“Rusiya öz əli ilə idmanını və idmançılarını batırıb”
Qazandığı idman nailiyyətlərini böyük dövlət statusunun təsbiti olaraq görən Rusiya sovet dövründən bu yana ilk dəfə böyük böhranla toqquşdu.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya olimpiya yığmasını rəsmi olaraq yarışlarda iştirakdan məhrum etdi. Rus idmançılar yalnız fərdi qaydada, bitərəf bayraq altında olimpiadada çıxış edə biləcəklər.
Hakim rejim isə hadisəyə siyasi don geydirərək bunu sıravi rusiyalılara Qərbin Rusiyaya qarşı növbəti təzyiqi kimi təqdim etməyə çalışır.
“Belə bir rəy mövcuddur ki, olimpiada yasağı Putinin populyarlığına heç də mənfi yöndən təsir etməyəcək. Tam əksinə, ölkədə bu onun “Rusiyanın qəddini düzəltdiyi” və onu Qərbin qarşısında aşağılanmış vəziyyətdən qurtardığı üçün cəzalandırılmaq niyyəti kimi başa düşüləcək.
Bütün bunlar Putinin avtoritetini yenidən rusların gözündə yüksəldəcək”, - “The New York Times”-dan Nil Makfarkuar yazır.
Müəllif rusların olimpiada ilə bağlı qərarı siyasiləşdirmələrinin təəccüblü bir şey olmadığını göstərir.
O, Putinin Sovet İttifaqı kimi olimpiadaya Rusiyanın beynəlxalq reputasiyasıın və öz siyasi mövqeyinin möhkəmlənməsi kimi baxaraq böyük sərmayə qoyduğunu bildirir. “Onun reytinqi 2014-cü il Soçi olimpiadasından öncə aşağıya doğru yuvarlanırdı. Lakin olimpiyadada Rusiya idmançıları heç kmin gözləmədiyi halda 33 medalla fərqləndilər. Ardınca Krımın işğal olundu və bununla Putin əvvəlki 80%-lik reytinqini bərpa etməyə nail oldu”.
Almaniyanın “Handelsblatt” qəzeti də BOK-un hüquqi təsbitlərinə və əlindəki təkzibedilməz sübutlarına rəğmən Moskvanın dopinq qalmaqalında özünü heç bir şey olmamış kimi apardığına diqqət çəkir:
“Burada dopinq hadisəsi Qərbin Rusiyanı gözdən salmaq üçün hazırladığı sui-qəsd kimi təqdim olunur. Bunu Rusiya Dövlət Dumasının sədr müavini İvan Melnikovun da boykot çağırışından görmək olar: “İdmançılarımızın total şəkildə cəzalandırımlası yalnız Ruisyanı və onun xalqını aşağılamaq niyyətindən başqa bir şey deyil”.
Müəllif əsl zərbənin gələcək perspektivdə Rusiya idmanına və idmançılarına dəyəcəyini yazıb.
Almaniyanın digər “Sueddeutsche Zeitung” qəzetinin icmalçısı Tomas Kirsten isə Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələblərinə rəğmən Beynəlxalq Olimpiya Komitəsinin bütövlükdə Rusiya idmançılarını cəzalandırmaqdan çəkindiyinə və onlardan dopinqə bulaşmayanlara bitərəf bayraq altında çıxış etmək izni verdiyinə diqqət edib.
Müəllif WADA-nın mövqeyində bir çox haqlı məqamların olduğunu yazıb. Belə ki, əldə edilən dəlillərlə minlərlə idmançının dopinq qəbul emtəsini, xüsusi xidmət orqan əməkdaşlarının onları zəruri “kokteyllərlə” təmin etdiyi, qanında müsbət nəticə çıxan idmançıların nəticələrinin isə antidopinq mərkəzinin divarlarından açılan dəliklərlə qonşu otaqlar arasında dəyişdirildiyi təsbit olunub.
Müəllif Rusiyanın bütün bunları köhnə sovet xasiyyətindən qalma şöhrətpərəstlik, saxta statistikaya qaçmaq və öz avtoritetini bu cür saxta yollarla təsbit etmək niyyəti ilə izah edir:
“2014 Soçi olimpiadasından cəmi 4 il qabaq Kanadanın Vankuver şəhərində rus olimpiyaçıları medal sayına görə 11-ci yeri tutmuşdular.
Soçidə isə onlar komanda hesabında 1-ci pilləyə “yüksələrək” bununla “Soçi korrupsiya əjdahası”na 50 milyard dollar pul yatıran Kremli xoşbəxt etdilər”.
“Soçi olimpiadası dünya idman tarixinin ən böyük fırıldağı sayıla bilər. Rusiya buna görə tamamilə gələcəkdə keçiriləcək bütün Olimpiya oyunlarından kənarlaşdırılmaqla cəzalandırılmalı idi. Lakin BOK nə etdi? Onun rəhbərliyi qaydalardakı boşluqlardan istifadə edərək Putini nəyləsə təsəlli etməyə çalışdı..”, - müəllif tənqid edir.
“USA Today”-dən Kristin Brennan Rusiyanın “nəhayət” cəzalandırıldığını yazır.
“Möcüzədir, amma BOK icraiyyə komitəsi bunu bacardı. Onlar fırıldaqçıları rədd edib qovdular. Bir vaxtlar Almaniya Demokratik
Respublikasının tətbiq etdiyi dövlət dopinq maşını layiq olduğu cəzanı aldı”, - müəllif qeyd edir.
Müəllif iştirak edə bilən idmançıların Rusiya formasını daşımaqdan, bayraqlarını qaldırmaqdan və himnlərinə qulaq asmaqdan məhrum edilməsini ədalətin vizual nümayişi kimi qələmə verir və bunu həm Rusiya, həm də öz idmançılarının bu hala düşürən hər bir rusiyalı məmur üçün rəzalət olduğunu yazır.
“Bu Rusiya prezidenti Vladimir Putinə də verilən layiqli bir cəzadır. Putin Soçidə sovurduğu 51 milyard dollardan sonra BOK-un ona üz verəcəyini düşünürdü. Lakin Olimpiya Komitəsi verdiyi cavabla onu yanıtdı”, - Brennan qeyd edir.
Böyük Britaniyanın “The Guardian” qəzeti Rusiyanın öz hərəkətləri ilə BOK-a başqa bir çıxış yolu buraxmadığını yazır.
Məqalədə cəzalandırılan Rusiya dövlət məmurları ilə bağlı başqa bir xüsusiyyətə diqqət yetirilir.
“Faktiki olaraq Rusiya dövlət dəstəkli dopinq cinayətində günahlandırılır. Lakin nədənsə bu işdə birbaşa əli olan və ömürlük bütün olimpiya idman yarışlarından kənarlaşdırılan Vitali Mutko hələ də Rusiya futboluna kurasiyasını davam etdirir. 2018-ci ilin yayında Rusiyada futbol üzrə dünya çempionatının keçirilməsini göz önünə alsaq, bu fakt FİFA-nı da narahat etməlidir.
Lakin müəllif Şon İnql “bu oyunun çirkli yönlərinin futbolun ali qurumunun idarəçilərini heç bir zaman maraqlandırmadığını” hiddətlə qeyd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...