib. Hesab edirəm ki, vergilər naziri nə qədər çətin vəzifə olsa da, Mikayıl Cabbarov bu sahədə də uğurlar əldə edə biləcək. Vergi sitemində islahatlara böyük ehtiyac var. Bu sahədə həm kadr, həm də vergi sistemi ilə əlaqədar digər islahatlar həyata keçirilməlidir.
“Azərbaycanda sahibkarlığın inkişafı üçün vergi sistemində islahatlara böyük ehtiyac var”
– Azərbaycanda sahibkarların ən çox şikayətləndiyi qurumların arasında Vergilər Nazirliyi öndə gedir. Sizcə, Mikayıl Cabbarovun nazir olduğu dövrdə vəziyyət düzələcəkmi?
– Ümumiyyətlə, Azərbaycanda bu mənzərəni tamamilə dəyişmək lazımdır. Siz bayaq qonşu Gürcüstanın vergi sistemindən nümunə çəkdiniz. Mən Gürcüstanın vergi sistemi ilə də tanışam. Mən Gürcüstandakı vergi sistemini müsbət tendensiya kimi qəbul edirəm. Bu ölkədə sahibkarların vergilərlə bağlı şikayətləri çox az olur. Əksinə, Gürcüstanda hər hansı iş qurmaq istəyən iş adamına vergilərdən xahişlər, təşəkkürlər edilir, incitmə halları olmur və sairə. Bütün bunlar yaxşı tendensiya yaradır. Düşünürəm ki, Azərbaycanda da yeni təyin olunan vergilər naziri Mikayıl Cabbarov bu təcrübədən istifadə edəcək və müəyyən islahatlar həyata keçirəcək.
Azərbaycanda elə bir sistem yaratmaq lazımdır ki, insanlar vergini rahatlıqla və sərbəst şəkildə gedib ödəsinlər, vergidən yayınmasınlar. Vergiləri də yüngülləşdirmək lazımdır. Misal üçün, yeni iş quran sahibkara birdən-birə bir neçə vergi deyil, bir və ya iki vergi tətbiq etməklə, onu qorumaq olar. Bununla həm biznes mühiti canlanar, həm də dövlət büdcəsinə gəlirlər gələr.
Digər bir təklifim isə odur ki, Azərbaycanın Vergilər Nazirliyində sahibkarlarla “açıq qapı” olmalıdır, heç bir məsələ bağlı qalmamalıdır, əhali və sahibkarlarla çox ciddi işlənməlidir. Azərbaycanda sahibkarlığın inkişafı üçün vergi sistemində islahatlara böyük ehtiyac var. Biz bu məsələ ilə bağlı vaxtilə Vergilər Nazirliyinə təkliflər də göndərmişik. Yəqin ki, yeni nazirə də təkliflərimiz olacaq və Mikayıl Cabbarovla müəyyən görüşlər keçirib, bu məsələləri müzakirə edəcəyik.
Ümumiyyətlə, Azərbaycan xarici investorlar üçün də cəlbedici ölkə sayılır. Bir çox xarici və beynəlxalq şirkətlər Azərbaycana iri həcmli investisiya vəsaitləri qoyurlar.
Eyni zamanda Azərbaycan dövləti də xarici ölkələrə investisiya vəsaitləri yatırır. Bu gün bizim investorlarımız var ki, onlar Özbəkistana, Qazaxıstana, Gürcüstana və digər ölkələrə investisiya yatırırlar. Həmin investorlara elə şərait yaradılmalıdır ki, onlar həmin vəsaitləri daha çox Azərbaycana qoysunlar və sairə.
Bir məsələni də qeyd edim ki, son vaxtlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı ölkəmizin qoyulan investisiyanın nəticəsində mümkün olub. Əvvəllər biz xaricdən Azərbaycana həddindən çox məhsul idxal edirdik. Artıq bunun həcmi azalmağa başlayıb. Bu da müsbət tendensiyadır.
