“Azərbaycanda yaşlı əhali qruplarına düşən pensiya xərcləri inkişaf etmiş ölkələrin göstəricisinə uyğundur”
Cebhe.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev deyib.
Onun sözlərinə görə, son vaxtlar bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş yazılarda adambaşına pensiya xərcləri üzrə Azərbaycanın guya inkişaf etmiş ölkələrdən təxminən 20 dəfə geri qalması barədə əksini tapan fikirlər mövzunun tam araşdırılmamasının nəticəsi kimi qiymətləndirilə bilər:
“Bu qəbildən olan yazılarda pensiya xərclərinin ümumdaxili məhsulda xüsusi çəkisi ilə bağlı natamam təhlillər, eləcə də ölkəmizdə pensiya təminatına dair mənbəyi bəlli olmayan məlumatlar cəmiyyəti çaşdırmağa, ölkəmizin sığorta-pensiya sistemində qabaqcıl dünya təcrübəsinə uyğun aparılmış islahatların müsbət nəticələrini gözdən salmağa yönəlib. Pensiya təminatı kimi çoxşaxəli sosial-iqtisadi və demoqrafik amillər sisteminn təsirlərinə məruz qalan bir sahəyə dair əsaslı qiymətləndirmə aparmadan, demoqrafik xüsusiyyətlər, əhalinin yaş tərkibi və pensiya xərclərinin əsaslı hissəsinin benefisiarı olan yaşlı əhalinin xüsusi çəkisi, bütövlükdə demoqrafik proseslər və qlobal miqyasda əhalinin yaşlanması meylləri, bütün bunların milli iqtisadiyyatın müxtəlif sektorları ilə qarşılıqlı təsirləri nəzərə alınmadan, Azərbaycanın müxtəlif ölkələrlə “müqayisəli təhlil” cəhdləri baxılan məsələnin mürəkkəb və dərin mahiyyətinə tam varılmadığını göstərir. Bu amillərin vacib rolu barədə çox kiçik bir araşdırma aparmaqla, qeyd olunan yazılarda istinad edilən adambaşına pensiya xərci kimi bir göstəricinin müqayisə üçün uyğun olmadığını anlamaq mümkündür.
Təkcə onu demək yetərlildir ki, BMT-nin 2017-ci il üçün proqnozlarına əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dövlət pensiya sisteminin dominant rola malik olduğu üzv ölkələrindən Polşa, İspaniya, Avstriya, Belçika, Fransa, Almaniya, İtaliya üzrə yaşı 60 və yuxarı olanların əhalinin ümumi sayında xüsusi çəkisi Azərbaycanın eyni göstəricisindən 2,4-2,9 dəfə çoxdur. Digər tərəfdən, sadalanan ölkələrdən bəzisinin əhalisinin sayının Azərbaycan əhalisinin sayından 4-8 dəfə (Polşa, İspaniya, İtaliya, Fransa və Almaniya) çox olması da nəzərə alınmalı vacib amildir. Aydındır ki, bütün bunlar ölkələr üzrə pensiya sistemi benefisiarlarının sayının və nəticə etibarı ilə pensiya xərclərinin həcminin, eləcə də bu xərclərin ÜDM-ə nisbətinin ciddi şəkildə fərqlənməsini şərtləndirir. Meydana çıxan belə fərqlər isə ölkələrin pensiya təminatı vəziyyətinin müqayisəli qiymətləndirilməsində yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbətinin daha məqsədəuyğun göstərici olduğunu ortaya qoyur. Çünki bu meyar ölkələr arasında müqayisəli təhlilin nəticələrində demoqrafik xüsusiyyətlərin uzlaşmamasından doğa biləcək fərqləri aradan qaldıraraq, tutuşdurulan göstəriciləri ahəngləşdirməklə daha dolğun və obyektiv müqayisəni təmin edir”.
Elman Babayevin fikrincə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzrə ən son açıqlanan məlumatlar əsasında hesablamalar göstərir ki, yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti Polşada 0,43 faiz, İspaniyada 0,46 faiz, Avstriyada 0,54 faiz, Belçikada 0,41 faiz, Fransada 0,53 faiz, Almaniyada 0,36 faiz, İtaliyada 0,56 faiz olmaqla Azərbaycan üzrə eyni göstəriciyə (0,5 faiz) yaxındır və göründüyü kimi, hətta bəzi hallarda aşağıdır. Bu isə respublikamızda yaşlı insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,5 faizi həcmində düşən pensiya xərcinin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin göstəricisinə uyğun olduğunu əyani şəkildə təsdiqləyir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan üzrə 0,5 faizlik bu göstərici postsovet ölkələrindən Belarus (0,45 faiz), Gürcüstan (0,22 faiz), Qazaxıstan (0,34 faiz), Rusiya (0,36 faiz), Ukrayna (0,46 faiz), eləcə də Baltikyanı ölkələrin (orta hesabla 0,28 faiz) göstəricilərini üstələyir:
“Ayrıca vurğulamaq istərdim ki, əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə əhalinin sosial müdafiəsi məsələlərinin daim xüsusi diqqət mərkəzində saxlanması nəticəsində sosial proqramlar vaxtında və tam icra edilir, yeni-yeni sosialyönümlü təşəbbüslər reallaşdırılır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 460 min nəfər müxtəlif növ müavinətlər, 97 min ailənin 400 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 326 milyon manatdan çox vəsait ödənilir.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının ötən ilin yekunları üzrə statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinə görə postsovet ölkələri arasında ilk ikilikdə yer alan Azərbaycan 42,8 faizlik yaşa görə pensiya üzrə əvəzetmə əmsalı ilə 1-ci yerdə qərarlaşmışdır (qeyd edim ki, 1 oktyabr 2017-ci il tarixə bu göstərici bir qədər də artaraq 43,4 faiz təşkil etmişdir). Hazırda ölkəmizdə dünyada ən sadə və hər kəsin öz fərdi hesabına ödədiyi sosial sığorta haqlarının formalaşdırdığı bir pensiya sistemi fəaliyyət göstərir və beynəlxalq təşkilatlar tərəfindən bu sahədə aparılan islahatlar yüksək qiymətləndirilir. Eyni zamanda, pensiya islahatlarının baza prinsip və əsaslarını özündə ehtiva edən 2014-cü ildə təsdiq olunmuş Konsepsiyaya uyğun olaraq müəyyən edilmiş istiqamətlər üzrə mütərəqqi islahatların davam etdirilməsi, bu əsasda məcburi dövlət sosial sığorta haqqı normativinin strukturunun təkmilləşdirilməsi, könüllü sosial sığortalanmaya söykənən müasir pensiya alətlərinin, o cümlədən qeyri-dövlət pensiyalarının tətbiqi nəzərdə tutulur”.
Digər xəbərlər
loading...