“Civil.ge”-nin müxbiri “Karnegi” Fondunun Avropa bölümünün elmi əməkdaşı Tomas de Vaala (Tom de Waal) Gürcüstanın daxili və xarici siyasəti haqqında danışıb
– Sizcə Gürcüstan demokratiyasının gələcək növbəti illərdə daha çox inkişaf etməsinin şansı nə qədərdir?
– İlk növbədə icazə verin, Gürcüstan demokratiyası ilə bağlı bəzi müşahidələrimi bölüşüm. Birincisi, Gürcüstan qonşuları arasında ən plüralist və ən azad ölkədir. Türkiyə avtoritar yol seçdikdən sonra sonuncu xüsusiyyət özünü daha çox göstərməyə başlayıb. İkincisi, Gürcüstanın 1992-ci ildən başlayan tərəqqisi ziqzaq xətt üzrə hərəkət edir. Müstəqillik əldə edildikdən sonra Gürcüstan dövlətinin hər üç lideri ölkəyə həm müsbət, həm mənfi təsir edib. Və bu gün müşahidə etdiyimiz problemlər 1992-ci ildən sonra hakim rejimlərin yan təsirləridir.
Bu baxımdan, iki məsələni fərqləndirmək istərdim. Birincisi, birpartiyalı idarəetmə üsulunun möhkəmləndirilməsidir. Bu üsul az-çox ədalətli yolla əldə olunsa belə, təhlükə mənbəyidir. Birpartiyalı idarəetmə üsulu Şevardnadze və Saakaşvili rejimlərində demokratik inkişafa mənfi təsir göstərib. “Gürcü arzusu” şəraitində də özündə analoji təhlükəni qoruyub saxlayır. Bu cür nəzarət hakimiyyətin özündən əminliyini artırır, hakim partiyanı qapalı mühitdə yaşamağa və başqalarının məsləhətinə qulaq asmamağa sürükləyir. İkinci məsələ təhlükəsizlik xidməti nümayəndələrinin nəzarətsiz hakimiyyətidir. Türklər məhz bunu “dərin dövlət” adlandırırlar. Lakin Gürcüstanda bu hal elə də güclü deyil. Böyük ehtimalla, Əfqan Muxtarlının oğurlanmasının arxasında da bu şəxslər olub və elə fəaliyyət göstəriblər ki, baş nazir heç nədən xəbər tutmayıb.
Bu fonda əsas yumşaldıcı amil ondan ibarətdir ki, Gürcüstanın hakim sinfi hələ də siyasi oyunun demokratik qaydalar çərçivəsində həyata keçirilməli olduğunu düşünür. Hərçənd hərdən belə olmur. Üstəlik cəmiyyət demokratiyanın vərdişlərini mənimsəyib və hüquqları pozulduğu yerdə onları qorumağa hazırdır. Beləliklə, yerli səviyyədə nəzarət və balanslaşdırılmış hakimiyyət sisteminə sahibik. Bundan başqa, Brüssel Gürcüstanı mühüm və eyni zamanda layiqli vizasız rejimlə təmin etdikdən sonra ölkəyə təsir vasitələrinin zəifləməsinə baxmayaraq, həm ABŞ, həm də AB tərəfindən güclü xarici nəzarət həyata keçirilir. Lakin o da aydındır ki, heç bir dövlət Gürcüstanın uğurlu demokratik ölkə statusunu itirməsini istəmir.
– Qərbyönümlü “üçüncü qüvvənin” meydana çıxmasına ehtiyacın olduğu çox qeyd olunub. İrakli Alasaniya və David Usupaşvili müxtəlif vaxtlarda potensial lider hesab ediliblər, lakin ciddi dəstək qazana bilməyiblər. Tiflis meri vəzifəsinə seçkilərdə “Gürcü arzusu”nun namizədi Kaxa Kaladzenin potensial rəqibi hesab edilən müstəqil namizəd Aleko Elisaşvili ikinci yerə çıxsa da, cəmi 17% səs toplaya bilib, deməli ikinci mərhələyə ehtiyac qalmayıb. Necə düşünürsünüz, bu uğursuzluğun səbəbi nədir? “Üçüncü qüvvənin” yaranmasına ehtiyac varmı və ya bu qüvvənin yaranması ehtimal olunurmu?