Azərbaycanda sənaye parkları və azad ticarət zonası yaradılır. Bir neçə ildən sonra Azərbaycan öz məhsullarını xaricə daha çox ixrac edəcək. Hazırda həmin sahələrə böyük investisiyalar qoyulur. Bir neçə ildən sonra Azərbaycanda qeyri-neft sektoruna qoyulan investisiyanın uğurlu nəticələrini görəcəyik.
Son dövrlər Azərbaycanda insanların paytaxtdan rayonlara axını güclənib. Bu da cənab Prezidentin kənd təsərrüfatına diqqətinin nəticəsidir.
Son illər Azərbaycanın kənd təsərrüfatı məhsullarında böyük artım hiss olunur. Dövlət tərəfindən kənd təsərrüfatına böyük diqqət ayrılır. Əhalidə də bu sahəyə maraq böyükdür. İstifadə olunmayan torpaqlarla bağlı da qanun qəbul olunub. Torpaqları zəbt edib boş saxlamaq olmaz. Onu əkib becərmək laızmdır. Əks halda onun vergisi verilməlidir ki, torpaqlar boş saxlanılmasın. Bütün bunlar Azərbaycanda kənd təsərrüafatının inkişafına müsbət təsir göstərir.
Digər sevindirici məqam odur ki, rayonlarda vəziyyət 10-15 il əvvəlki vəziyyətlə eyni deyil. İndi rayonlarda infrastruktur yaradılıb, qaz, elektrik və su təminatı var, yollar salınır. Ona görə də rayonlara investisiya qoymaq rahatlaşıb. Bu səbəbdən də əhalinin böyük əksəriyyəti daha rayonlardan şəhərə deyil, şəhərdən rayonlara axın edir, kəndlərdə torpaq sahələri alıb əkib-becərirlər.
Hazırda Azərbaycanın 33 rayonu dövlət büdcəsindən dotasiya almadan özünü saxlayır. Bu rayon və şəhərlər siyahısına Bakı və Sumqayıt da daxildir. Təbii ki, bu da dövlət başçımızın apardığı uğurlu siyasətin nəticəsində mümkün olub. Hesab edirəm ki, digər şəhər və rayonlar da dövlətdən vəsait almadan özünü saxlamağı bacarmalıdır. Bu da həmin rayon və şəhərin icra başçılarının bacarığından asılı olan məsələdir. Əgər icra başçıları rəhbərlik etdikləri rayonlara investisiya cəlb edə bilərlərsə, bu onlar üçün də başucalığı olacaq. Necə ki, hazırda 33 rayon və şəhərdə bu mümkün olub.
“Azərbaycana hər hansı mal gətirəndə, bunun gömrük rüsumu və vergi faziləri təqribən 37-38 faizə çatır”
– Azərbaycanda sahibkarların ən çox şikayət etdiyi qurumlardan biri də gömrük sistemilə bağlıdır. Bu sahədə nə kimi islahatların aparılmasına ehtiyac görürsünüz?
– Açığı deyim ki, artıq gömrüklə bağlı vəziyyət bir qədər yaxşılaşıb. Çünki cənab Prezidentin göstərişilə gömrük sistemində şəffaflığın təmin edilməsi üçün bir sıra addımlar atılıb. Bunun nəticəsində də bir sıra narazılıqlar aradan qaldırılıb. Amma gömrük sistemində problemlər hələ də qalmaqdadır. Azərbaycana hər hansı mal gətirəndə, bunun gömrük rüsumu və vergi faziləri təqribən 37-38 faizə çatır. Təbii ki, bu da insanlarda, sahibkarlarda narazılıqlar yaradır. Ona görə də biz təklif etmişik ki, gömrük mallarında əlavə dəyər vergisinə baxılsın və diferensiallaşdırılmış vergi sistemi tətbiq edilsin. Misal üçün, avtomobil, mebel, qızıl və digər bu kimi malların vergisini yüksəltmək olar. Ancaq gündəlik tələbat mallarının, ərzaq məhsullarının vergisini azaltmaq lazımdır. Yəqin ki, yeni vergilər naziri tərəfindən bu məsələ müəyyən qədər nəzərə alınacaq.
