Onun dələduzluğunun qurbanı olanların arasında “Eurovision” mahnı yarışması öncəsi zərərsizləşdirilən, Vüqar Padarovun dəstəsinin üzvü kimi həbs edilən Nəriman Abbasoğlunun yaxınları da var.
Virtualaz.org saytının əldə etdiyi istintaq materiallarına görə Rəzzaq Əliyev məhbusun anasından aldığı pulun MTN-in birinci şəxsləri səviyyəsinə çatdırılacağını, Nərimanın azad ediləcəyini və bəraət alacağını vəd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Rəzzaq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əhməd Quliyev sədrlik edib.
Cinayət işinin başlanmasına səbəb Əli Abdullayev və Söhrab Rzayevin R.Əliyev haqqında Nizami Rayon Polis İdarəsinə şikayət etməsi olub. Ə.Abdullayev şikayətində R.Əliyevin oğlu Elvini İdman Akademiyasına düzəltmək üçün ondan 11 min manat, S.Rzayev isə qardaşı oğlu Nicat 2-ci qrupdakı ali məktəblərdən birinə düzəltməsi üçün 12 min manat alaraq mənimsədiyini göstərib.
Ötən il martın 6-da R.Əliyev şübhəli şəxs qismində saxlanılıb. Nizami rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqın gedişi zamanı zərərçəkmişlərin siyahısına Nəsibə Əsgərova, Füzuli Hüseynov və digərləri də əlavə edilib. Məlum olub ki, R.Əliyev universitetlərə “tələbə qəbulu” ilə yanaşı, həbsdən dustaq azad etdirmə, işə düzəltmə və s. bu kimi işlərlə də məşğul olub.
“Elə bilin ki, uşağınız auditoriyadadır, təhsil alır”
Söhrab Rzayevin ifadəsinə görə, Rəzzaqla 2014-cü ilin avqust ayında təsadüfən Nizami rayon Hərbi Komissarlığında tanış olublar. Həmin vaxt Rəzzaqa qardaşı oğlunun az bal topladığını deyən Söhrab Rzayev aldanılacağını ağlına belə gətirməyib. Rəzzaq ona qardaşı oğlunu ikinci turda ali məktəblərdən birinə qəbul etdirə biləcəyini, bu işin həlli üçün 12 min manat lazım olduğunu deyib. Avqustun 18-də Rəzzaqla görüşən Söhrab “Laçın” ticarət mərkəzinin qarşısında ona həmin məbləği verib, amma ikinici turun nəticələri elan olunanda görüb ki, qardaşı oğlu Nicatın adı siyahıda yoxdur. Rəzzaqla əlaqə saxlayıb, o isə “elə bilin ki, uşaq auiditoriyada oturub, təhsil alır” deməklə narahat olmamağı tövsiyə edib. Amma dərs ili başlananda Rəzzaq tərəfindən aldanıldıqları məlum olub. Odur ki, pullarını geri istəyib. Rəzzaqsa pulları TQDK-ya verdiyini, geri alan kimi qaytarcağını deyib. Daha sonrasa zənglərinə cavab verməyib. Əlacsız qalan S.Rzayev polisə şikayət edib.
6 bala görə 11 min manat
Analoji hadisə ilə Əli Abdullayev də üzləşib. O, oğlunun İdman Akademiyasına imtahan verdiyini, 6 balı çatmadığına görə qəbul imtahanından kəsildiyini deyib. R.Əliyev ona 6 balın artırılmasının problem olmadığını bildirib və bu işi həll etmək üçün 11 min manat istəyib. 27 iyul 2014-cü ildə Ə.Abdullayev Nizami RPİ-nin 24-cü PB-nin yaxınlığında sözügedən məbləği Rəzzaqa verib. Rəzzaq onu oğlunun məsələsinin ikinci turda həll ediləcəyinə inandırıb. Mütəmadi olaraq Rəzzaqla əlaqə saxlayıb, hər dəfə də sonuncu ona narahat olmamağı məsləhət görüb. Sonradan aldanıldığını başa düşüb və polisə şikayət edib.
MTN generalının terrorçuya çevirdiyi mütəxəssis
R.Əliyevin dələduzluğu 9 aprel 2012-ci ildə sabiq MTN tərəfindən həbs olunan Nəriman Abbasoğlunun ailə üzvlərindən də yan keçməyib.
Məlumat üçün bildirək ki, N.Abbasoğlunu 2012-ci il “Eurovision” mahnı yarışması öncəsi zərərsizləşdirilən Vüqar Padarovun dəstəsinin üzvü kimi həbs ediblər. N.Abbasoğlu 29 nəfərlik dəstə üzvü kimi məhkəmə qarşısına çıxarılsa da, faktiki, onun digər 28 nəfərə aidiyyatının olmadığı məhkəmədə təsdiqlənib. M.Abbasoğlunun yaxınları ölkə başçısına və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onlar məhkəmə hökmünün N.Abbasoğluna aid hissəsinə bəraət verilməsini istəyiblər.
