Qüds hadisələri bir presedent kimi yararlanmaq üçün Azərbaycana daha çox şans verən olaydır
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Qüds məsələsinin ABŞ-ın və Prezident Donald Trampın başına bəla olacağı istisna edilmir:
“Bu qərar geri götürülənə qədər ABŞ-da, Yaxın Şərqdə, həm Qüdsün özündə, həm də İsrailin müxtəlif bölgələrində terrorçu qruplaşmaların fəallığı artacaq. Düşünülməmiş və ABŞ-ın xarici siyasət prioritetlərinə uyğun olmayan, beynəlxalq hüquqla ziddiyyət təşkil edən bu qərarın ABŞ üçün ciddi qınaq mənbəyinə çevriləcəyi şəksizdir. Tramp artıq bütün dünyanın tənqid obyektinə çevrilib. Hətta Qərb ölkələrinin siyasi liderləri də Trampın bu qərarına qəbul etmirlər. Müsəlman dünyası da bir-birinin ardınca Trampın bu qərarına qarşı bəyanatlar səsləndirirlər. İƏT-in toplanacağı da gözlənilir. Bu mühüm təşkilatdan çox ciddi qərarların çıxacağı qənaətindəyəm. ABŞ belə qərar verməsinə baxmayaraq, öz səfirliyini də uzun müddət Qüdsə köçürməyəcək və bu qərar havadan asılı olaraq qalacaq”.
Politoloq erməni mediasında Qüds qərarından sonra Trampın növbəti addım kimi qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımalı olması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Ermənilərin uydurmalarının heç bir perspektivi yoxdur. Ermənilərin bu ümidlərinin boşa çıxacağı gün kimi aydındır. Çünki Qüds elə məsələdir ki, ermənilər ondan simvolik də olsa, pay çıxara bilməz. Trampın Dağlıq Qarabağla bağlı hər hansı bir gediş edəcəyi, hətta ermənilərin səfeh şəkildə Qarabağ separatçılarını tanıyacağı ilə bağlı səsləndirdiyi iddialar mifdən başqa bir şey deyil. Əksinə, Azərbaycanın bu məsələdən istifadə edərək işğal altında olan torpaqlarımız barədə iddialarla çıxış etməsi üçün daha real imkanları var. Məsələn, Xankəndinin statusu məsələsinə Azərbaycanın iddialar qaldırmaq haqqı var. Azərbaycan Şuşa ilə bağlı daha ciddi iddialar səsləndirə bilər. Çünki Şuşa Azərbaycan xalqının mədəniyyət mərkəzidir və bu şəhəri həmşə “Azərbaycanın konservatoriyası” adlandırıblar. Ümumiyyətlə, Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu hamı, elə ermənilər də yaxşı bilir. 3 səmavi dinin mərkəzi olan və 3 sivilizasiyanın bir araya gəlib dinc, yanaşı yaşamağının nümunəsi olan Qüdsə qarşı ABŞ belə hərəkət edirsə, torpaqlarımızı işğal altında saxlayan, milli-mədəni mərkəzlərimizi işğaldan sonra darmadağın edən erməni vandalizminə qarşı dünya və ABŞ Prezidenti Tramp niyə biganədir? Bu istiqamətdə təbliğat qurulmasına və fəal işlər görülməsinə ehtiyac var”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq səfirliyin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verib.
Digər xəbərlər
loading...