“Sərhəd zonada yaşayan əhaliyə 20-25 kiloqrama qədər gündəlik tələbat mallarını gömrükdən rahat keçirməsinə şərait yaradılmalıdır”
– Sərhəd keçid məntəqələrinə yaxın ərazidə yaşayan insanlar gündəlik tələbat mallarını qonşu ölkələrdən alıb gətirən zaman gömrük məntəqələrində bir sıra problemlərlə üzləşirlər. Bu problemin həllini nədə görürsünüz?
– Bəli, gömrük məntəqələrində bu cür problemlər mövcuddur. Bununla əlaqədar olaraq bizim də təkliflərimiz olub. Ümumiyyətlə, İran, Türkiyə, Rusiya və Gürcüstanla sərhəd zonada yaşayan əhaliyə 20-25 kiloqrama qədər gündəlik tələbat mallarını gömrükdən rahat keçirməsinə şərait yaradılmalıdır. Bununla həmin əhali həm öz tələbatını ödəyər, həm də öz ətrafında olan insanlara malı satmaqla müəyyən vəsait əldə edər. Bu məsələ ilə bağlı müzakirələr gedir. Yaxın vaxtlarda bu problem öz həllini tapmalıdır.
“Azərbaycanda kazinoların açılmasına ehtiyac yoxdur”
– Son vaxtlar cəmiyyətdə qalmaqallı fəaliyyətləri ilə tanınan bəzi iş adamları və siyasətçilər Azərbaycanda kazinoların fəaliyyətinin bərpasını təklif edirlər. Belə təkliflərdən biri də deputat həmkarlarınız tərəfindən bu yaxınlarda Milli Məclisdə səsləndirilib. Sizin bu təklifə münasibətiniz necədir?
– Ümumiyyətlə, Azərbaycanda kazinoların yenidən açılması təklifləri və bunun gündəmə gətirilməsi təqdirəlayiq hesab edilə bilməz.
İlk növbədə ona görə ki, Azərbaycan müsəlman dövlətidir. Baxmayaraq ki, kazinolar bir sıra müsəlman dövlətlərində fəaliyyət göstərir və həmin dövlətlər bundan gəlirlər götürürlər, amma bunu Azərbaycana şamil etmək doğru olmaz. Çünki bazar iqtisadiyyatı şəraitində əyləncələri sevən varlı insanlar çox olur. Həmin insanlar da kazinolara vəsait qoyub, vəsait götürürlər və sairə.
Bir vaxtlar Azərbaycanda da açıq və qapalı kazinolar var idi. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə həmin kazinoların fəaliyyətinə qadağa qoyuldu. Düşünürəm ki, indi də Azərbaycanda kazinoların açılmasına ehtiyac yoxdur. Bunun da bir neçə səbəbləri var. Birincisi, Azərbaycan əhalisinin mütləq əksəriyyəti kazinonu qəbul etmir. Digər tərəfdən isə bu bizim mentalitetimizə uyğun deyil.
Kazinoların bərpasını təklif edən şəxslər tez-tez qonşu Gürcüstandan nümunə çəkirlər. Amma bu yaxınlarda Gürcüstanda belə, 21 yaşa qədər olan şəxslərin kazinolardan istifadəsini qadağan edən qanun qəbul edilib. Halbuki, Azərbaycanda bu qərar hələ 15-20 il öncə Heydər Əliyevin prezident olduğu vaxtı qəbul edilib. Ola bilər ki, kazinodan dövlət xeyli vəsait qazansın. Ancaq bunun ideoloji və mənəvi tərəfini də nəzərə almaq lazımdır. Əgər biz milləti düzgün istiqamətdə tərbiyə ediriksə, o zaman məsələnin ideoloji tərəfini daha çox nəzərə almalıyıq. Kazino əyləncə mərkəzidir. Amma hamı bu əyləncədən istifadə edə bilmir. Kazinolara ancaq imkanlı şəxslər gedirlər.
