“Eyyubun oxuduğu “Kim bilir” klipi onun həyatı idi”
“Onun bu xəbəri mənə çox təsir etdi. Çünki biz onunla çox yaxşı günlər keçirmişdik. Təəssüf…”
Bu sözləri tanınmış teleaparıcı, yazar Həmid Herisçi Hacı Məmmədovun intiharı ilə bağlı xəbəri musavat.com-a şərh edərkən bildirib.
H.Herisçi Hacı Məmmədovla bağlı xatirələrini bu cür bölüşüb: “O, intihara meyilli adam deyildi, yeri gələndə əli, səsi titrəməyən adam idi. Yəni əmri əli titrəməyərək yerinə yetirən, möhkəm, ağzı bütöv adam idi. O, başqasını vurardı, amma özünü yox…
Hacı Məmmədov həbs olunduqdan sonra belə, münasibətləri korlamadım, onun haqqında çoxlu yazılarım, çəkilişlərim də olmuşdu. Çünki bizim onunla çox güclü dostluğumuz olub… Müğənni Eyyub Yaqubovu çox istəyirdi və zamanında onunla çox dostluq etdi. Hətta Eyyubun “Kim bilir” mahnısına klip çəkdirmişdi. Həmin mahnını çox sevirdi. Bu klip onun həyatı idi və bu haqda heç kim bilmirdi. O, gizlətdiyi həyatını klipdə göstərməyə çalışırdı ki, “siz məni tanımırsız, bilmirsiz”. Yəni onun qaranlıq tərəflərini bilmirdik, sadəcə, yaxşı tərəflərini tanıyırdıq…
Bir də yaxşı oxucu idi, çoxlu kitablar oxuyurdu. Daha çox rus dilində olan kitabları sevirdi. Hətta oxuyacağı kitabı seçmək üçün mənimlə məsləhətləşərdi. Soruşardı ki, “Hansı kitabı alıb, oxuyum?” Mən ona çox kitab vermişəm, eyni zamanda da o mənə verib. Xatırlayıram ki, II Yekaterina haqqında çox böyük bir kitab almışdı. Kitabı oxuduqdan sonra gecə 12-də və ya birin yarısında mənə zəng vurub, dedi ki, “gəl kitabı müzakirə edək”.
Qeyd edək ki, Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də həbsxanada kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.
Onu da xatırladaq ki, 2005-ci ildə H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində əmlakı müsadirə olunmaqla, ömürlük həbs cəzası çıxarılıb.
Digər xəbərlər
loading...