N.Abbasoğlunun həbs olunma əməliyyatına MTN-in ATM-in sabiq rəis müavini İlqar Əliyev (təcridxanada intihar edib – red.) rəhbərlik edib, cinayət işinin istintaqını ATM-in sabiq rəisi Elçin Quliyev (hazırda həbsdədir-red) aparıb. N.Abbasoğlunun anası Nəsibə Əsgərova deyir ki, oğlu Texniki Universitetin “Radiotexnika” fakültəsini bitirib, xüsusi akustik tərzi ilə fərqlənən səsgücləndirici qurğular yığmaqla, raritet qrammofonları yeniləməklə məşğul olub. 2007-ci ildə “Üns” Yaradıcılıq Səhnəsində və həmin səhnənin nəzdindəki “Your Style” şirkətində işləyib. N.Abbasoğlu Azərbaycanda “Hi-End” kateqoriyalı audiotexnika üzrə yeganə mütəxəssisdir. O, ölkə rəhbərliyinin iştirak etdiyi tədbirlərin audio-akustika məsələlərini təşkil edib.
Oğlu sabiq MTN-in tərəfindən həbs olunan qadın: “Oğlum günahsız idi deyə...”
Oğlunun günahsız olduğunu deyən N.Əsgərova mətbuata açıqlamasında bildirmişdi ki, Vüqar Padarovun dəstəsində olanlar Nərimana “kafir” deyirmişlər. Hətta hakimə yazılı şəkildə müraciət ediblər ki, bu adamın bizim dəstəyə aidiyyatı yoxdur: ”Biz Nərimanın həbsindən sonra bildik ki, 2011-ci ildən MTN-in Antiterror Mərkəzi onun və iş yoldaşlarının başına oyunlar açıb. İş o yerə çatıb ki, şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti oranı tərk etmək məcburiyyətində qalıb”.
“Əsəbdən beynimə qan sızdı, iflic oldum”
Nəsibə Əsgərovanın Rəzzaq tərəfindən aldanılmasına səbəb də elə oğlunun həbsi ilə bağlı olub. Həm özü, həm də bacısı Nəzakət Əsgərova Nərimanın azadlığa buraxılmasına kömək edə biləcək şəxslər axtarmağa başlayıb. Həmin ərəfədə rəfiqəsi Elmiranın vasitəsilə Rəzzaqla tanış olub. Rəzzaq onlara deyib ki, Nəriman MTN tərəfindən həbs olunduğuna görə ev izlənir, onların danışıqlarına nəzarət olunur. Həmçinin hüquq-mühafizə orqanlarında çoxlu tanışlarının olduğunu, həbsdə olan şəxsi bir həftə ərzində 55 min manata azad etdirə biləcəyinə onları inandırıb.
Əsgərova bacılarının yaşadıqları mənzili satmaqdan başqa çıxış yolları qalmayıb. Xətai rayonu, Q.Yəhya küçəsindəki iki otaqlı mənzili 39 min manata satan N.Əsgərova məbləği bankdan kredit götürdüyü pullarla birgə Rəzzaqa çatdırıb. Rəzzaq pulun MTN-in birinci şəxsləri səviyyəsində çatdırılacağını, Nərimanın azad ediləcəyini və bəraət alacağını bildirib. Lakin Rəzzaq pulu alsa da, oğlunu həbsdən azad etdirməyib. 2013-cü ilin mayında istintaq tamamlanaraq cinayət işi məhkəməyə göndərilib. Dəfələrlə Rəzzaqdan nə üçün oğluna bəraət almadığnı soruşub. O isə hər dəfə müxtəlif bəhanələr gətirib. Bütün bunlara görə əsəb keçirdiyindən beyninə qan sızıb, iflic olub, yataq xəstəsinə çevrilib. 2013-cü ilin noyabr ayında oğluna 10 il həbs cəzası verilib. Rəzzaqa verdiyi 55 min manatı ala bilmədiyinə görə polisə şikayət edib.
İcra başçısının müavini olmaq üçün 100 min manat
R.Əliyevin həmyerlisi Füzuli Hüseynovla tanışlığı 2010-cu ilə təsadüf edib. Rəzzaq ona özünü MTN-in sabiq əməkdaşı kimi təqdim edib, geniş əlaqələrə malik olduğunu deyib. Bir çox rayonların icra başçıları və müavinlərinin yaxın günlərdə tutduqları vəzifələrdən azad olunacaqlarını, onu rayonlardan birinə icra başçısının müavini vəzifəsinə təyin etdirə biləcəyinə söz verib, bunun üçün 100 min manat istəyib.
F.Hüseynov razılaşıb, işi alınandan sonra məbləği verəcəyini bildirib. Amma Rəzzaq ondan inciyərək “heç olmasa yarısını ver” deyib. 2014-cü ilin iyul ayında Tbilisi prospektində 38 min manat pulu Rəzzaqa versə də, sonradan aldanıldığını başa düşüb. Rəzzaqın tək onu deyil, bir neçə nəfəri də aldadaraq pullarını mənimsədiyini öyrənib.
