Ölkə üzrə 6 qarayara hadisəsi qeydə alınıb
Respublikada aparılmış müayinələr nəticəsində bu ilin 11 ayı ərzində 17 qrip hadisəsi aşkarlanıb.
APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun təşkili məsələləri üzrə müavini Ağaxanım Əliyeva ilin yekunlarına dair keçirilmiş tədbirdə deyib.
A.Əliyeva bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90% azalma deməkdir: "2017-ci ilin müvafiq dövrü ərzində yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə respublika müalicə-profilaktika idarələrinə müraciətlərin sayında isə 10 % azalma qeydə alınıb.
Bu il ərzində yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meniqokok infeksiyaları üzərində epidemioloji nəzarət davam etdirilib".
Qurum təmsilçisinin sözlərinə görə, bu ilin 11 ayı ərzində respublika üzrə bütün planlaşdırılmış peyvəndlər üzrə yerinə yetirilmə 95-97% olub: "Bu il əhali arasında poliomielit, difteriya, göy öskürək, qızılca, məxmərək müşahidə edilməyib”.
Qeyd olunub ki, respublika üzrə bu ilin ötən dövründə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ilkin vərəm hadisələrinin sayı (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb. Bu il vərəmin laborator aşkarlanma səviyyəsi yaxşılaşaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə respublika üzrə 48,5% -dən 55,5 %-dək artıb:
"Cari ildə aparılan araşdırmalar göstərir ki, bu ilin 11 ayı ərzində əhali arasında kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,1 % azalıb. Kəskin bağırsaq infeksiyası ilə bağlı ötən il 14921 hadisə, bu il isə 14 751 hadisə qeydə alınıb. Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları isə 4,3 % (5214 hadisəyə qarşı 5436 hadisə) artıb ki, bu da laboratoriya müayinələri ilə diaqnostikanın yaxşılaşdığını göstərir".
Direktor müavini qeyd edib ki, 2017-ci il ərzində əhali arasında 333 ocaqda 561 qida zəhərlənməsi qeydə alınıb. Qida zəhərlənməsinin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,7 % (787 hadisəyə qarşı 561) azalıb. Bundan başqa, respublika üzrə bu ilin 11 ayı ərzində 6 qarayara hadisəsi qeydə alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...