Sevda Sultanova yazır
Bir neçə gün əvvəl, müğənniliyi haqda heç bir təsəvvürüm olmayan Afaq Aslanın Lent.az-da yayımlanan çılpaq fotolarına rastladım.
Belə anladım ki, xanım vaxtaşırı açıq-saçıq foto-sessiyalarla gündəmə gəlirmiş.
O, “Bu fotolar çox kişinin nəfəsini kəsəcək” sözləri ilə, cisminin çılpaqlığı ilə çağırış eləyir, meydan oxuyur.
Fikir vermişəm, axır illərdə aktrisalar, aparıcılar, müğənnilər açıq foto-sessiyalara həvəsləniblər. Hətta sosial şəbəkələrdə incəsənətlə bağlılığı olmayan xanımlar yarımçılpaq fotolarını həvəslə yayımlayır.
Yəni söhbət konkret Afaq Aslandan getmir. Və problem kiminsə bədənini çılpaq şəkildə publikaya təqdim etməsində də deyil.
Məsələn, mən tabloya köçürülmüş çılpaq qadın rəsmlərini də, fotoları da sevirəm. Hətta Qustav Klimt dirilib gəlsəydi, məmnuniyyətlə özüm çılpaq naturaçı olardım...
Məsələ təqdim olunan çılpaqlığın nəsə bir məzmun kəsb etməsinin əhəmiyyətindədir.
Afaq Aslana və digərlərinə elə gəlir ki, əgər sən çılpaq və ya yarımçılpaq obyektiv qarşısına keçirsənsə, mütənasib vücudunla poza verirsənsə, bununla öz seksuallığını nümayişə çıxarırsan.
Görünən budur ki, bizdə seksuallıq haqda yanlış, lokal təsəvvürlər mövcuddur.
Seksuallıq hamam dəsmalına bürünüb, çılpaq döşləri qucaqlamaq və ya çarpayıda qurbağa tərzi ilə oturmaq deyil.
Seksuallıq geniş anlayışdır, böyük mədəniyyətdir, o, bir davranış sistemidir.
Təsadüfi deyil ki, bu anlayış özündə təkcə fizioloji yox, eyni zamanda psixoloji, sosial, mədəni, siyasi, dini aspektləri cəmləşdirir. Müxtəlif seksual mədəniyyətlər mövcuddur. Və bu haqda dünyada onlarla kitab yazılıb.
Bizim toplumda seksual mədəniyyət, onun müxtəlif tərəflərdən analizi isə böyük araşdırma mövzusudur. Bu, başqa və çox daha ciddi mövzudur.
Foto sənəti çərçivəsində isə təbii ki, seksuallıq anlayışının sərhədləri kiçilir.
Seksuallıq təkcə bədənin açıqda qalan hissələrinin nümayişi deyil, daha çox sənin həmin andakı emosiyalarının, ruhunun, həyəcanının bədən vasitəsilə ötürülməsidir, gözlərinin ifadəsinin vücudunun vəziyyətinə uyğun dil tapmasıdır.
Bədənin plastikasında istəyini, şəhvətini, ehtirasını, ağrını, xiffətini, başqa bir bədənə susadığını və s. duyğuları ifadə etmək bacarığıdır. Üstəlik, xırda, amma vacib nüanslar müəllif tərəfindən hiss edilərək uyğun rakurslarda lentə köçürülməlidir. Bu halda bədən özünün fizioloji mahiyyətindən kənara çıxaraq başqa mənalarla yüklənir.
Afaq Aslanın foto-sessiyasında isə rakurslar biçimsiz, sıradandır, primitiv və vulqardır. Baxışlar boş, ifadəsiz, üstəlik saxtadır, seçilən məkan statikdir, fotolarda zərrə qədər erotizm, qadın individuallığı, sözün böyük anlamında gözəllik, cazibə yoxdur.
Ona görə də belə səpgili fotolarda təqdim olunan bədən yalnız fiziki məna daşıyır. O, istehlaka təklif olunan ət parçasından başqa bir şey ola bilmir.
Bu mənada Afaq Aslan və onun kimi belə formatda fotolar çəkdirənlər əslində özləri-özlərinə, anlamadan, fərqinə varmadan təhqiramiz münasibət bəsləyirlər.
Bir qadının seksuallığını nümayiş etdirmək, kiməsə meydan oxuması, çağırış etməsi üçün illah da ki, çılpaqlığa ehtiyacı yoxdur. Bir hərəkət, jest, yeriş, baxış çılpaq bədəndən daha çox çağırış edə və effektli ola bilər. (kulis)
Digər xəbərlər
loading...