“Nardaranda yaşayan insanlar inanclı insanlardır. Lakin Nardarana aidiyyəti olmayan bəzi qüvvələr bu insanların dini inanclarından öz məqsədləri naminə sui-istifadə etməyə cəhd göstərmişdilər”
Bunu Nardaranda dini ekstremist qrupa qarşı keçirilən əməliyyatının 2-ci ildönümü ilə bağlı APA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, zaman-zaman ayrı-ayrı radikal qrupların din pərdəsi altında öz şəxsi məqsədlərini həyata keçirmək cəhdləri olub: “Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsi, din pərdəsi altında etnik və dini mübarizənin qızışdırılması, insanların sosial məsələlərinin din pərdəsi altında tamam başqa istiqamətə yönəldilməsi hallarının da şahidiyik. Bunun da arxasında ayrı-ayrı qüvvələr, dövlətlər dayanır, onlar Azərbaycandakı ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini, dövlət-din münasibətlərini pozmaq istəyir.
Eyni zamanda, xalqın dəstəklədiyi prezidentin müstəqil siyasət aparmasını gözləri götürmür. Konkret Nardarana gəldikdə, orada yaşamayan, dini icma kimi qeydiyyatdan keçməyən qruplar, dəstələr toplaşaraq, bu qəsəbədəki insanların etibarından sui-istifadə edərək qanuna zidd addımlar atmağa çalışırdılar. Azərbaycan hüquqi, demokratik bir dövlətdir və qanunun aliliyinin təmin edilməsi üçün həmin insanlar məsuliyyətə cəlb olunub. Ötən dövr ərzində Nardaran qəsəbəsində abadlıq işlərinin aparılması, yeni iş yerlərinin açılması, sosial problemlərin həll olunması, əhalinin məşğulluğunun təmin edilməsi, təhsil və səhiyyə sisteminin daha da yaxşılaşdırılması üçün vəsait ayrılıb. Qəsəbədə yeni yollar çəkilib, abadlıq işləri görülüb və Nardaranda da hər bir insan görülən işlərlə bağlı öz razılığını bildirir. Bu gün də qəsəbədə həyat öz axarı ilə davam edir. Nardaran Azərbaycanın bir hissəsidir. Azərbaycanın hər yerində olduğu kimi, Nardaranda da qanun hər bir kəsə şamil olunur”.
Millət vəkili Hikmət Babaoğlu APA-ya açıqlamasında deyib ki, 2 il əvvəl Nardaranda baş verən hadisələr bəzi xarici qüvvələrin dəstəyi ilə baş tutub: “Ancaq Azərbaycan dövlətinin humanizmə söykənən qətiyyətli mövqeyi Nardaranda belə qüvvələrin öz məqsədlərinə çatmasına yol vermədi. Ölkəmizdə dini inanc azadlığı mövcuddur və hər kəs inanc məsələsində sərbəstdir. Ancaq bu azadlıqdan sui-istifadə edilməsinə Azərbaycan dövləti çox həssaslıqla yanaşır. Biz heç vaxt icazə verə bilmərik ki, xarici qüvvələrin təhriki ilə hansısa yad ünsürlər vətəndaşlarımızın dini inancını istismar etsin. Nardaran qəsəbəsində həmişə inanclı, yüksək mənəviyyatlı insanlar yaşayıblar və dini dəyərlərimizi həqiqi mənada yaşadaraq həm də onu təbliğ ediblər. Bu gün də belədir. İki il bundan əvvəl Nardaranda ciddi hüquq pozuntusuna yol verərək inanclı insanlarımızı dövlət qarşısında etibarsızlaşdırmağa çalışan cinayətkar ünsürlər layiqli cəzalarına çatdırıldılar. Hazırda Nardaran qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir. Təhsil almaq hüququ olan bütün vətəndaşlarımız cinsiyyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq təhsil prosesinə cəlb edilir. Yeni, dini baxımdan savadlı, həqiqi islamı və islami dəyərləri mənimsəmiş intellektual gənclik yetişdirilir. Dövlətimizin qayğısı və qətiyyəti sayəsində dindarlarımızın iradəsi kimlərinsə çirkin məqsədlərinin girovuna çevrilmir. Dini mədəniyyətimiz bizim milli mədəniyyətimizin ən əsas komponentlərindən biridir və onun inkişaf etməsi üçün bundan sonra da Azərbaycan dövləti hər şeyi edəcək”.
Digər xəbərlər
loading...