Digər tərəfdən isə biz tez-tez eşidirik ki, Gürcüstandakı kazinoların əksəriyyəti erməni əsilli adamlara məxsusdur, ermənilər idarə edirlər. Ona görə də nə Azərbaycanda kazinoların açılmasına, nə də azərbaycanlıların başqa ölkələrə gedib qumar oynmasına ehtiyac yoxdur. Ümumiyyətlə, mən Gürcüstanda ermənilərə məxsus kazinolara azərbaycanlıların getməsini qəbul edə bilmirəm. Azərbaycan müharibə şəraitində olan dövlətdir, bizim Dağlıq Qarabağ kimi problemimiz var. Biz güclü və müstəqil Azərbaycan dövlətinin varlığı üçün çalışmalıyıq.
“Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını təhlükə hesab edirəm”
– Bəzi siyasətçilər Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını, bəziləri isə Avropa Birliyi ilə faəl əməkdaşlıq etməyi təklif edir. Bu təklifləri necə dəyərləndirirsiniz?
– Azərbaycana qarşı təzyiqlər və təhdidlər hər zaman olub və bundan sonra da olacaq. Biz 26 ildir ki, müstəqil dövlətik. Ötən 26 ildə də biz bu təzyiqləri və təhdidləri hiss etmişik. Azərbaycan qonşu və region dövlətləri üçün maraqlı ölkə hesab olunur. Bizim yerləşdiyimiz region da Qərbin, Rusiyanın və Şərqin marağındadır. Azərbaycan Cənubi Qafqazın ən inkişaf edən və neft-qaz hasil edən dövlətidir. Ona görə də həm Rusiya, həm İran, həm də Qərb Azərbaycanda öz maraqlarını təmin etməyə çalışır. Fikir versəniz görərsiniz ki, Azərbaycanda hər seçki keçirilən ərəfədə ölkəmizə qarşı təzyiq və təhdidlər artır, müəyyən qruplar ortaya çıxır və sairə.
Amma bu təhdidlər və təzyiqlərlə Azərbaycanı yolundan döndərə bilməzlər. İndiki Azərbaycan ötən əsrin 90-cı illərindəki Azərbaycan deyil. Bu gün Azərbaycanın güclü ordusu və demokratik sistemi formalaşmış dövləti var. Biz xaricdən gələn təhdidləri yenə də gözləyirik. Yəqin ki, gələn il də seçki ərəfəsi bu təzyiqlər olacaq və sairə. Gözlənilir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları yenə də Rusiya sərhədlərində aylarla, həftələrlə saxlanılsın və sairə. Bütün bunlar Azərbaycana edilən təzyiqlərin bir növüdür. Bu cür yollarla Azərbaycanı müəyyən güzəştlərə getməyə məcbur edirlər. Avropa da, ABŞ da, Rusiya və İran da Azərbaycanda öz adamlarının olmasını istəyir. Cənab Prezident çalışır ki, bu dövlətlərin hər biri ilə balanslaşdırılmış siyasət aparsın. Bu da alqışlanası siyasətdir. İndi Azərbaycanı beynəlxalq səviyyədə qardaş kimi səmimi müdafiə edən dövlətlər Türkiyə və Pakistandır. Digər dövlətlərin hər birinin öz maraqları var.
Bu gün qonşu Rusiya Azərbaycandan Avrasiya və Gömrük ittifaqlarına, Kollektiv Əməkdaşlıq Müqaviləsi Təşkilatına qoşulmasını istəyir. Amma bu bizim üçün qəbuledilməzdir. Çünki biz müstəqil dövlətik. Digər tərəfdən isə həmin təşkilatlarda işğalçı Ermənistan da təmsil olunur. Əgər torpaqlar işğaldan azad olunub məcburi köçkünlər öz evlərinə qayıdarsa, o zaman müəyyən güzəştlərə getmək olar. Bu da yalnız Azərbaycanın müstəqilliyinə xələl gəlməmək şərtilə mümkün olar.