– Gürcüstanın avropalı dostları kimi mən də İrakli Alasaniya və David Usupaşvili ilə şəxsən tanış olmuşam və onlar haqqında çox yaxşı fikirdəyəm. Və ümid edirdim ki, onlar Gürcüstanı idarə etmək imkanı qazancaqlar. Əlbəttə, onlar səhv buraxıblar, ancaq onların müsbət keyfiyyətləri çatışmazlıqlarını birmənalı şəkildə üstələyib.
Düşünürəm ki, seçki taktikası və gürcülərin alyans yaratmaq təcrübələrinin çox az olması buna səbəb olub. 2012-ci ildə yaradılan “Gürcü arzusu” koalisiyası istisnadır. Alasaniya və Usupaşvilinin uğursuzluğuna seçki taktikasından daha böyük fenomen səbəb olub. Mən Alasaniya və Usupaşvilini “artıq insanlar” adlandırıram. Onlar öz fikirləri və istedadları olsa da, ölkələri tərəfindən üz döndərilən XIX əsr rus ədəbiyyatının qəhrəmanlarına oxşayırlar.
Niyə Gürcüstan cəmiyyəti Alasaniya və Usupaşvilinin uğur qazana bilməsi ilə bağlı bizim həyəcanımızı bölüşməyib? Düşünürəm ki, “artıq insanlar” fenomeni təkcə gürcü cəmiyyəti üçün səciyyəvi deyil. Məsələn, 90-cı illər Qriqori Yavlinskinin Rusiyada “artıq insana” çevrilməsinin şahidi olmuşam. Polşada hakimiyyət dəyişikliyini də bu fenomenlə izah etmək olar. Xalq ölkənin rifahını təmin edən və dünyadakı statusunu artıran avropayönümlü hökumətə yox deyərək, əvəzində populist və konspirasiya nəzəriyyəçilərindən ibarət quldur dəstəsini seçib. Brexit və Donald Trampın ABŞ prezidenti seçilməsi də eyni qəbildən olan hadisələrdir. Bütün dünyada əksər seçicilər sadə cavablar eşitmək, problemlərin tez bir zamanda həll ediləcəyinə dair vədlər, həmçinin bütün problemlərin səbəbinin xarici qüvvələr olduğunu bildirən şüarlar eşitmək istəyirlər.
Bu fonda Gürcüstanın vəziyyəti elə də pis deyil. “Gürcü arzusu” hökuməti qərbyönümlü kursu saxlayıb və hakim dairələrdə bu istiqamətdə işləyən çoxlu ağıllı insanlar var. Lakin düşünmürəm ki, bu, siyasətçilərin adi qaydada fəaliyyət göstərməyə davam etmələri üçün əsas verir. Populist hərakatlara meyl əvvəlki kimi çoxdur. Məncə, Gürcüstanın qərbyönümlü siyasətçiləri xüsusilə regionlarda seçicilərin problemlərini dinləməyə daha çox vaxt ayırmalıdır. Həmçinin hesab edirəm ki, onlar iqtisadi siyasəti yenidən nəzərdən keçirməlidir. Gürcü siyasətçiləri arasında belə bir özünəməxsus konsensus var ki, qeyri-liberal ideyalara ehtiyac yoxdur, hökumət kiçik olmalıdır, büdcə isə balanslaşdırılmalıdır. Postsosialist ölkə baxımından bu başa düşüləndir. Məncə, Gürcüstan Avropanın qeyri-bərabərlik probleminə daha ciddi yanaşan, eyni zamanda demokratik dəyərlərindən imtina etməyən sosial-demokratik partiyaya hazırdır.