Dələduzluğa uğrayanlar arasında yaxın dostlar da var
Rəzzaqın dələduzluq etdiyi şəxslər arasında təsadüfən tanıdığı adamlarla yanaşı, ailəvi dostları da olub. Zərərçəkmiş Xatirə Hacıyeva ilə Əliyevlər ailəsi arasında dostluq 2005-ci ildən ta 2014-cü ilə qədər davam edib. Bəs bu iki ailə arasında münasibətlərin korlanmasına səbəb nə olub?
X.Hacıyevanın oğlu Ukraynada oxuyan bir qızla ailə qurmaq istəyib, qıza elçi gediblər, razılığını alıblar. Belə məsləhətləşiblər ki, qız təhsilini Azərbaycanda davam etdirsin. Bu işdə köhnə dostlara Rəzzaq öz “yardım əli”ni uzadıb, qızın sənədlərini istəyib, Kiyevdəki 5 illik təhsil haqqını birdəfəlik ödəmək üçün 30 min manat lazım olduğunu bildirib. Təhsil Nazirliyindəki tanışı Rasim Verdiyevin köməkliyi ilə qızın Naxçıvan Dövlət Universitetinə köçürüləcəyini vəd edərək onları aldadıb. Pulu tələb etdikdə isə qaytarmayıb. İş o yerə çatıb ki, gənclər arasında baş tutacaq izdivac pozulub. Qız dərslərə getmədiyinə görə oxuduğu universitetdən xaric olunub. X.Hacıyevanın ailəsi bankdan 15 min manat götürüb qızın atasıgilə verib ki, onlardan narazı qalmasınlar. Bundan sonra qızın təhsili bərpa edilib.
Zərərçəkmiş ifadəsində göstərib ki, Rəzzaq evini satıb pulu qaytaracağını deyib: “Deyirdi ki, əgər şikayət etsən, pulu qaytarmayacağıq. Sonradan çox adamı aldatdığını bildim. Hamıya da evi satıb pulu ödəyəcəyini deyirmiş. Maraqlanıb öyrəndim ki, Rasim Verdiyev adlı şəxs doğurdan da Təhsil Nazirliyində işləyirmiş. Zəng vurdum, danışdım. Rəzzaqı tanısa da, onunla heç bir iş görmədiyini dedi. Rəzzaq demişdi ki, pulun 24 min manatını Rasim Verdiyevə verib. Pulu tələb edəndə Rəzzaq qızın atasının yanına gedərək özünü Rasim Verdiyev kimi təqdim edibmiş”.
Ona sağlamlıq bəxş edən həkimini də tora salıb
Rəzzaq Əliyevin aldatdığı şəxslər arasında vaxtilə onu müalicə edən həkim də var. Həkim Elşən Əliyev yeddi-səkkiz il öncə Rəzzaqın böyrəklərində yaranmış xəstəliklə əlaqədar onu müalicə etdiyini, sonradan aralarında münasibət yarandığını, 2014-cü ilin noyabr ayında oğlu Özalın hərbi xidmətə çağırıldığını, oğlunun Bakı şəhərində qeydiyyatda olduğu üçün hara düşməsindən narahatçılıq keçirdiyini deyib: “Rəzzaq Baş Səfərbərlik İdarəsində tanışının olduğunu deyirdi. Mənə dedi ki, istəyirsən danışım, oğlunun məsələsini həll edək, razılaşdım. Zəng vurub dedi ki, oğlunun işini danışmışam, 3 min manat lazımdır. Razılaşdım, işlədiyim xəstəxananın qarşısında görüşüb Rəzzaqa 3 min manat verdim. Amma oğlum Culfaya hərbi xidmətə çağırıldı. Rəzzaqa zəng vurub oğlumun Naxçıvana düşdüyünü dedim. Həmin gün axşam görüşəcəyimizi dedi, amma telefonu söndürdü. Sonrakı vaxtlarda Rəzzaqla əlaqə saxlaya bilmədim. Onun polis tərəfindən saxlanıldığını öyrəndikdən sonra Səbail Rayon Polsi İdarəsinə ərizə ilə müraciət etdim”.
R.Əliyev isə nə istintaq dövründə, nə də məhkəmədə ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb. O, məhkəmədə son sözlə çıxış edərkən ittihamları böhtan adlandırıb: “Qarabağ müharibəsi əliliyəm. Uzun illər xüsusi xidmət orqanlarında çalışmışam. Ağdamda iki dəfə kontuziya almışam. Bir il ruhi xəstəxanada müalicə olunmuşam. Artıq 5 ildir yuxu yata bilmirəm. Bu ittihamların hamısı böhtandır”.
Məhkəmənin hökmü ilə Rəzzaq Əliyev 8 il 6 ay müddətinə azadlıdan məhrum edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...