Gədəbəyli sahibkar: “Xahiş edirəm mənə qarşı törədilmiş cinayəti araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız”
Gədəbəyin icra başçısı Ramiz Yediyarov tərəfindən obyektinin qapı-pəcərəsi daşla hördürülən sahibkar Fəxrəddin Bağırov Dövlət Təhlükəsizlik Xidmətinin sədri Mədət Quliyevə müraciət edib.
MilliYol-a ünvanlanan üraciətdə deyilir:
“Hörmətli cənab general!
Mən mətbuat vasitəsi ilə həm Sizə, həm də möhtərəm Prezidentə və xanım birinci vitse-prezidentə müraciət edirəm. Mən sahibkaram. Amma dövlətdən nə maliyyə yardımı istəmirəm, nə də başqa güzəşt olunmasını rica etmirəm. Mən dövlətdən qapı istəyirəm. Qeyd edim ki, 1 ay bundan əvvələ qədər fəaliyyət göstərdiyim, çıxarışla mənə məxsus olan obyektimin icra başçısının qanuna zidd göstərişi ilə hörülmüş qapısını istəyirəm. Qapının hörülməsi məni öz əmlakımdan təcrid edib.
Mən dövlətdən Konstitutsiya ilə müəyyən olunmuş, ancaq rayon rəhbərinin qanunsuz əməlləri nəticəsində pozulmuş əmlak və şəxsi toxunulmazlıq hüququmun bərpasını istəyirəm və bu hüququ pozanların cəzalandırılmasını istəyirəm.
Bu məktubu sizə yazmağımın səbəbi isə ondadır ki, ötən 1 ay müddətində başıma gələnlərlə bağlı hansı dövlət qurumuna müracət göndərdimsə, mənim şikayətimə baxan olmayıb. Rayon icra başçısına havadarlıq edənlər mənim şikayətimi obyektiv araşdırıb qanunu bərpa etmək və ölkə rəhbərliyinə məlumat vermək əvəzinə, yenidən rayon rəhbərliyinə göndərirlər. Yəni şikayətim elə şikayət etdiyim quruma göndərilir. Rayon rəhbərliyinin öz törətdiyi əməli obyektiv araşdırması isə elementar məntiqə şığan bir iş deyil. Ona görə də mən 1 aydır öz qanuni hüquqlarımın müdafiəsi ümidi ilə Bakının soyuq, küləkli küçələrində qalmışam.
Sahibkarlıq fəaliyyəyim dayanıb, işçilərim pərən-pərən düşüb, icra başçısı Ramiz Yediyarov isə öz isti kabinetində oturub, məni susdurmaq və qanunsuz hərəkətlərini ört-basdır etmək üçün min cür iftiralar hazırlamaqla məşğuldur.
Hörmətli general!
Bütün Azərbaycan Sizi obyektiv adam kimi tanıyır və ölkə rəhbərliyinə sədaqətiniz də hər kəsə bəllidir. Sizdən xahiş edirəm mənim şikayətimi araşdırmaq haqqında göstəriş verəsiniz və əsl həqiqəti ortaya çıxarasınız. Onun üçün məhz sizə müraciət edirəm, xahiş edirəm mənə qarşı törədilmiş qanunsuzluğu araşdırıb əsl həqiqəti ölkə rəhbərliyinə çatdırasınız. Törədilmiş misli görünməmiş özbaşınalığın aradan qaldırılmasına yardımçı olasınız”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.az
Digər xəbərlər
loading...