Bəzi fikirlər səslənir ki, Avrasiya İttifaqı siyasi deyil, sırf iqtisadi təşkilatdır və bura Azərbaycanın qoşulmağının heç bir ziyanı yoxdur vəsairə. Mən bunu qəti qəbul etmirəm. Hər bir iqtisadi təşkilatın arxasında siyasi maraqlar dayanır. Mən Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını təhlükə hesab edirəm. Biz 70 il SSRİ-də yaşamışıq. Millət olaraq ruslarla heç bir problemimiz olmayıb. Amma mən Rusiyanın imperiya siyasətini qəbul etmirəm. Rusiyanın imperiya siyasəti bu gün də davam edir, SSRİ-ni bərpa etmək istəyirlər. Ona görə də Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul etmək istəmirlər.
Yaxşı yadıma gəlir ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilən zaman Azərbaycana nə qədər təzyiqlər olmuşdu. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin reallaşmasına qarşı addımlar atılırdı. Amma cənab Prezident İlham Əliyev öz siyasətində hər zaman Azərbaycanın dövlət maraqlarını və müstəqilliyinin qorunub saxlanılmasını hər şeydən üstün tutur. Müstəqilliyimizin qorunub saxlanılması bu gün bizim üçün ən vacib məsələdir.
– Bu yaxınlarda Ziyəddin Əliyev deputatı seçildiyiniz Quba rayonuna icra başçısı təyin edilib. Əvvəlki icra başçısı Yaşar Məmmədov yeni təyin olunmuşdu, qubalılarla nə problemi oldu ki, vəzifəsini itirdi?
– Əvvəlki icra başçısı 2 il fəaliyyət göstərdi. Mən sizə səmimi deyirəm ki, biz Yaşar Məmmədovun fəaliyyətindən narazı idik. Faktiki olaraq o adam iki il ərzində Quba üçün heç nə etmədi. Halbuki, ondan əvvəl təyin olunan Mübariz Ağayev xeyli işlər görmüşdü.
Amma Yaşar Məmmədov işə görə bilmədi. O, siyasi baxımdan da təcrübəsiz idi. Mən bu barədə ona öz iradlarımı da bildirmişdim və mərkəzdə də bilirdilər. Ona görə də cənab Prezident lazım bilib, Yaşar Məmmədovu vəzifəsindən azad etdi.
Yeni təyin olunan icra başçısı Ziyəddin Əliyev isə təcrübəli adamdır, yol təsərrüfatı işində çalışıb, insanlarla təmasda olan adamdır. Mənə elə gəlir ki, Ziyəddin Əliyev normal fəaliyyət göstərəcək.
“Ayrı-ayrı nazirlərin bölgələrə “krişalıq” etməsinə düzgün baxmıram”
– Son illər Qubaya təyin olunan icra başçılarının bu vəzifədə özünün doğrulda bilməməsinin əsas səbəbi nə idi?
– Bilirsiniz, əvvəllər bir çox nazirlər və komitə sədrləri rayonlara gedib köməklik göstərirdilər. Bu mənada Ziya Məmmədov da Qubaya köməklik göstərirdi. Mən deputat olduğum dövrlərdə Ziya Məmmədovun Qubayla bağlı problemləri olmayıb. Əksinə, Qubada gedən tikinti və infrastruktur işlərinə nəqliyyat naziri kimi Ziya Məmmədovun dəstəyi olub. Amma Qubanın yeni icra başçısı Ziyəddin Əliyev Prezident Administrasiyası tərəfindən təyin olunub.
