“İslam Dünyası Gənclər Paytaxtı-2017” proqramı çərçivəsində beynəlxalq müsabiqələr başa çatıb
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən “İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. Proqamın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir-biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.
Bu proqram çərçivəsində 2017-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq Malaziyanın Putrajaya, İranın Şiraz, Mərakeşin Fəs şəhərləri elan olunub, cari il ərzində bu şəhərlərdə beynəlxalq əməkdaşlığa təkan verən onlarla gənclər tədbirləri həyata keçirilib. Proqramın gənclər arasında inkişafa xidmət edəcək bu ilki beynəlxalq müsabiqə və yarışma tədbirləri İranın Şiraz şəhərində keçirilib. Belə ki, bu il ərzində “İslam Dünyası Gənclər Paytaxtı” proqramı daxilində beynəlxalq Quran qiraəti, qısa hekayə, qisa film, kalliqrafiya üzrə müsabiqələr həyata keçirilib.
Dünən isə Şiraz şəhərində İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun, İran Gənclər və İdman nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyinin, beynəlxalq təşkilatların, İƏT üzv dövlətlərin gənclər hərəkatlarının nümayəndələrinin iştirakı ilə gənc xəttatlar üçün kalliqrafiya, gənc rejissorlar üçün “Qısa film” və gənc yazarlar üçün “Qısa hekayə” müsabiqələrinin təntənəli mükafatlandırma və bağlanış mərasimi keçirilib.
Dünyanın hər yerindən mindən çox hekayənin göndərildiyi “Qısa hekayə” müsabiqəsində, beynəlxalq münsiflər heyətinin qərarı ilə azərbaycanlı yazar Mirmehdi Ağaoğlu “85-ci gün” hekayəsi ilə 1-ci yerə layiq görülüb. 2-ci yeri iranlı Atif Sədat Tavasoli (“Şənbə”), 3-cü yeri isə nigeriyalı Yusuf Osman (“Qiyamdan sağ çıxan”) tutub. Azərbaycan təmsilçiləri olan yazarlar Sevda Məmmədova və Yusif Yusubov isə müsabiqənin xüsusi ödülü ilə təltif olunub.
100-dən çox filmin göndərildiyi “Qısa film” müsabiqəsində ən yaxşı resjissor işinə görə ABŞ-da yaşayan Məryəm Zahirimehr (“Balığa danış”), ən yaxşı ssenariyə görə Banqladeş təmsilçisi Sadiqpur Rəhman (“Allaha məktub”) və ən yaxşı cizgi filminə görə isə İran nümayəndəsi Leyla Novruzi (“Söz-söhbət”) qalib seçilib. Qeyd etmək lazımdır ki, film müsabiqəsində Azərbaycan təmsilçisi gənc rejissor Kamran Səfərəlizadə də (“Bir sülh, bir şans”) xüsusi ödüllə təltif edilib.
Quran xəttatlığı üzrə keçirilən müsabiqədə isə Misir, Bosniya və Hersoqovina nümayəndələri xüsusi sertifikatlarla təltif edilib.
Xatırladaq ki, oktyabr ayında yekun vurulmuş beynəlxalq Quran qiraəti musabiqəsində də Azərbaycan təmsilçiləri 2-ci və 3-cü yerlərə layiq görülüb.
Növbəti 2018-ci il üçün İslam Dünyası Gənclər Paytaxtı olaraq isə İƏT Gənclər Forumunun qərarı ilə Fələstinin Qüds şəhəri seçilib.
Digər xəbərlər
loading...