Politoloq Zərdüşt Əlizadə teleqraf.com-a müsahibəsində Yaxın Şərqdəki bohranla bağlı danışıb
MilliYol.Az müsahibəni oxucularına təqdim edir:
– Husilərin Ər-Riyada davamlı olaraq raketlər atması Səudiyyə-İran münasibətlərini bir qədər də gərinləşdirib. Beynəlxalq analitiklər mümkün müharibə haqqında danışmağa başlayıblar. Sizcə, İran Husilərin vasitəsilə müharibəyə çəkilə bilərmi?
– Mən qəti deyə bilərəm ki, müharibə İrana əl vermir, İran əsla müharibə istəmir. Təbi ki, Səudiyyənin arxasında Amerika, Qərb dünyası durur, onu buna təhrik edirlər. Səudiyyə də özünü azğın və aqressiv aparır. Amma İrana müharibə sərf etmir. Odur ki, balanslı siyasət yürüdür, eləcə də çalışır ki, məzlum müsəlmanların haqqını Səudiyyəyə verməsin.
İkincisi, İranın əli Yəmənə çatmır. Bu mövzuda deyilənlərin çoxu iftiradan başqa bir şey deyil. Yəmən dəniz mühasirəsindədir, hava blokadasındadır. Yəmənin dəniz və hava limanları işləmir. Ölkənin cənub hissəsi, Ədən və ətrafı Səudiyyə başda olmaqla təcavüzkar blok tərəfindən işğal edilib. Husilər paytaxt da daxil olmaqla ölkənin mərkəzi və şimal şərqinə nəzarət edirlər. Yəmənin cənubu və böyük hissəsi Səudiyyənin işğalı altındadır. Belə olan təqdirdə İran Husilərə raket çatdıra bilər?
– Demək istəyirsiniz ki, Husilər silahsızdır?
– Diqqət edin. Yəmənə həmişə silah gəlirdi. Ora Qərb silahı da, vaxtilə sovet silahı da gəlirdi. İndi də rus silahı gələ bilər. Yəni əldə silah var ki, onu atırlar. Mən deyərdim ki, əcəb edib atırlar. Səudiyyənin Yəməndə nə işi var? Gedib öz problemlərini həll etsin, dərdini çəksin. Sən gəlmisən və xalq arasında nüfuzu olmayan, ölkəni qoyub qaçan və xalq tərəfindən seçilməyən şəxsi müdafiə edirsən. Husilər paytax Sənanı aldıqdan sonra bu şəxs ölkəni qoyub qaçmışdı. İndi Səudiyyə həmin şəxsi Husilərə alternativ kimi gətirir. Və iddia edir ki, bu şəxs qanuni prezidentdir. Normalda qanuni prezidenti xalq seçir. Bu şəxsi isə Abdullah Salehi devrildikdən sonra ümumi razılıqla gətirib oturtmuşdular kresloda.
– Siz uzun illər Yəməndə işləmisiniz. Husilər haqqında nə deyə bilərsiniz?
– Yəmənin şimal-şərqində dağlıq ərazidə Saada vilayəti var. Orada zeydi müsəlman təriqətindən olanlar yaşayır. Zeydilər 800 il Yəmənə imamlıq, əmirlik edib. 1967-ci ildə Yəməndə inqilab oldu, imam devrildi. Bundan sonra o qüvvə müxalifətdə qaldı. Sadəcə dağ rayonu olan Saada çəkildi, beləcə husilərə baş qoşan olmadı. Millətçilər hakimiyyətə gəldikdən sonra iç üzlərini açıb göstərdi, bundan sonra Yəməndə daha bir çevriliş baş verdi və Əli Abdullah Salehi hakimiyyətə gəldi. Bu şəxs də 32 il hakimiyyətdə oldu və iqtidarı oğlu Əhmədə ötürmək istəyirdi. Yəməndə indi vəziyyət çox pisdir. Adicə iş yerləri yoxdur, camaat zəlil gündədir. Adı respublika olsa da, əslində 30 ildir ki, respublikadan əlamət yox idi. Nəhayət, Abdullah Salehi devrildikdən sonra dağ rayonunda olan müxalif Husilər əlinə silah götürərək Husinin rəhbərliyi altında baş verənlərə müqavimət göstərdi. Səudiyyə isə Abdullah Salehidən sonra gələn yeni rəhbərə dəstək verirdi, çünki həmin şəxs Səudiyyənin adamı idi. Husilər görəndə ki, mərkəzi hakimiyyət zəifləyib, gəlib paytaxtı tutdular və bəyan etdilər ki, hökumət qururlar. Bu zaman sabiq prezident Abdullah Salehi də tərəfdarlarını toplayaraq gəlib Husilərə qoşuldu. Sonra Səudiyyə Abdullah Salehi ilə danışıqlar apardı. Sonda Salehi Husilərə xəyanət etdi, Səudiyyənin tərəfinə keçmək istədi. Bu durumda Husilər Abdullah Salehini öldürdü. Demək istəyirəm ki, Yəməndə, əslində, daxili hakimiyyət uğrunda müharibə gedir. Bu halda Səudiyyənin Yəməndə nə işi var? Onların Husiləri İranın agenturası adlandırması ona bərabərdir ki, dünyadakı bütün şiələri İranın agenti adlandırmaq olar. Bu, tamamilə absurddur. Dini baxışlarda fərqlilik siyasi fəaliyyət növü hesab oluna bilməz. Əksinə, siyasi fərqlər dini fərqlərlə pərdələnir. Burada Husilər öz vətənlərini müdafiə edir, Səudiyyə isə təcavüzkar qismində çıxış edir. Mən Yəməndə 3 il işləmişəm və bu xalqı yaxşı tanıyıram.
