ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra yaranan mürəkkəb vəziyyətlə bağlı politoloq Zərdüşt Əlizadə teleqraf.com-a müsahibə verib
MilliYol.AZ müsahibəni oxucularına təqdim edir:
– ABŞ Prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı olaraq tanıması və ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi haqda qərarını necə qiymətləndirirsiniz?
– Bu, tamamilə məntiqlidir. Cənab Tramp dedi ki, bu qərar ABŞ-ın milli maraqlarına cavab verir. Sözsüz ki, Tramp haqlıdır. Çünki ABŞ-ın milli maraqları tələb edir ki, bu ölkənin Yaxın Şərqdə imperalist siyasətində əsas alət olan İsraili sərhədsiz müdafiə etsin. İsrail xalqını deyil, məhz İsrail xalqının daxilində olan ifrat dini radikalları, ABŞ imperalist siyasətində əsas vasitə olan qüvvələri dəstəkləsin.
Belə çıxır ki, beynəlxalq hüququ, Fələstin xalqının haqlarını pozaraq, müsəlman dünyasının ləyaqətini alçaldaraq Tramp cənabları ABŞ-ın milli maraqlarını dünyanın mənafeyinə zidd olsa da, müdafiə edə bilər. Başqa sözlə, Tramp Amerikanın sifətini açdı, onun Yaxın Şərq siyasətində vasitəçi rolunu heçə endirdi, müsəlman dünyasını, beynəlxalq hüquqi sistemi və dünyada ədalətin düşməni olduğunu ortaya qoydu. Nəyin naminə? İsraili müdafiə etmək naminə. Niyə? Çünki İsrail ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdəki keşikçisidir.
– Bu qərar hansı nəticələr yarada bilər?
– Xüsusi bir nəticə yaratmayacaq. Ərəb dövlətlərinin mütləq əksəriyyəti Amerikanın müştərisi, alətidir. Xüsusilə də Səudiyyə Ərəbistanı, Qətər və digərləri. Onların bu qərara sərt etiraz göstərmək imkanları yoxdur. Qalan dövlətlər, daha çox İran və Türkiyə etirazlarını bildirir. Ancaq onlarla da hesablaşan yoxdur.
– Avropa Birliyindən tutmuş BMT-yə qədər Trampın son qərarına etiraz ifadə edilir…
– Bəli. Hətta London və Berlin də buna etiraz edib. Ancaq ABŞ dünyada özünə elə yer edib ki, heç kəslə hesablaşmır. Nə BMT-ni, nə beynəlxalq hüququ, nə qanunları sayır, nə də insaf, Allah, Budda, xristianlıqla hesablaşır. Özlərini elə vəziyyətə gətiriblər ki, əllərində güc, pul, qüvvə, dünyaya nəzarət və s. var. Bu hadisəyə baxıb bir söz deyə bilərəm: bundan sonra terrorçular tərəfindən öldürülən hər bir amerikalının qanı Trampın üzərinə düşəcək. Çünki bu qərar beynəlxalq miqyasda terrorizm üçün əlavə stimul yaradacaq.
– Bu qərardan sonra Yaxın Şərqdə vəziyyət qarışa, terror daha qabarıq şəkildə ortaya çıxa bilərmi?
– Terror nədir? Terror ədalətdən məyus olan, ədalətin bərqərar olacağı ümidini itirən insanların çarəsizlikdən əl atdığı intihar üsuludur. Ağlı başında olan, düzgün düşünən, dünyada ədalətə və məhkəməyə inanan insan terrora əl atmaz. Terrora o adamlar əl atır ki, dünyada ədalətin olmadığını görür. Cənab Tramp bu qərarı ilə sübut etdi ki, dünyada ədalət yoxdur. Beləcə, terrorizmin mənəvi dayaqlarını gücləndirdi.
– Bu, hansısa yeni terror qruplarının ortaya çıxmasına səbəb ola bilərmi?
– Yox! Terror qrupları onsuz da mövcuddur. Hansı ortaya çıxacaq? İndiyə qədər istənilən qədər terror qrupları yaradılıb. Elə ediblər ki, bu terror qruplarına geniş maliyyə axını gedir, silah, başdan xarab icraçılar, əxlaqsız maliyyəçilər var. Yəni bu mexanizm işləyirsə, yeniləri nə üçün yaranmalıdır? Əl-Qaidə, İŞİD, Taliban var.
