Bu gün Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş tərkibdə iclas keçirilib.
Bu barədə MilliYol.Az nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib, son dövrlərdə həyata keçirilən islahatlar, qoşunların döyüş hazırlığının vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.
Müdafiə naziri 2017-ci ildə xidməti döyüş hazırlığının yekunları və 2018-ci tədris ilində qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını xüsusi qeyd edən Müdafiə naziri Ali Baş Komandanın rəhbərliyi ilə son illər ərzində əldə edilən nailiyyətlərdən danışıb.
General-polkovnik Z.Həsənov cari ildə görülən tədbirlərin təhlilini apararaq döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin artırılması məqsədilə 2018-ci tədris ilində qarşıda duran əsas vəzifələrin icrası ilə əlaqədar komandir-rəis heyəti qarşısında tapşırıqlar qoyub.
Müdafiə nazirinin əmrinə əsasən, 2017-ci tədris ilində döyüş hazırlığının yekunlarına görə xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sonda kollegiya iclasının qərar layihəsi müzakirə edilərək qəbul olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...