Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin APA TV-yə müsahibəsi
- Xoşbəxt müəllim, dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 56 yaşı tamam olur. İlham Əliyevi uzun illərdir tanıyan, onunla birlikdə çalışan qocaman neftçi kimi prezident haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Bu gün biz onunla fəxr edirik. Fəxr edirik ki, çox az bir müddətdə Azərbaycan bu qədər gözəlləşib, çiçəklənən dövlətə çevrilib. Hara baxırsan, göz oxşayır. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bütün şəhərlərimiz abadlaşır. Bakıya və bölgələrə gələn hər bir qonaq öz təəssüratlarını bölüşəndə sevincdən gözlərimdən yaş gəlir. Əgər ölkəmizə gələn insanın 10-15 il sonra yenidən Bakıya yolu düşürsə, onun hisslərini görüb dinləyəndə adam heyran olur. Bütün bu nailiyyətlərin arxasında İlham Əliyev durur. Biz də fəxr edirik ki, İlham Əliyev ilk işinə bizimlə başlayıb.
- İlham Əliyevlə ARDNŞ-da uzun illər bir yerdə çalışmısınız. Azərbaycanın neft-qaz sektorunun inkişafında onun xidmətlərini necə dəyərləndirirsiniz?
- Mən İlham Əliyev cənablarını 1994-cü ildən tanıyıram. Bilirsiniz ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. ARDNŞ-a ilk gəlişi də birbaşa ixtisası ilə bağlı oldu, şirkətin xarici işlər üzrə vitse-prezidenti təyin olundu. Çox az müddətdən sonra İlham Əliyev neftçilərə alışdı, neft-qaz sahəsi üzrə aparılan danışıqlara qatıldı.
İlham Əliyevin ilk uğurlu işi Amerikanın Hyuston şəhərində "Əsrin müqaviləsi" ilə bağlı danışıqların aparılmasında iştirakı oldu. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkənin sosial durumu çox ağır idi. Bunun öhdəsindən gəlmək üçün Azərbaycanın neft-qaz sahəsinin inkişafına diqqət yetirmək lazım idi. Baxmayaraq ki, "Azəri-Çıraq-Günəşli" yatağı hələ sovet imperiyası dövründə kəşf olunmuşdu, bu sahədə iş getmirdi. Beləliklə, belə qərara gəlindi ki, xarici şirkətlərlə əlaqələrin qurulmasına başlanılsın. "Azəri-Çıraq-Günəşli" yatağının yenidən işlənilməsi ilə bağlı danışıqlara başlandı, ilk səfərimiz İstanbula oldu. Sonra Bakıya qayıdıb, danışıqları davam etdirmək üçün burdan Hyustona yollandıq. O, vaxtlar bizim neft sahəsinin inkişafı üçün danışıqlar aparmaq təcrübəmiz az idi, çünki yeni müstəqilliyini qazanmışdı Azərbaycan.
İlham Əliyev beynəlxalq əlaqələr üzrə mütəxəssis kimi yetişdiyindən, ingilis dilini yaxşı bildiyi üçün bizə yetərincə kömək etdi. Bütün mürəkkəb məsələlərdə, danışıqlarda iştirak edirdi. Hətta yadımdadır ki, elə çətin danışıqlar alınırdı, məhz onun müdaxiləsindən sonra söhbətimizi uğurla başa çatdırırdıq. Heç təsadüfi deyil ki, bu danışıqların sonu 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin bağlanması ilə başa çatdı.
1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycana baxış dəyişdi. Azərbaycana müstəqil ölkə kimi inam yarandı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. İkinci məsələ isə neft hasilatının həcminin dəyişməsi ilə başladı. 1997-ci ildə hasilat 9 milyon tona çıxmışdı ki, bu da Azərbaycanda ən aşağı səviyyə kimi dəyərləndirildi. 2010-cu ildə hasilat 51 milyon tona kimi artdı. Bu, hasilatın birdən-birə 5-6 dəfə artması demək idi. Bütün bu proseslər İlham Əliyev cənablarının iştirakı ilə baş tutdu. Bundan sonra daha 34 müqaviləyə imza atıldı. Bu müqavilələrin sayı İlham Əliyev bizimlə işləyəndə və prezident seçildikdən sonra durmadan artdı.
Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək, Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. İlham Əliyevin ikinci ən uğurlu işi eyni zamanda dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə şəxsən maraqlanması oldu. Prezident vaxtaşırı olaraq tikinti işləri ilə tanış olurdu və nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Baxmayaraq ki, neft boru kəmərinin çəkili vaxtında kifayət qədər əleyhdarları var idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyevə olan inam və etibar imkan verdi ki, bu kəmər uğurla çəkilsin. Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığı İlham Əliyevin prezidentliyi dövründə uğurla başa çatdırıldı. Əgər o dövrə qədər Azərbaycanı yüz dövlət tanıyırdısa, bundan sonra bu dövlətlərin sayı artmağa başladı.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker oradan yola salındı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Beləliklə, neft strategiyasının uğurla həyata keçirilməsi yeni şirkətlərin Azərbaycana cəlb olunması istiqamətində başlanmış işlərin davamı oldu. Bundan sonra Azərbaycanın Avropaya qaz ixracını həyata keçirəcək marşrut kimi TAP layihəsinin seçilməsi ilə bağlı qərar qəbul edildi. Bu qərar Azərbaycanın regiondakı rolunu daha gücləndirməklə yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfəsini daha da artırmış oldu.
Eyni zamanda Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılmasının da müəllifi prezident İlham Əliyev oldu. Bu layihənin gerçəkləşməsinin 45-45 milyard dollar xərci var. Bu günə kimi 25 milyard xərc çəkilib. 2018-ci ildə TANAP, 2019-cu ildə TAP işə düşəcək.
"Əsrin müqaviləsi" bizə çox şey verdi. Müqavilənin imzalanmasının əhəmiyyəti ondan ibarət oldu ki, əgər "Azəri-Çıraq-Günəşli" yatağından 450 milyon ton neft hasil edilmişdisə, bunun 250 milyon tonu bizim mənfəət neftimizdir. Bu da 56 faizdən çox edir. Mənfəət neftindən gələn gəlirlə Azərbaycanda görülən işlər də göz qarşısındadır. Paytaxtda və bölgələrdə müasir obyektlər tikilir, idman, səhiyyə sahəsi inkişaf edir, eyni zamanda müxtəlif sosial obyektlər istifadəyə verilir.
Bu gün dünya bazarlarına 460 milyon ton neft çıxarılıbsa, onun 350 milyonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə çıxarılıb. Əgər bu olmasa, görün necə olacaqdı?
Bu il “Əsrin kontraktı”nın uzadılması ilə bağlı yeni saziş imzalandı. Bu da tarixi hadisədir. 2050-ci ilə qədər daha yaxşı şərtlərlə kontrakt imzalanıb. Bu kontraktın icrası nəticəsində Azərbaycana 3,6 milyard dollar, sadəcə, bonus şəklində veriləcək. Bu, bir daha onu göstərir ki, bizim çox böyük və zəngin təbii resurslarımız var.
Bu il Azərbaycanda 2 milyardıncı ton neftin hasil edilməsi də tarixi hadisədir. 1971-ci ildə bir milyardıncı ton neftin hasil edilməsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf etmişdi. Bunu o dövrdə Heydər Əliyev Moskvada elan etmişdi. Bu münasibətlə çox əhəmiyyətli tədbir keçirildi, neftçilərə mükafatlar təqdim olundu. 2 milyardıncı ton neft hasil edilməsi isə prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtda baş verdi. İki milyardıncı ton neftin hasilatı daha çox bizim müstəqillik dövrümüzü əhatə etdi. Bu da çox təntənəli formada qeyd olundu.
- İlham Əliyev ARDNŞ-da vitse-prezident olarkən həm də prezident oğlu idi. Heydər Əliyev kimi tarixi şəxsiyyətin ailəsində böyümüşdü. İş yoldaşı kimi şəxsi münasibətlərdə necə idi?
- Bilirsiniz, İlham Əliyev ilk olaraq neftçilərlə işə başladı, prezident seçildikdən sonra da bizimlə ölkə rəhbəri kimi davranmadı, iş yoldaşı və həmkar kimi münasibət qurdu. Elə indi də elə bil bizim bir işçimiz, bir nümayəndəmizdir.
Mən bütün neftçilər adından cənab prezidentin növbəti doğum gününü təbrik edirəm, ona cansağlığı diləyirəm. Onunla Azərbaycanın daha da yaxşı olacağına inanıram. Onu da bilirəm ki, növbəti prezident seçkilərində də bütün neftçilər İlham Əliyev cənablarına səs verəcəklər.
Biz onunla iş yoldaşı olmuşuq. O, özünü o qədər sadə aparıb həmişə. İlham Əliyev böyüklə böyük, kiçiklə kiçik kimi davranıb həmişə. Mənə həmişə böyük kimi hörmətlə yanaşıb. Hərdən olurdu ki, birlikdə uzun-uzadı söhbətlər edirdik. Heç vaxt prezident oğlu olduğunu hiss etmədik. O, insanları hiss etməyi bacarandır, yaxşılıq etməyi sevəndir. O, qədər sadədir, işlədiyi müddətdə mənimlə otaq qonşu idi. Təsəvvür edin, ikimizin bir qəbul otağımız, bir katibəmiz olub. Bir dəfə də buna narazılıq etmədi. Yeri gəlmişkən, deyim ki, insan kimi çox zarafatcıl və mehribandır.
MilliYol.Az
Digər xəbərlər
loading...