“2014-cü ildə Fransanın sabiq prezidenti Fransua Ollandı Qafqaz ölkələrinə rəsmi səfərdə müşayiət edirdim. Biz üç ölkəyə - Azərbaycan, Gürcüstan və Ermənistana səfər etməli idik. Lakin Ermənistana getməkdən imtina etdim”
Bu sözləri fransalı deputat Andre Villie Report-un Fransa bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, həmin gündən Azərbaycanı müdafiə etməyə başlayıb: "Prezidentlə eyni təyyarədə səfər edirdim. Fransua Ollanda Yerevana getmək istəmədiyimi bildirdim və Bakıda təyyarədən endim. Daha sonra ona Tbilisidə qoşuldum.
Mən Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələri qurmuşdum. Azərbaycanla münasibətlərimə zərər gətirə biləcək addımlara yol vermirdim. İstəmirdim ki, bu ölkədə mənə inam itsin. Dostluğa sadiq insanam".
Andre Villie qeyd edib ki, Azərbaycana ilk səfəri zamanı senator olub: "Fransaya qayıtdıqdan sonra Ermənistanın Dostları Assosiasiyası adından məktub aldım. Məktubda məndən Azərbaycana getməyimin səbəbini izah etməyim kobud bir şəkildə tələb edilirdi. Təbii ki, heç kimə ezamiyyətdə olmağımla bağlı izahat verməyə məcbur deyiləm. İstədiyim ölkəyə azad şəkildə gedib-gəlmək hüququna malikəm. Mənə qarşı olan bu təzyiq məni Azərbaycana daha artıq yaxınlaşdırdı. Azərbaycan ilə dostluğumu daha da möhkəmləndirdi. Azərbaycanın vəziyyətini başa düşməyə mənə imkan verdi. O gündən bu ölkəni müdafiə etməyə başladım".
Deputat qeyd edib ki, Azərbaycan gənc dövlətdir: "Gənc dövlətə barmaq silkələməyin əleyhinəyəm. Gənc dövlətləri dəstəkləməliyik. Xüsusilə Azərbaycanda qısa bir müddətdə insan hüquqlarının inkişafı sahəsində uğurlu addımlar atılıb. Bu ölkənin son illər nümayiş etdirdiyi tərəqqi göz qabağındadır. Təbii ki, hələ görüləsi işlər çoxdur.
Gənc dövlətlərə inkişaf etmək üçün zaman tələb olunur. Mən Azərbaycanda ölüm hökmünün 20 il əvvəl ləğv edilməsini, qadınlara səsvermə hüququnun verilməsinin 100 illik tarixi olmasını yüksək qiymətləndirirəm".
Digər xəbərlər
loading...