"Gələn il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində çoxdan gözlənilən irəliləyişə nail oluna bilər"
Bunu "Report"a Avropa Siyasət Mərkəzinin (Brüssel) eksperti, analitik Amanda Pol bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xalqları bu qanlı münaqişənin nəticələrini aradan qaldırmağa başlamalıdırlar: "Ümid edirəm ki, 2018-ci ildə sülh prosesində çoxdan gözlənilən irəliləyişə nail olunacaq".
Analitik deyib ki, 2017-ci ildəki danışıqlar prosesinin nəticələrinin mühüm irəliləyiş kimi qiymətləndirilməsi çətindir: "Rusiya, Fransa və ABŞ-ın Dağlıq Qarabağ üzrə danışıqlar prosesini yenidən canlandırmaq cəhdləri müşahidə olunsa da, status-kvo hələ də qorunub saxlanılıb".
A.Pol Rusiyanın, o cümlədən Moskvanın həm Bakı, həm də Yerevanla yaxın olduğuna görə ATƏT-in Minsk qrupunun ən fəal həmsədr ölkəsi olaraq qaldığını hesab edir: "Ukrayna ilə bağlı vəziyyətlə əlaqədar Rusiya-ABŞ münasibətlərindəki çətinliklərə baxmayaraq, bu ölkələr Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində həll olunması üzrə birgə işlər görməyə davam edirlər və bu da müsbət haldır".
Analitik vurğulayıb ki, bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüşlərinin keçirilməsi də vacib məqamdır: "Lakin qoşunların təmas xəttində davam edən gərginlik təhlükəlidir və narahatlıq doğurur".
A.Pol həmçinin qeyd edib ki, dünya ictimaiyyəti hələ də Dağlıq Qarabağ münaqişəsini prioritet məsələ hesab etmir və bu səbəbdən həllinə lazımi diqqət ayrılmır.
MilliYol.Az
Digər xəbərlər
loading...