– Bu yaxınlarda Abxaziyaya səfər etmisiniz, sonra bu mövzu haqqında intensiv yazılarınız çıxıb. Bildiyiniz kimi gürcülər son vaxtlar Qali sakinlərinə olunan təzyiqə görə narahatdırlar. Bu təzyiq gürcü məktəblərinin bağlanması, vətəndaş haqlarının məhdudlaşdırılması, gürcülərin ad və etnik identikliyinin dəyişdirilməsində özünü göstərir. Cənubi Osetiyada vəziyyət daha pisdir. Burada Eredvi kəndindən olan müvəqqəti köçkünlərin evləri məhv edilir. Suxumi hakimiyyəti niyə mövqeyini sərtləşdirib? Vəziyyətin dəyişdirilməsi üçün Gürcüstan və ya beynəlxalq təşkilatlar nə edə bilər?
– Cənubi Osetiya haqqında heç nə deyə bilməyəcəm, çünki oradakı vəziyyəti yaxından izləmək imkanım olmayıb. Aydındır ki, vəziyyət acınacaqlıdır və orada gürcü kəndləri dağıdılır, Osetiya əhalisinin böyük bir hissəsi miqrasiya edir və iqtisadi durğunluq hökm sürür.
Abxaziyaya gəldikdə isə orada bir neçə neqativ tendensiya mövcuddur. Sizin də qeyd etdiyiniz kimi konkret Qali rayonunun əhalisinə ziyan vurulur. Məktəblərdə gürcü dilində tədrisin tədricən azaldılması xüsusi narahatlıq doğurur.
Bəs bunun arxasında nə durur? Düşünürəm ki, bu, zəif prezidentin olduğu şəraitdə hakimiyyət uğrunda daxili mübarizənin gücləndirilməsinin nəticəsidir. Bütün siyasətçilər vətənpərvər olduqlarını nümayiş etdirirlər və demək olar heç birinin məzlum Qali əhalisinin müdafiəsinə qalxmağa cəsarəti çatmır. Oktyabr səfərim zamanı ağıllı sabiq abxaz rəsmilərindən biri mənə dedi ki, 2008-ci il Rusiya regionun müstəqilliyini tanıdıqdan sonra abxazlar üçün xarici amil elə də vacib deyil, bu da abxazların daxili siyasətini daha aqressiv edib.
Eyni zamanda bu, həmçinin uzun illər davam edən təcridin və qapalı mühitin nəticəsidir. Çünki Abxaziya yalnız Rusiya vasitəsilə xarici dünyaya çıxış əldə edə bilir. Abxazların cəzalandırılması və təcridinə yönəlmiş hərəkətlər onları daha böyük təcridə təhrik edir. Buna əsaslanaraq deyə bilərəm ki, beynəlxalq iştirakı gücləndirmək və abxazlara onların fəaliyyətini yaxşılaşdıracaq stimullar təklif etmək lazımdır. Onu da qeyd etmək lazımdır ki, bu təkliflər ilk növbədə beynəlxalq iştirakçılar, xüsusilə AB tərəfindən daxil olunmalıdır. Zira Tiflisin təşəbbüslərinə əvvəlki kimi etibar etmirlər. Beləliklə, Gürcüstan hökuməti kənara çəkilməli və beynəlxalq iştirakçıların “neytral” ideyalarla çıxış etməsinə imkan verməlidir. Bu ideyalar isə abxazların xaricə çıxmasına və beynəlxalq təşkilatların Abxaziyada fəaliyyət göstərməsinə şərait yaratmalıdır.
– Nəhayət, Rusiya tərəfindən gələn təhdidlər barədə soruşmaq istərdim. Sizcə, AB və ABŞ bu təhdidləri nə dərəcədə yaxşı başa düşür və onlar bu təhlükənin öhdəsindən gəlmək üçün nə dərəcədə hazırdırlar?
