Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva “Azadlıq” qəzetinə müraciət göndərib. Müraciətdə o, qardaşının günahsız yerə həbsdə saxlanmasından bəhs edir və ölkə başçısının nəhayət, həqiqəti araşdırıb ədalətli qərar verəcəyinə inamını bildirir.
Qeyd edək ki, müraciətdə səslənən ittihamların arxasında birbaşa Cahangir Hacıyevin dayandığı şübhə doğurmur. Çünki, ən azı bacısının Hacıyevdən xəbərsiz belə bir müraciət yayması inandırıc deyil. Bunun oxşar ittihamları C. Hacıyevin vəkilinin səsləndirməsi də təsdiqləyir. Bu isə Hacıyevin açıq şəkildə maliyyə naziri Samir Şərifovu hədəfə aldığını söyləməyə əsas verir.
Müraciətdə deyilir:
Qardaşım Cahangir Hacıyev nəyə görə həbs olunub?
Qondarma “oliqarxların” istintaq işi sona çatmaq üzrədir. Maliyyə Nazirliyinin qabaqcadan düşünülmüş çoxsaylı auditor yoxlamaları pul vəsaitləri ilə əlaqəsi olan faktlar aşkar edə bilmədi. FHN-nin son yoxlamaları da müsbət nətcələr verdi. ABB-dan götürülən kreditlər təyinatı üzrə istifadə olunub. Heç kim heç nə oğurlamayıb. Bəs nə üçün bu müəssisələrin direktorları bütün ili həbsdə yatmalıdırlar?
Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün bu işgüzar və dövlətə mənfəət gətirən müəssisələrin fəaliyyəti dayandırılıb. İş yerləri tam bağlanıb. Nəinki direktor, eləcə də orada işləyən işçilər də zərər çəkib. Bunu bir təxribat kimi qələmə vermək olar. Belə bir sual ortaya çıxır – Maliyyə Nazirliyi nə məqsəd güdürdü?
İndi isə kreditlərin verilməsi barədə Cahangirə qarşı irəli sürülən ittihama keçək. Heç kim üçün sirr deyil ki, çoxsaylı kreditlərin verilməsi bir adamın işi deyil. Verilən kreditlər uzun bir yol keçir: kredit komitəsi, Mərkəzi Bank və sonda Maliyyə Nazirliyinin Müşahidə Şurası. Axı Cahangir bu idarələrin yanından ötməklə necə özbaşına kredit verə bilərdi? Maliyyə Nazirliyi hara baxırdı?
Əgər kreditlərin verilməsi cinayətdirsə, onda buna görə yalnız bir adamı günahlandırmaq ədalətlidirmi?
İstənilən savadlı insan bilir ki, bankların əsas fəaliyyəti kredit verməkdən ibarətdir. Bu halda həm də kreditlər problemli hesab olunmurdular. Onda bəs Cahangirin günahı nədədir?
Axı bütün bu zavod və müəssisələr Azərbaycan torpağında qalacaq. Bundan başqa mən həm də bilmək istərdim ki, mənim xaricə çıxışıma icazə verməmək əmrini kim verib? Nə üçün mən Azərbaycan hüdudlarından kənara çıxa bilmirəm? Yalnız buna görə ki, Cahangir Hacıyevin bacısıyam? Nə üçün mənə anamızın vəfatından sonra üzərinə həbs qoyulan əmlak üzrə vərəsəlik hüququmdan istifadə imkanı verilmir? Ailəmizin heç bir sənədini təsdiq etməmək kimi məxfi əmri Asan Xidmətə kim verib?
Hansı haqla ABB 2015-ci ilin iyul ayında ailəmizə məxsus səhmlərin alqı-satqısı üzrə sövdələşməni həyata keçirərək, bizə bir qəpik də verməmiş və Cahangirin kartoçkasını ödəməmişdir? Belə çıxır ki, bankın rəhbərliyi bizim vəsaitləri qanunsuz şəkildə mənimsəyib.
Bütün bunlara kim cavabdehlik daşımalıdır? Nə üçün bir çox ölkələrdə savadlı maliyyəçi və bankir kimi tanınan və öz ölkəsi qarşısında böyük xidmətləri olan Cahangir, bir qrup insanın fitnəsi ucbatından həbsdə yatmalıdır? Axı o azadlıqda olsaydı dövlətimizə daha çox xeyir verə bilərdi. Əminəm ki, hörmətli prezidentimiz bütün bunları araşdıracaq və ədalətli qərar çıxaracaq”.
