ABŞ Prezidenti Donald Trampın açıqladığı milli təhlükəsizlik strategiyası hazırda ciddi müzakirə mövzusudur.
Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər sözügedən konsepsiya, onun başlıca hədəf və məqsədləri haqda Teleqraf.com-un suallarına cavab verib.
MilliYol.Az həmin müsahibəni təqdim edir:
– Sülhəddin bəy, ABŞ Prezidenti Donald Tramp təhlükəsizlik strategiyasını açıqlayıb. Bu sənədlə bağlı ilkin təəssüratınız nədən ibarətdir?
– Söhbət 70 səhifəlik sənəddən gedir. Hələlik bu sənədin ana xəttləri və başlıca istiqaməti ilə tanışıq. Görünən odur ki, Tramp seçki öncəsi verdiyi vədlərin milli təhlükəsizlik strategiyası sənədində əks etdirilməsinə çalışıb. Sənəddə hər şeydən öncə ABŞ-ın milli maraqlarının qorunması ön plana çəkilib və bu da təbiidir. Hər bir dövlət ilk növbədə öz milli maraqlarını öndə tutur.
İkincisi, Tramp seçkiqabağı kampaniyasında “Hər şeydən öncə Amerika” şüarını səsləndirirdi, deyirdi ki, Amerikanı böyük etmək niyyəti var. Bu mənada çalışıb ki, milli təhlükəsizlik strategisiyasında da bu şüar öz əksini tapsın.
Üçüncüsü, ABŞ-ın oturuşmuş milli təhlükəsizlik konsepsiyası var. Bu mənəda Trampın təhlükəsizlik strategiyasında Rusiya və Çinin başlıca qlobal təhdid kimi göstərilməsi də gözləniləndir. Eyni zamanda İran və Şimali Koreyanın təhdid kimi qeyd edilməsi də başa düşüləndir. Prinsipcə, Trampın yeni adlandırdığı təhlükəsizlik strategiyasında əslində yeni bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, Mark Master bu sənəd elan edilməzdən əvvəl əsas ana xətləri elan etmişdi. Düşünürəm ki, Tramp hakimiyyətə gəldikdən sonra apardığı siyasətin başlıca xətləri yeni sənəddə öz əksini tapıb. Başlıca təhdid olaraq Rusiya və Çin, regional təhdid olaraq İran və Koreya göstərilib. Eyni zamanda sənəddə qlobal təhdidlər sırasında beynəlxalq terrorizm göstərilir.
Dördüncüsü, ABŞ-ın əvvəlki təhlükəsizlik konsepsiyasında ABŞ və müttəfiqlərinin birgə hərəkətinə, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilirdi. Trampın strategiyasında isə buna rast gəlinmir. Trampın sənədində daha çox ABŞ-ın tək hərəkət edəcəyi, öz maraqlarına daha çox önəm verəcəyi hiss edilir. Deyərdim ki, Trampın təhlükəsizlik strategiyası ilə əvvəlki prezidentlərin qəbul etdiyi təhlükəsizlik strategiyaları arasında əsas fərqlər taktikilarla bağlıdır, strateji hədəflərdə ciddi dəyişiklik yoxdur.
– Prezident Obamanın təhlükəsizlik strategiyasında Çin Amerikanın portniyoru kimi təqdim edilirdi. Tramp isə Çini ABŞ-ın zəifləməsinə çalışan dövlət kimi təqdim edir…
– Bunun konkret səbəbi var. Çin Kommunist Partiyasının sonuncu qurultayında partiyanın rəhbəri bəyan etdi ki, Çin dövləti 2030-cu ildə qlobal liderlik iddiasını ortaya qoymağa çalışır. 2030-cu ilə də çox qalmayıb və strateji baxımdan 12 illik müddət böyük zaman hesab edilmir.
– Trampın strategiyasında Misir və Səudiyyə Ərəbistanı ABŞ-ın əsas müttəfiqi kimi göstərilir, ancaq Türkiyədən bəhs edilmir. Sizcə, niyə?
– Bir daha qeyd edim ki, bu sənəddə yenilik yoxdur. Trampın hakimiyyətə gəldiyi gündən indiyə qədər apardığı siyasətin ana xəttləri strategiyada öz əksini tapıb. Trampın İranı hədəfə çıxarması, anti-İran koalisiyasını yaratması və burada Misirlə Səudiyyə Ərəbistanını əsas müttəfiq kimi görməsi əslində bəllidir. Bu ilin may ayından əslində bu siyasətin reallaşdırılmasına strat verilib. Deməyim odur ki, faktiki olaraq reallaşdırılan bu siyasətin təhlükəsizlik strategiyasına salınması “yenilik” hesab oluna bilər.
– Türkiyənin adının çəkilməməsi məsələsi haradan qaynaqlanır?
– Türkiyənin adının çəkilməməsi Ankara-Vaşinqton gərginliyindən doğur. Bir tərəfdən ABŞ administrasiyası Türkiyəyə əvvəllər olduğundan fərqli olaraq indi səmimi müttəfiq kimi yanaşmır. Çünki yeni dünya nizamının qurulmasında, xüsusilə, Orta Şərqdə Ankara və Vaşinqtonun maraqları toqquşur. Digər tərəfdən, ABŞ həddən artıq Türkiyənin üzərinə gəlir, Ankaranı qıcıqlandırır. Milli təhlükəsizlik strategiyası isə milli təhükəsizlik sahəsində əsas fundamental sənəddir. NATO müttəfiqinin adının bura salınması ola bilsin ki, siyasi-diplomatik və etika baxımından doğru olmazdı. Yəni bu durum real siyasi vəziyyəti əks etdirir.
