“Bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarifləndirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib. Bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlı olub. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub”
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Qəbələdə keçirilən “Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə deyib.
Z. Əlizadə bildirib ki, hələ də bəzi bələdiyyələr tərəfindən bələdiyyənin mülkiyyət hüququ tanınmadan, yaxud müvafiq rəylər alınmadan torpaq sahəsinin satılması və ya icarəyə verilməsi haqqında, satışı qadağan olunan kənd təsərrüfatı təyinatlı torpaqların satılması haqqında qərarlar qəbul edilir, torpaqların bazar qiymətindən aşağı satılması, bələdiyyə qərarlarında müsabiqənin şərtlərinin müəyyən edilməməsi, bələdiyyə mülkiyyətində olan torpaqların zəbt olunmasının qarşısının alınmaması hallarına yol verilir, mülki dövriyyədə olan torpaqlarla bağlı əhali vaxtında məlumatlandırılmır. Məhz bu kimi hallara yol verildiyinə görə inzibati nəzarəti həyata keçirən ədliyyə orqanlarının təkliflərinə əsasən bu ilin 9 ayı ərzində 2162,5 hektar torpaq sahəsi ilə bağlı qanunsuz qərarlar ləğv olunub. İnzibati nəzarətlə bağlı həyata keçirilən tədbirlər nəticəsində bu ilin ötən dövründə 23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkar olunduğuna görə toplanmış materiallar istintaq orqanlarına göndərilib.
Digər xəbərlər
loading...