2000-ci il idi və Rusiya Federasiyası prezidentinin səlahiyyətlərini yerinə yetirən Vladimir Putin özünün ilk kampaniyasını aparırdı
Putin, jurnalistlərə verdiyi müsahibəsində Almaniya kansleri Helmut Kolun rəqibi Herhard Şröderə məğlub olması ilə bağlı belə söyləmişdi: “Bir liderdən, hətta Kol kimi güclü birindən də, 16 il ərzində istənilən xalq, hətta almanlar kimi sabit xalq da yorular. Onlar bunu vaxtında anlamalıydılar”.
Üç rusiyalı jurnalistin hazırladığı “Birinci şəxs tərəfindən” adlı kitabda yer almış bu fikirlər, indi demək olar ki, heç bir əhəmiyyət kəsb etmir. I Putin öz yerini II Putin və III Putinə verib. Çox yaxın zamanda IV Putin dövrü başlayacaq. 17 ildən artıq müddətdə hakimiyyətdə olan dövlət başçısı dördüncü dəfə öz namizədliyini irəli sürüb. Bu ona 2024-cü ilədək hakimiyyətdə qalmağa imkan verir. Yəqin ki, 2000-ci ildə onun tərəfindən deyilmiş başqa bir fikrə hamının diqqət yetirməsi yaxşı olardı. O zaman Putin deyirdi: “Monarxa onun seçilib-seçilməyəcəyini düşünmək lazım deyil və bu elektorata təsir göstərmək üçün xırda konyukturadır. O, belə xırdalıqlara əhəmiyyət vermədən öz xalqı barədə düşünməlidir”.
- Prezidentliyə namizəd
18 marta nəzərdə tutulmuş seçkilərdəki (Krımın ilhaqının ildönümü) kampaniya həqiqətən də Kreml üçün “xırdaçılıq” ola bilər. Putin rəsmi surətdə öz namizədliyini 6 dekabrda, yəni seçkilərə dörd aydan az qalmış bir vaxtda elan edib. Bu istiqamətdə xüsusi səy göstərməyə səbəb yoxdur: onsuz da hamı bilir ki, dördüncü müddət baş tutacaq. Hər necə olsa da, o, namizədliyi barəsindəki bəyanatını yaxşı və dəqiq hazırlanmış iki səhnədə verib – Moskvanın “Meqasport” arenasında minlərlə gənc arasında və Nijni Novqoroddakı “GAZ” zavodunun əməkdaşları ilə görüş zamanı.
Vladimir Putin işini davam etdirmək arzusunu izah etməyə də ehtiyac duymur. Bir neçə söz deməklə kifayətlənib: “Rusiya yalnız irəli gedəcək və irəliyə hərəkətdə onu heç kim və heç zaman durdura bilməyəcək”. Amma əgər digər ölkədə olsaydı, onda dağılan xəstəxanlar, əhalinin dörd ildir ki, düşən gəlirləri, Suriyaya hərbi müdaxilə, korrupsiya, iqtisadi və idman sanksiyaları barəsində qızğın debatlar getmişdi…
İndi Rusiyada belə bir şey ümumiyyətlə yoxdur. Ola bilər ki, Beynəlxalq Olimpiya Komitəsinin Rusiyanı Qış Olimpiadasında iştirakdan kənarlaşdırmaq haqqında qərarı, vəziyyəti nəzarət altına almaq üçün dövlət başçısını planlaşdırdığı qrafiki bir qədər dəyişməyə məcbur edib. O ki qaldı yerdə qalan başqa məsələlərə, heç kim Putinin fəaliyyətinin yekunlarını və proqramını müzakirəyə çıxarmır. Amma deyəsən belə bir sual gərginlik yaradır: “Putinsiz necə yaşamaq olar?”
Əsas müxalifətçi Aleksey Navalnı iddia edir ki, Putin Rusiyada monarx kimi daha çox qalmağa, sonra isə hakimiyyəti ailədən birinə ötürməyə çalışır.
Navalnının özü prezident kürsüsü uğrunda mübarizə aparmaq niyyətini hələ bir il bundan öncə elan etmişdi, lakin o heç start xəttində də olmayacaq. Mərkəzi Seçki Komitəsi bildirir ki, ən azından 2028-ci ilədək o seçkilərdə iştirak edə bilməyəcək. Bunun səbəbi Navalnının maliyyə fırıldağında ittiham edilməsidir. Navalnı isə, bunun tamamilə quraşdırma olduğunu deyir.
- Gələcək mübarizə
Amma hətta Navalnı seçkilərdə iştirak edə bilsəydi də, qələbəyə xüsusi ümid bəsləməyə dəyməzdi. Navalnının başlıca gücü onun alternativ təqdim etməyində yox, Rusiya cəmiyyətində siyasətə maraq oyatmasındadır. Hamı tərəfindən unudulmuş şəhərlərə yalnız o səyahət edib. Navalnı Rusiyanın mərkəzdən uzaq regionlarında qərargahlar açıb və öz narazılıqlarını söyləmək istəyən rusiyalıları küçələrə çıxarıb, gəncləri özünə cəlb edib.
Müxalifət “post Putin” dövrünün nə zaman gələcəyini bilmədən həmin dövrə hazırlaşır. Xaricdən “Açıq Rusiya” müxalifət hərəkatını idarə edən keçmiş oliqarx Mixail Xodorkovski deyib ki, bu seçkilərdən dəyişikliklər gözləməyə dəyməz. Lakin o, gələcək mübarizəyə hazırlaşmağı təklif edir. Hamının fikrinə görə, altı illik mandat artıq Putinin əlindədir. Dövlət başçısının əsas işi vətəndaşların seçkilərdəki iştirakının təmin olunmasıdır.
Etiraf etmək lazımdır ki, Putin tamamilə əsaslı olaraq bəyan edə bilər ki, Rusiyanı beynəlxalq arenada əsas mövqeyə qaytarıb. Sanksiya və tənqidlərə baxmayaraq, heç bir dövlət başçısı Rusiya paytaxtına getməyə utanmır. Amma bunlara baxmayaraq, daxili planda vəziyyət tamamilə başqa cürdür. İqtisadi çətinliklər, Ukrayna münaqişəsi ilə bağlı gərginlik, Qərb və ABŞ ilə münasibətlərin kəskinləşməsi, narazıların səsinin boğulması – bütün bunların hamısı “Rusiya” adlı mühasirəyə alınmış qala barəsində bitmək bilməyən kampaniyanın fonuna çevrilir.
(“Le Monde” – Fransa)
MilliYol.Az
Digər xəbərlər
loading...