– Bu strategiya ilə sanki ABŞ inteqrasiya prosesinə yox deyir, immiqrasiya məsələləri ilə əlaqədar sərhədlərini qapayaraq 50 il əvvələ gedir. Buna səbəb nədir?
– Məncə, bu sənədi dərindən analiz etsək görərik ki, Tramp və komandasının Rusiya ilə münasibətləri dərin qatlarda yatır. Sənəddəki taktiki dəyişikliklər, onun kökləri Tramp və komandasının Rusiya ilə münasibətlərinə gedir.
– Fikirlərinizi genişləndirə və əsaslandıra bilərsinizmi?
– Diqqət edirsinizsə, Trampın təhlükəsizlik strategiyası Amerika liderliyinə dəstək və yardımçı olan bütün institutlara qarşı çıxır. Əvvəlcə bunu daha açıq ifadə edirdi. Təzyiqlərdən sonra ritorikasında bir qədər geri çəkilib, amma hərəkətlərində geri çəkilmiş kimi görünmür. NATO-ya, Avropa Birliyinə, Trans Atlantik məsələlərə münasibət, Asiya-Sakit okean zonasında Azad Ticarət və Sənaye anlaşmasından çıxmaq kimi məqamları nəzərdə tuturam. Sonuncu müqaviləyə oxşar bir razılaşmanın ABŞ-Avropa Birliyi arasında əldə edilməsi gözlənilirdi. Bunların hamısı ABŞ-ın dünya liderliyinə dəstəyi və yardımçı xarakter daşıyırdı. İndi isə dünya liderliyinə idda edən Rusiya və Çin dövləti var. Trampın məlum hədəfləri əslində Rusiya və Çinin hədəfləri ilə üst-üstə düşür. Mənə elə gəlir ki, Trampın ABŞ milli maraqlarına vurduğu başlıca zərbə bundan ibarətdir. Düşünürəm ki, ABŞ-ın özün də bu məsələlərin üstü nə zamansa açılacaq.
– Tramp strategiyasında iqlim kimi mühüm məsələyə də yer ayrılmayıb…
– Bəli. Bir dövlətin qlobal liderliyinin göstəricisi həmin dövlətin dünyada sülh, sabitlik, təhlükəsizlik, eyni zamanda qlobal məsələlərdə aktiv iştirak etməsidir. Trampın tutduğu xətt isə tam olaraq bunun əksidir. Bu da Rusiya və Çinin, eyni zamanda qlobal liderlik iddiasında olan, amma hələlik bu iddiasını ortaya qoymayan güc mərkəzlərinin, ABŞ-ın qlobal liderliyindən narazı olan dövlətlərin maraqları ilə üst-üstə düşür.
– Əgər dedikləriniz ciddi təhlilin nəticəsidirsə, bu zaman ABŞ-da siz dediklərinizi nəzərə almırlarmı?
– Amerika dərin dövləti Trampın hakimiyyətdən uzalaşdırılması proseduruna başlayıb. Həm Respulikaçılar, həm də Demokratlar partiyasından olan dərin dövlətin nümayəndələri bunun ciddi müzakirəsini aparırlar və bu istiqamətdə addımlar atmağa hazırlaşırlar. Yəqin ki, yaxın aylarda mətbuat bu haqda daha geniş yazacaq.
– Yeri gəlmişkən, Trampın təhlükəsizlik konsepsiyanın açıqlaması ilə paralel olaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompey Səudiyyə Ərəbistanına səfər edib. Bu səfəri necə qiymətləndirmək olar?
– Bu sadəcə olaraq, ABŞ-ın Yaxın Şərq siyasəti, eləcə də bu siyasətin müsəlmanlar arasında yaratdığı reaksiya ilə bağlıdır. Bütün müsəlman dünyasında Tramp administrasiyası və Amerikaya münasibət pisləşib. Bu daha çox Qüds qərarı ilə bağlıdır. ABŞ isə öz niyyətindən geri durmaq niyyətində deyil. Odur ki, yaxın müttəfiqi olan Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi və İsraillə birgə hərəkət etməyə davam edəcək. Görünür, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi də Qüds qərarından sonra vəziyyəti yerində öyrənmək üçün regiona səfər edib.
– ABŞ-ın vitse-prezidenti Mayk Pencenin yanvarda baş tutacaq Misir və İsrail səfərindən nə gözlənilir?
– Mayk Pensin bu səfəri əvvəlcədən nəzərdə tutulurdu. Sadəcə olaraq, Vaşinqtonun Qüds qərarından sonra bu səfər ertələndi. Səfər 2018-ci ildə baş tutacaq. Hesab edirəm ki, bu səfərə də ABŞ-ın müsəlman ölkələri və İsraillə münasibətləri kontekstində baxmaq lazımdır.
MilliYol.Az
Digər xəbərlər
loading...