– Bu yaxınlarda Moskvadakı Karnegi Mərkəzindən olan həmkarım Aleksandr Baunov ilə birgə “Qırmızı qorxular”, habelə nəyin “Rusiya təhlükəsi” olduğunu, nəyin olmadığını necə başa düşmək olar mövzusunda məqalə yazmışıq. Gəlin, səmimi olaq. “Sputnik” və “Russia Today”-in kömək etdiyi yüzlərlə rus trolu və hakeri Qərb demokratiyasının təməlini sarsıda bilməz. Əlbəttə, özümüz buna imkan yaratmasaq. Təbii ki, son bir neçə il Kremlin taktikası tamamilə yalan üzərində qurulub. Bunun sayəsində Moskva yenidən qlobal lider kimi dünyada hökmranlıq edir. Əslində isə onun real imkanları Sovet İttifaqı dövründə malik olduğu imkanlardan daha zəifdir. Putin administrasiyasının xoşbəxtliyi ondan ibarətdir ki, əksər Qərb KİV-i bu narrativin təsdiqi ilə məşğuldur. Rusiya həqiqətən təhlükə kəsb edir, ancaq daha güclü Qərb möhkəmliyi və böyük intellektual cəsarəti ilə bunun öhdəsindən gəlmək olar.
Rusiya təhlükəsi baxımından Gürcüstan daha həssas vəziyyətdədir. Bu, birmənalı şəkildə belədir. Lakin mənim qeyri-emosional analitik nəzər-nöqtəmə əsasən hər hansı narahatlığa səbəb yoxdur. Aydındır ki, 2014-cü ildən sonra Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib. Rusiyanın vahid siyasəti olduğuna inanmıram. Rusiya elitasının müyyən bir hissəsi hələ də Gürcüstanı Abxaziya və Cənubi Osetiya ilə inzibati sərhədlərdə provakiya məqsədilə təhrik etməyə, digər hissəsi isə Gürcüstanla işbirliyi qurmağa çalışır. İki ölkə arasında nəqliyyat əlaqələri və turizmin gücləndiyini də görürük.
Qonşularla problemlərin gərginləşməsi əvəzinə Putinin artıq əldə olunmuş problemləri birləşdirmək istəməsinin əlamətləri də göz önündədir. 2018-ci il mart seçkiləri ərəfəsində Putinin gözlədiyindən daha ciddi daxili siyasi problemlə üzləşməsi buna səbəb ola bilər. Daxili etiraz da söhbət mövzusu ola bilər. Ona görə xarici avantüralar üçün onun çox az vaxtı qalır. Beləliklə, Moskva ÜTT-yə üzv olmaq məqsədilə 2011-ci il Gürcüstanla imzalanmış Nəqliyyat Dəhlizi haqqında sazişi təsdiqləyə bilər.
Qonşularına qarşı yumşaq siyasətin əlamətləri Rusiyanın Ermənistan-AB arasında imzalanan tərəfdaşlıq sazişini sakit şəkildə qarşılamasında özünü göstərir. Bundan başqa, Moskva BMT sülhməramlılarının Donbasda yerləşdirilməsini açıq-aşkar dəstəkləyir. Bu, taktiki manevr olsa belə, hər şey onu göstərir ki, ruslar şərqi Ukraynada münaqişənin gərginləşməsini istəmirlər.
Beləliklə, hesab edirəm ki, Rusiya belə bir praqmatik mövqedən çıxış etdiyi müddətdə Gürcüstan bu imkandan daxili və iqtisadi gücünü möhkəmləndirmək üçün istifadə etməlidir. İllər keçdikdə Gürcüstan və Rusiyanın digər qonşuları Sovet İttifaqı irsindən daha çox uzaqlarşır və Rusiya təsiri getdikcə azalır. Ehtiyatı əldən verməyin, problemlərinizin üzərində çox çalışın və vaxt da həqiqətən sizə işləyəcək. (Xpress)
MilliYol.Az
Digər xəbərlər
loading...