Georgi Peremitin
RBC
“Bloomberg” agentliyi adətən ilin sonunda gələn il üçün “pessimistin məlumat kitabçası” adlandırılan proqnozunu təqdim edir. Bura qlobal sabitliyi poza biləcək hadisə və ssenarilər daxil edilir. Təlimat eskpertlərin və analitiklərin sorğusu, məruzələrin, hesabatların öyrənilməsi əsasında tərtib edilir.
“Bloomberg” 2017-ci ilin “pessimist təlimatına” xüsusilə prezident seçkilərində Marin Le Pen (Marine Le Pen) qələbə qazandıqdan sonra Fransanın AB-dən çıxmasını, Trampın (Donald Trump) qələbəsindən sonra ABŞ-ın parçalanmasını, Rusiyanın dünyada qlobal təsirinin artmasını daxil edib (“Yalta 2.0” ssenarisi).
Bu il “Bloomberg” ənənəvi formatdan uzaqlaşıb və qarşıdan gələn on il üçün destabilizasiya ssenarilərini təsvir edib.
Agentlik hadisələrin səkkiz makro ssenari üzrə qlobal inkişafını qeyd edir: “Tramp ikinci dəfə prezident seçilir”, “Saxta xəbərlər “Facebook”-u məhv edir”, “Bitcoin bankları əvəzləyir”, “Şimali Koreya hücuma keçir”, “Ceremi Korbin (Jeremy Corbyn) sosializmin qüdrətini özünə qaytarır”, “Nəsillərarası müharibə Avropanı dağıdır”, “Çin ticarət müharibəsinə başlayır” və “Elektromobillər neft əsrinə son qoyur”.
Prezident Cimmi Kimmel və “Facebook”-un sonu
Birinci ssenari çərçivəsində Demokratlar Partiyasında yaranmış parçalanmaya görə Tramp 2020-ci il prezident seçkilərində yenidən qələbə qazanır. İkinci prezidentlik müddətinin əvvəlində “Obamacare” tibbi sığorta sistemini ləğv edə bilsə də, əvəzində heç nə təqdim etmir. Səhiyyə sistemindəki xaos fond bazarının iflası ilə üst-üstə düşür. Hazırda komik aktyor kimi məşhurlaşan Cimmi Kimmel (James Kimmel) 2024-cü ildə seçkiləri qazanır. Milli tibbi sığorta sisteminin yaradılması ilə bağlı vəd ona populyarlıq gətirir. 2028-ci ilədək daha çox seçici daha demokratları və respublikaçıları deyil, alternativ partiyaları dəstəkləməyə başlayır. Bu ona gətirib çıxarır ki, növbəti seçkilərdə prezident postuna dörd şəxs namizədliyini irəli sürür. Onlardan heç biri qələbə üçün lazım olan 270 səsi toplaya bilmir. İnvestorlar üçün bu ssenari o deməkdir ki, yaxın illərdə Amerika aktivləri cəlbediciliyini itirəcək.
Saxta xəbərlər haqqında ssenaridə agentlik qeyd edir ki, bütün dünya ölkələri Rusiyadan ibrət götürəcək, “yeni əks kəşfiyyat aləti” kimi özlərinin analoji “trol fabriki”ni yaradacaqlar. Nəticə etibarilə 2025-ci ilədək “internetdə nəyin yalan, nəyin doğru olduğunu bilmədiyimiz bir vəziyyət alınacaq”. Kimmel administrasiyası iri IT-şirkətlərə qarşı proses başlatmaq qərarına gələcək, nəticədə “Google”, “Twitter” və “Facebook” indi mövcud olduqları formatda fəaliyyət göstərməyəcək. Lakin bu, dezinformasiyaya qalib gəlməyə kömək etməyəcək və 2028-ci ildə “sorğuların nəticələrinə görə rus vətəndaşlarının 55%-i Trampın ömürlük prezident olacağına inanacaq”. İnvestisiya baxımından “NASDAQ” indeksindən şirkət səhmlərinin düşməsinə oynamaq olar.
Bankların əvəzində “bitcoin” və rus neftçilərinin qiyamları
Artıq 2018-ci ildə “bitcoin” 40 min dollar olacaq, 2028-ci ilədək məzənnə 1 milyon dollara çatacaq. Bu, “Bitcoin bankları əvəzləyir” ssenarisinin reallaşacağı təqdirdə baş verəcək. Səs-küylü haker hücumlarından sonra maliyyə sisteminin təhlükəsizliyinə görə narahatlığın güclənməsi kriptovalyutanın artmasına səbəb olacaq. 2021-ci ildə Venesuela, Yunanıstan və bir neçə Afrika ölkəsi rəsmi ödəmə vasitəsi kimi “bitcoin”-i qəbul edəcək, “Amazon” və “Alipay” kimi iri IT-şirkətləri kriptovalyuta bazarına girəcək. Tədricən mərkəzi banklar kommersiya banklarından yan keçərək birbaşa təsərrüfata daxil olan rəqəmsal pul buraxmağa başlayacaq. Belə ssenari ona gətirib çıxara bilər ki, insanlar pullarını fiziki aktivlərə (qızıl və ya elit daşınmaz əmlak) qoymağa çalışacaqlar, həmçinin kibertəhlükəsizlik sahəsində çalışan şirkətlərin səhmləri artacaq.