Bankirin ödədiyi 80 milyonun yarısı hara gedib?
Bu arada Cahangir Hacıyevin vəkillərindən biri Əfqan Məmmədov Turan-a maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, 2015-ci ilin may-iyun aylarında Cinayət Məcəlləsinin 179.3.3 (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Cahangir Hacıyev bu müddət ərzində 11 dəfə dindirməyə çağırılıb.
O, 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaq üçün istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb. Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. Istintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib: “Lakin bu, heç də yeganə ”sürpriz” deyil, belə ki, müvəkkilimin sözlərinə görə, məbləği 42 mln.-dan çox olan səhmlər bəzi şəxslərin kredit borclarını ödəmək üçün istifadə olunub, qalan hissəsinin haraya olduğu məlum deyil”.
Vəkilin sözlərinə görə, 308-ci maddəyə gəlincə, burada ittiham Beynəlxalq Bankın kreditlərinin fiziki şəxslərə verilməsi üzərində qurulub. Hacıyev bu ittihama etiraz edir ki, kreditləri şəxsən o deyil, bankın filialları verirdi və vəsait ayrılması məsələsini Kredit Komitəsi həll edirdi və Bankın Idarə Heyətinin bütün üzvləri tərəfindən təsdiq edilməsi üçün təqdim edirdi. Yalnız bundan sonra kredit verilirdi.
Bundan başqa, ayrılmış bütün kreditlər konkret layihələr üçün istifadə olunub ki, onlar mövcuddur və həyata keçirilir. “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 mln. mənimsəməkdə ittiham edirdilərsə, o isə 80 mln. qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim kimin vəsaitini mənimsəyib?”, – deyə vəkil bildirib.
Cahangir Hacıyev həmçinin vəsait qaytarıldıqdan sonra ona qarşı bu qədər sərt münasibət nümayiş etdirilməsini “başa düşmür”. Belə ki, o, DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib, burada onu 38 gün təcrid vəziyyətdə saxlayıblar, heç kimlə hər-hansı əlaqə yaratmasına icazə verməyiblər.
Hazırda Hacıyev Kürdəxanı Təcridxanasında saxlanılır və sözügedən ittihamlara əsasən onu 12 ilədək həbs cəzası gözləyir. “Ən maraqlısı bundadır ki, istintaq zamanı Hacıyev Beynəlxalq Bankdan kredit alan şəxslərin konkret adlarını açıqlayıb. Lakin bu şəxslərdən heç kim istintaqa çağırılmayıb. Amma istintaqın məntiqinə əsasən, Hacıyev mənimsəmədə ittiham olunsa, bu insanlar mənimsəmə faktının iştirakçılarıdır.Mənimsəmə olubsa, necə olur ki, onun bir iştirakçısını həbs edirlər, digərlərini isə məsuliyyətə cəlb etmirlər?”, – deyə vəkil sual edib.
“Hacıyev adını verdiyi şəxslərin çağırılıb dindirilmədiyini haradan bilir?” sualına cavabda vəkil deyib ki, bu halda faktla əlaqəsi olan hər kəs üzləşdirilməli idi, amma belə üzləşdirmələr olmayıb.
İrəli sürülmüş ittihamların nə dərəcədə əsaslı olduğu haqqında suala cavabda vəkil bildirib ki, mənimsəmədən söhbət gedə bilməz. Sui-istifadə haqqında danışmaq üçün də əsas yoxdur: “Bu, cinayət işi deyil, sırf mülki işdir və bu rakursda baxılmalıdır. Cinayət xarakterli əməl yoxdur, iş tövsif edilməlidir”.
Sonda o əlavə edib ki, Cahangir Hacıyevin bəzi qohumlarının da hüquqları pozulur, onların xaricə getməsi qadağan olunub.
Əfqan Məmmədov bu yaxınlarda Hacıyevin müdafiəsinə başlayıb və istintaq materiallarını əldə etmək üçün istintaqa müraciət etmək niyyətindədir. Vəkil iş üzrı istintaq Prokurorluğun deyil, DIN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin aparması ilə bağlı da təəccübünü bildirib. “Bu, Hacıyevin həbsinin əvvəlcədən planlaşdırıldığını göstərir”, vəkil belə hesab edir.
"Milli Yol"
Digər xəbərlər
loading...