– Bu qərardan sonra Fələstin-İsrail münaqişəsinin taleyi necə olacaq?
– Bu münaqişə 70 ildir mövcuddur və bundan sonra da davam edəcək.
– Bəzi şəxslər qeyd edirlər ki, dünyada səmavi dinlər üçün 3 müqəddəs şəhər – İstanbul, Məkkə və Qüds bu günə qədər müsəlmanların əlindədir. Bu halda Qüdsün müsəvilərin nəzarətinə keçməsi normaldır…
– Əslində bu səfeh, əsası olmayan sözlərdir. Bir də unutmayaq ki, əsas iqtisadi maraqlardır. Dini, məfkurəvi məsələlər əslində iqtisadi maraqları gizlətmək üçün istifadə edilir. ABŞ-ın transmilli şirkətlərinin Yaxın Şərqdə maraqlarını qorumaq üçün ən gözəl vasitə İsraildir. İsraili qorumaq üçün də istənilən qiyafədən, ilk növbədə dini qiyafədən istifadə etmək olar. Reallıqda isə dinlərin buna heç bir dəxli yoxdur. Əvvəla, Məkkənin yəhudiliyə və xristianlığa heç bir aidiyyəti yoxdur. İstanbul vaxtı ilə xristianlığın paytaxtı olub, ancaq 500 ildir ki, həm müsəlman şəhəridir, həm də burada xristianlara heç bir maneə yoxdur. Qüds də 3 dünya dininin beşiyi olaraq azad şəhər kimi qalsaydı, bu, ən doğru addım olardı. Ancaq ortodoks ifrat yəhudi dinçilərinin israrına görə Qüdsün İsrailin vahid və toxunulmaz paytaxtı elan edilməsi Qüdsün azad şəhər kimi statusunun üzərinən xətt çəkir. İkincisi, münaqişəni daha çıxılmaz vəziyyətə, ölüm-dirim səviyyəsinə çatdırır.
– Trampın qərarının davamı olaraq HƏMAS-a ciddi zərbə endirilməsi ehtimalı nə dərəcədədir?
– HƏMAS-a qarşı nə edəcəklər ki? Etdiklərini ediblər də. HƏMAS-ın maliyyə qaynaqlarını kəsiblər. Bundan başqa, nizami qoşun və aviasiya vasitəsilə HƏMAS-a ağır zərbələr vurublar. HƏMAS-ı mühasirəyə alıblar və s. HƏMAS da indi Fələstin Azadlıq Təşkiları ilə birləşib və vahid Fələstin hökuməti mövcuddur. Bundan artıq nə edəcəklər? ABŞ HƏMAS-a gedən maliyyə qaynaqlarını kəsməyə müvəffəq oldu.
– Düşünürsünüz ki, müsəlman aləmi, ərəb coğrafiyası başını aşağı salıb yaşamaqda davam edəcək?
– Yox, başını aşağı salmayacaq. Nəsə edəcəklər, amma etdiklərinin təsiri o qədər də güclü olmayacaq.
– Hazırda bu qərara daha çox Türkiyə etiraz edir, Ərdoğanın canfəşanlığı göz önündədir. Bu mənada etirazçı müsəlman ölkələrinin Tütkiyə ətrafında toplanması ehtimalı varmı?
– Əvvəla deyim ki, Türkiyə bu məsələdə canfəşanlıq etmir. Sadəcə olaraq bir müsəlman kimi cənab Ərdoğan öz qəzəb və etirazını bildirir. Burada canfəşanlıq məsələsi yoxdur. Beynəlxalq miqyasda dünyada ədalətin bərqərar olmasını istəyən şəxsin mövqeyini bildirməsi canfəşanlıq kimi təqdim edilməməlidir.
– Fakt odur ki, Türkiyə daha fəaldır…
– Bəli, Türkiyənin bu fəallığı ərəb ölkələri ilə müqayisədə ortaya çıxıb. İran da ciddi etiraz edir. İran həm də Beynəlxalq Qüds Günü elan edib, ildə bir dəfə toplaşaraq müsəlmanlığı və Qüdsü xatırlayırlar.
Sözsüz ki, cənab Ərdoğanın bu fəallığı və mövqeyi müsəlman və ərəb dünyasında ona rəğbəti gücləndirəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...