Azərbaycanın Prezident Administrasiyası və onun akademik Ramiz Mehdiyev kimi çox təcrübəli rəhbəri var. Ramiz Mehdiyev çox təcrübəli siyasətçidir. Prezident Administrasiyasının Zeynəl Nağdəliyev kimi təcrübəli adamı var. O, bütün regionlarla fəal iş aparır və lazım olanda da məsələ buradan həll edilir. Daha kənardan müdaxilələrə nə ehtiyac var?
İmkan yaratmaq lazımdır ki, icra başçısı heç bir nazirdən və ya komitə sədrindən asılı olmadan sərbəst işləsin, rayonu sərbəst idarə etsin, lazım olanda da gəlib Prezident Administrasiyasında məsələləri qaldırsın. Daha arxayın olmasın ki, mən filankəsə deyəcəm, o da mənim məsələmi həll edəcək. Qanunda da bu cür hallar yoxdur və qeyri-qanuni sayılır. Ona görə də hər şey qanun çərçivəsində öz həllini tapmalıdır.
“Mərkəzi Bank tərəfindən pul kütləsinə nəzarət gücləndirilib”
– Gələn manatın məzənnəsində hansı dəyişikliklər gözlənilir?
– Manatla bağlı müəyyən proqnozlar vermişik, manat ətrafında bir neçə dəfə ajiotaj yaranıb, milli valyuta 2015-ci ildə devalvasiyaya uğrayıb və sairə. Amma siz fikir verdinizsə, 2017-ci ildə manat qorunub saxlanılıb, ciddi dəyişiklik olmayıb. Bunun da iki əsas səbəbi var.
Bilirsiniz ki, manat dünyada neftin qiymətinin kəskin şəkildə dəyişməsindən, idxal-ixrac əməliyyatından və dövriyyədə olan pul kütləsinin vəziyyətindən çox asılıdır. İndi deyirlər ki, manatla bağlı “üzən məzənnə” siyasəti həyata keçirilir. Bütün bunlara baxmayaraq, Mərkəzi Bank manatı nəzarətdə saxlaya bilir. Yəni, bu gün manat tam maliyyə bazarının ixtiyarına buraxılmayıb. Əgər buraxılsa, müəyyən problem yarana bilər. Hazırda neftin bir barelinin qiyməti 55-60 dollar ətrafındadır. İdxal-ixrac əməliyyatlarında isə artıq idxal ixracı üstələyib. Pul kütləsində də azalmalar var. Yəni, Mərkəzi Bank tərəfindən pul kütləsinə nəzarət gücləndirilib. İndi hər mala pul xərclənmir. Bütün bunlar isə manatın möhkəmləsini təmin edən başlıca səbəblərdir. Yəqin ki, bu ilin sonunadək manatın məzənnəsində problem olmayacaq.
“FED uçot dərəcəsini 2-3 dəfə artırarsa, o zaman bunun manata təsirləri olacaq”
– ABŞ-ın Federal Ehtiyyatlar Sistemi (FED) gələn il uçot dərəcəsini 2-3 dəfə artırmağı planlaşdırır. Bəs bunun manata ciddi təsirləri ola bilərmi?
– Əgər FED uçot dərəcəsini 2-3 dəfə artırarsa, o zaman bunun manata təsirləri olacaq. Bu təsirlərin isə nə qədər olacağını indidən söyləmək çətin məsələdir.
Burada bir məsələni də qeyd etmək lazımdır. Əgər ölkədə pul kütləsi saxlanılarsa və xərclənməzsə, bu qeyri-neft sektorunun inkişafına da mənfi təsir göstərər. Bunun üçün də gələn il bir sıra vacib layihələrə iri vəsaitlərin ayrılması nəzərdə tutulur. Əgər həmin pul kütləsi vacib layihələrə qoyularsa, o zaman manata müəyyən təsiri olsun. Ancaq mən manatın məzənnəsində ciddi dəyişiklik gözləmirəm.
MilliYol.Az
Digər xəbərlər
loading...