– Bu halda proqnozunuz necədir?
– Mənə hələ proseslər başlayanda demişəm ki, Səudiyyənin təcavüzü məğlubiyyətlə nəticələnəcək. İndi Səudiyyə və koalisiyanın inanılmaz dərəcədə maliyyə imkanlarına, hərbi üstünlüyə malik olmasına baxmayaraq, istədiyini edə bilmir. Yəmənin çox hissəsi dağlıq ərazidir. Orada partizan müharibəsi gedəcək. Xalqın da əksəriyyəti Səudiyyəyə qarşıdır. Mən demirəm ki, xalqın əksəriyyəti Husiləri müdafiə edir. Amma Səudiyyədən fərqli olaraq Husilərin xalq içərisində dayağı var. Nəzərə alın ki, Husilər 800 il bu ölkəni idarə edib.
– Amma yenə də iddia edirsiniz ki, İrana müharibə lazım deyil…
– Bəli. İran bilir ki, müharibə dağıntı, ölün deməkdir. Zamanında Səddam Hüseyni qızışdırıb salmışdılar İranın üzərinə. İslam inqilabından sonra Səddam Hüseyn İrana hücum etdi, 8 il müharibə getdi, bir milyondan çox insan öldü. Bu, İran üçün fəlakət idi. İran yeni-yeni bərpa olub. Hazırda elmini, sənayesini, iqtisadiyyatını inkişaf etdirir. Sadəcə, dünyada ABŞ-a itaət etməyən nadir ölkələrdən biridir. Nə Mərkəzi Bankı ABŞ-ın Federal Ehtiyat Fonduna tabedir, nə siyasi cəhətdən Ağ Evə baş əyir, nə də hərbi baxımdan ona bağlıdır. Bu da ABŞ-ın xoşuna gəlmir. Dünya mediasına, informasiya resurslarına da Qərb dünyası nəzarət edir. Təbii ki, onlar bu üstünlükdən istifadə edərək bəyan edirlər ki, İran terrorizmi dəstəkləyir. Bəyəm fələstinlilərin haqq işini müdafiə etmək terrordur? Azərbaycan, Türkiyə, Pakistan, İran bəyan etdi ki, fələstinlilərin haqq işini müdafiə edir. İndi bu dövlətlər terroru dəstəkləyir? Sadəcə olaraq, kimin kimdən xoşu gəlmirsə, onu terrora dəstək verməkdə ittiham edir. Hərçənd ki, terrorun qaynağı dünyadakı ədalətsizlikdir. Bu ədalətsizliyin də mərkəzində böyük dövlətlərin beynəlxalq hüquqla uyuşmayan siyasəti durur.
– İrana müharibə sərf etmir, bəs Səudiyyə Ərəbistanına necə?
– İrana sərf etmir, amma Səudiyyə müharibəni başlasa, hesab edin ki, onun sonu çatıb. Çünki qüvvələr nisbəti yerlə-göy arası qədərdir. İran Səudiyyədən qat-qat güclüdür. Səudiyyənin nəhəng hərbi büdcəsi, ən müasir silahları var, amma onlar müharibə nədir bilmirlər. İran isə bilir. Suriyadakı müharibəyə diqqət edin. Bütövlükdə Qərb dünyası, bəzi ərəb rejimləri terrorçuları Suriyaya toplamışdı və Bəşər Əsədi devirmək istəyirdi. Bu, çox böyük güc idi. Bu qüvvənin belini kim qırdı? İran və müttəfiqi olan “Hizbullah”, Suriya hökumət ordusu və Rusiya aviasiyası. Bunu nəzərə almaq lazımdır.
– Hazırda Amerikaya daha bir Səddam Hüseyn tapıb İranın üzərinə salmaq sərf edirmi?
– Yox. Amerika nəsə edəndə deyirlər ki, böyük və ağıllı dövlətdir. Təsəvvür edin ki, onlar Səddam Hüseyni devirdilər və İraqı işğal etdilər. Ancaq Səddam devirilənə qədər İraqla İran düşmən idi. Elə ki Səddam devrildi və ölkədə demokratik seçki elan olundu, şiələr hökumət qurdu. Çünki İraqda əhalinin 60 faizi şiədir. İraqın şiə hökuməti isə İranın bir nömrəli müttəfiqi oldu. İndi də onlar Səudiyyəni İrana qarşı mühribəyə təhrik etsələr, bu Səudiyyə üçün fəlakət olacaq. Nəzərə almaq lazımdır ki, Səudiyyənin şərqində çoxlu sayda şiə yaşayır. Onlar şiə İrana qarşı müharibə etməyəcək, əksinə, kral rejiminə qarşı çıxacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...