Digər ssenari neft əsrinin sona çatacağını xəbərdar edir: yeni texnologiyalar sayəsində elektromobilləri daha ucuz etmək mümkün olacaq. Bu da bir neçə il müddətinə neftə olan tələbatı kəskin şəkildə aşağı salacaq – artıq 2021-ci ildə neft 20 dollardan ucuz olacaq. Bu daha çox Səudiyyə Ərəbistanı və Rusiyaya mənfi təsir göstərəcək. 2024-cü il ölkədəki qeyri-sabitlik fonunda Vladimir Putin siyasətdən gedəcək və hakimiyyəti indi Mərkəzi Bankın direktoru olan Elvira Nabiullinaya ötürəcək (həmin vaxta kimi neftin qiyməti artıq 10 dollar təşkil edəcək). 2028-ci ildə OPEC dağılacaq, dünya neft sektoru isə növbəti müflisləşmə ilə üzləşəcək. Bu ssenari real görünürsə, onda investor xammal idxal edən şirkətlər, həmçinin aviaşirkətlərin səhmlərinə diqqət yetirməlidir.
Çin və Koreya müharibə yolunda
“Bloomberg”-in daha iki pessimist ssenarisi Uzaq Şərqə aiddir. Bu ssenarilərdən birinə əsasən 2018-ci ildə Şimali Koreya raketi ABŞ sahillərindən 20 mil uzaqlıqda yerə düşür, bundan sonra Çin KXDR ilə sərhədlərini bağlayır. 2019-cu ildə Kim Çen In vəfat edir, yeni Pxenyan rejimi denuklearizasiyaya razılıq verir. Vaşinqton bu arada Pekin ilə yaxınlaşır – ona silah satır, Yaponiya və Cənubi Koreyadakı qoşunlarını çıxarır. 2025-ci il Trampın prezidentlik müddətinin son günü Çin Tayvanı ilhaq etmək planlarını elan edir və postunu tərk edən prezident bunu dəstəkləyir. “2028-ci il. ÇXR və Tayvanın birləşməsini qeyd etmək üçün 82 yaşlı Tramp Taybeedə təyyarədən yerə enir. O, köhnə dostu Si Tsinpin (Xi Jinping) ilə yanaşı oturur”. Lakin Asiya yeni silah yarışına qoşulur – nüvə başlıqlarına malik qitələrarası ballistik raketlərə çıxışı Yaponiya əldə edir. “Bloomberg” analitikləri bildiri ki, bütün bunlar Yaponiya və Amerika hərbi-sənaye sektoru üçün yaxşı, Asiya valyutaları üçün isə pis perspektivdir.
Digər ssenaridə karbon qazı tullantılarını azaltmaq istəməyən Çin ABŞ, Rusiya və Avstraliya da daxil olmaqla bir neçə ölkəyə ticarət sanksiyaları tətbiq edir. Nəticədə Çin iqtisadiyyatı ziyan görür. Analitiklər əmindirlər ki, tullantı səviyyəsi aşağı olan istehsal sahələrinə investisiya etməkdə fayda var.
Narahat Avropa
Böyük Britaniyada 2018-ci il leyboristlərin hakimiyyətə qayıdışı ilə yadda qala bilər. Baş nazir postunu Ceremi Korbin tuta bilər. AB-dən çıxmağın bədəli Tereza Mey (Theresa May) hökumətinin təsəvvür etdiyindən daha böyük ola bilər: yeni nazirlər kabineti aktiv şəkildə borc almalı və vergiləri artırmalı olur. Böyük Britaniyada ali təhsil ödənişsiz olur, böyük banklar isə Londondan qaçır. Seçiciləri Korbinin sosialist gündəliyi cəlb edir və 2023-cü ildə leyboristlər yenidən seçkilərdə qələbə qazanırlar. Ancaq bu müddət ərzində borc artır: 2023-cü ilədək borc ÜDM-in 100%-ni təşkil etməyə başlayır. 2028-ci ilədək Böyük Britaniyaya investisiyalar “inkişaf etməkdə olan bazara riskli investisiyalar” kimi nəzərdən keçirilir: ölkə defolt astasındadır.
Başqa bir ssenariyə əsasən Avropa təqaüdçüləri siyasi qüvvəyə çevrilir və onlarla hesablaşmaq lazım gəlir. Fransada onlar pensiya sistemində islahatlar aparmaq məqsədilə etiraz aksiyaları təşkil edir, İtaliyada isə seçkilərdə Silvio Berluskonini (Silvio Berlusconi) qələbə ilə təmin edirlər. Müharibədən sonrakı nəslin təqaüdə çıxan çoxsaylı nümayəndələrini təmin etmək işləyən təbəqəyə getdikdə daha çətin olur. Bu, Portuqaliya, İtaliya, İspaniya və Yunanıstanda böhranlara və vergilərin kəskin artırılmasına gətirib çıxarır. Belçika üç hissəyə ayrılır, Şotlandiya və Kataloniya isə müstəqillik elan edir. Belə bir ssenari üçün ən yaxşı uzunmüddətli strategiya avronun məzənnəsinin aşağı düşməsinə yatırım etməkdir. Bundan başqa, əcnəbi işçiləri AB-yə cəlb edən şirkətlərə investisiya yatırmaq da yaxşı fikirdir. (Xpressa)
MilliYol.Az
Digər xəbərlər
loading...