Ekspert: “Bankların özlərindən qaynaqlanan problemlər də az deyil”
Problemli kreditlər məsələsi hər dəfə gündəmə gətiriləndə cəmiyyətin az qala, bütün təbəqələri birmənalı olaraq bankları günahlandırırlar. Getdikcə böyüyərək dövlət səviyyəsində narahatlığa səbəb olan bu problemin yaradıcısı olaraq banklar göstərilir, bütün qınaqlar verdikləri pulu geri istəyən bu qurumlara yönəldilir.
Bəs, doğrudanmı həcmi 2 milyard manata yaxınlaşan qaytarılmayan kreditlər böhranında banklar əsas məsuliyyət daşıyan tərəfdir? Axı ölkə iqtisadiyyatındakı böhran, manatın kəskin ucuzlaşması, əhalinin ödəmə imkanlarının məhdudlaşması kimi problemləri banklar yaratmayıb.
Sualımızı cavablandıran iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd edir ki, devalvasiya və iqtisadi böhran əslində qaytarılmayan kreditlər probleminin yaranmasında həlledici rol oynamayıb: “Bu gün banklarda problemli kreditlərin həcminin artması, bankların bir qisminin likvidliyinin azalması, ötən illərdə 11 bankın müflis olmasında, əlbəttə, xarici amillərin də rolu olub. Lakin nəzərə almaq lazımdır ki, bankların özlərindən doğan problemlər də az deyil.
Böhrandan əvvəlki illərdə çox yüksək faizlə, ödəmə qabiliyyəti yoxlanmadan, hətta metro çıxışlarında, kafe-çayxanalarda belə 1000-1500 manatlıq kredit kartları təklif olunurdu. Bunun nəticəsində çox iri məbləğdə kreditlər əsasən insanların ödəmə imkanları nəzərə alınmadan, girov təminatı götürülmədən paylandı. Bu baxımdan, bankların bahalı kredit siyasəti köpüklərin yaranmasına səbəb olmuşdu. 2014-cü ilin sonlarından etibarən həmin köpüklərin dağılması, real mənzərənin üzə çıxması müşahidə olunmağa başladı. Böhran və devalvasiyaların rolu bu oldu ki, yaranmış problemin daha tez üzə çıxmasına şərait yaratdı. Yəni bu 2 məsələ problemi yaradan amillər deyil, onun üstünün açılmasını tezləşdirən amillərdir. Buna görə də problemli kreditlər məsələsində bankların günahı yoxdur demək doğru olmazdı”.
Ekspert bildirir ki, hansısa amillərin problemin yaranmasında rolunu nəzərə almadan, dövlətin bank sektoruna dəstəyini artırmasının zəruri olduğunu düşünür: “Qlobal maliyyə böhranından sonra ABŞ hökuməti bankların likvidliyinin artırılması, toksik aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması məqsədilə xüsusi proqram qəbul etdi. Sonrakı illərdə həmin proqram çərçivəsində dövlət maliyyə-bank sektoruna 400 milyon dollar yönəltdi ki, onun da bir qismi toksik aktivlərin alınaraq səhmləşdirilməsinə sərf olundu. Azərbaycanda da oxşar proqramın qəbul olunması daha məqsədəuyğundur. Biz bu barədə hökumətə təkliflər də təqdim etmişdik”.
V.Bayramovun sözlərinə görə, bank sektorunda dövlət dəstəyinin güclənməsinə ehtiyac böyük olaraq qalmaqdadır: “Banklar iqtisadiyyatın mühərrikidir. Onların dəstəklənməsi, bank sektorunun sağlamlaşdırılması son dərəcə zəruridir. Bu, imkan verəcək ki, banklarda likvidlik artsın, onlara inam bərpa olunsun. Bu gün banklarda depozitlərin qəbulu ilə bağlı ciddi problemlər yaranıb. Bir çox banklar depozit faizlərini kəskin aşağı salıblar, bəziləri ümumiyyətlə, depozit qəbulunu dayandırıblar. Çünki götürdükləri vəsaiti yerləşdirməkdə çətinlik çəkirlər. Bütün bunlar göstərir ki, banklara dövlətin maliyyə dəstəyinin gücləndirilməsi lazımdır. Bu, həm problemli kreditlər məsələsinin həlli, həm də ümumilikdə bankların sağlamlaşdırılması baxımından vacibdir”. (musavat.com)
Digər xəbərlər
loading...