Sabiq nazirin həbsinə hazırlıq gedir?
Nəqliyyat Nazirliyinin ləğvindən sonra işsiz qalan Ziya Məmmədovun ətrafında halqa daralmaqdadır. Hazırda sabiq nazirin hakimiyyətdəki son kadrları da “vurulur”. Qubanın icra başçısı Yaşar Məmmədovun işdən çıxarılması da Z.Məmmədovun ətrafının hakimiyyətdəki postlardan “təmizlənməsinə” hesablanan addımlardandır. Eyni zamanda Z.Məmmədovun vəzifədə olduğu illərdə topladığı var-dövlətin nəzarətindən çıxarılması prosesi də davam edir.
Gələn məlumatlar onu deməyə əsas verir ki, Ziya Məmmədov hakimiyyətdə təmsil olunarkən özü üçün çox ciddi nəticələr çıxarıb. “Vurulmuş”ların var-dövlətləri ilə vidalaşmaq istəməmələrinin hansı nəticələrə səbəb olduğunu incəliklərinə qədər bilir. Z.Məmmədova yaxşı bəllidir ki, vəzifəsiz qalan nazirlər özlərinin azadlıqlarını təmin etmək üçün onlardan tələb olunanları-iri holdinqləri, ticarət mərkəzləri, restoranları, bizneslərinə daxil olan çoxsaylı obyektləri təhvil verməyəndə nələr baş verir...
İllərlə ölkənin yol infrastrukturuna ayrılan, Ziya Məmmədovun əlindən gəlib keçən milyardlardan onun böyük paya sahibləndiyi şübhəsizdir. Bunu bilmək üçün elə də ciddi araşdırmalara ehtiyac yoxdur. Vaxtilə “ZQAN”, hazırda isə “Garant” adlanan Məmmədovların ailə holdinqinə daxil olan şirkətlərin yaranması, yenidən qurulması tarixlərinə baxmaq kifayət edir ki, mənzərə göz önünə gəlsin. Əksər şirkətlər Azərbaycanda yol-tikinti infrastrukturunun yenilənməsi projelərindən sonra ortaya çıxıb. Əgər Z.Məmmədov, onun oğlu Anar Məmmədovun belə bacarıqları var idisə, biznes qurub böyük holdinq qura bilirdilərsə, bunu ölkədə yol-tikinti infrastrukturunun yenilənməsi projelərindən əvvəl niyə gerçəkləşdirmirdilər?
Gələn məlumatlara görə, Ziya Məmmədov bu gün ondan tələb olunanları rahat şəkildə təhvil verir, ara-sıra onun kadrı olanlara “birdən çaşarsan ha...” nidalı öyüd-nəsihətlər verməklə özünü misal çəkir.
Demədikləri, gizli saxlamaq istədikləri çox məsələlər var. Məsələn, Ziya Məmmədov vəzifədən çıxarılmazdan əvvəl oğlu Anar Məmmədovu ölkədən çıxarıb. Hazırda İngiltərədə məskunlaşan Anar Məmmədov orada Azərbaycandan çıxarılan böyük paraları idarə edir. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən böyük pul çıxarıb, xaricdə gizlədənləri “vətən xaini” adlandırdı. Azərbaycan üçün də keçərli olan bu formulun təsiri altına bir çox məmurlar düşür. Ziya Məmmədovun və sabiq müdafiə naziri Səfər Əbiyevin Avropada böyük biznesləri var. Həmin bizneslərin qurulmasında Azərbaycandan çıxarılan pullardan geninə-boluna istifadə olunub. Dünyanın dörd bir tərəfindən Azərbaycandan çıxarılan pullarla biznes layihələri gerçəkləşdirilib, böyük malikanələr, istirahət mərkəzləri alınıb. Vaxtilə Ziya Məmmədovun olan “Bank of Azərbaycan”ın boşaldılması, bankdakı pulların çıxarılaraq naməlum istiqamətə aparılması da belə misallardandır.
Vəzifədə olduğu illərdə Ziya Məmmədov böyük pullara sahiblənməklə həmin pulların gələcəkdə, vəzifəsiz qaldığı dönəmdə əlindən çıxmaması üçün tədbirlər də görüb. Pulların böyük hissəsi xaricə daşınıb. Az bir hissəsinə isə ölkədə müxtəlif mal-mülk alınıb, biznes layihələri qurulub. İndi isə ölkədə qalan mal-mülkü Z.Məmmədov rahat şəkildə təhvil verir və düşünür ki, ölkədən çıxardıqlarının hesabını ondan soran olmayacaq. Artıq dövr dəyişib, illər əvvəl xaricə daşınan pulların səs-sorağı Azərbaycana gəlib çatıb. Və Ziya Məmmədovun əlindəki 3-5 obyekti təhvil verməklə rahat şəkildə gedib xaricdə oturacağı da yəqin ki, yaxın illərdə xəyal olaraq qalacaq. Onun bu ilin fevralında işsiz qalandan sonra ölkədən çıxa bilməməsi də məhz onunla bağlı aparılan araşdırmalarla bağlıdır. Nəticənin Z.Məmmədov üçün yaxşı olmayacağı indidən bəllidir.(musavat.com)
Digər xəbərlər
loading...