KSENİYA SVETLOVA
KARNEGİ MƏRKƏZİ
KARNEGİ MƏRKƏZİ
Suriya İŞİD-in tamamilə darmadağın edilməsinə doğru son günləri saydığı bir vaxtda beynəlxalq terrorizm sübut edir ki, heç də yox olmağa hazırlaşmır. Cümə günü müəzzinlərin ibadətə çağırışı başa çatdıqdan və Misirin Bir-əl-Əbd şəhərinin kişi sakinlərinin böyük bir hissəsi ər-Raud məscidində toplaşdıqdan dərhal sonra küçələrdə İŞİD-in qara bayrağı dalğalanan “lendroverlər” şütüməyə başlayıb. Bir neçə saniyədən sonra dəhşətli partlayış səsi eşidilib, ardınca daha üç partlayış baş verib. Partlayış dalğası yatmamış avtomat silahlarından açılan atəşin səsi, yaralıların qışqırığı və uşaqların hönkürtüsü eşidilib.
Nəticədə üç yüz beş nəfər həlak olub, yüz əllidən çox insan isə yaralanıb. İndi Misir miqyasında belə çox az tanınan Bir-əl-Əbd şəhəri müasir ölkə tarixində ən dəhşətli terror aktının həyata keçirildiyi yer kimi tarixə düşəcək. İŞİD hadisəylə əlaqəsi olduğunu təkzib etsə də, hələlik hər şey terror aktının yalnız bu təşkilat tərəfindən törədilə biləcəyini göstərir (cihad qurumları arasında məsuliyyətin təkzib edilməsi yayılmış taktitkadır).
Sinayda müharibə artıq uzun illərdir davam edir. Misir hərbçiləri təhlükəsizlik sahəsində vəziyyətin yaxşılaşmasını, terrorçuların məhv edilməsi (rəsmi məlumatlarda min nəfər göstərilir) və terror bazalarının dağıdılmasını iddia etsə də, bu müharibə bir dəqiqə də olsun dayanmır. Beynəlxalq KİV Sinayda baş verən və ondan çox insanın həlak olduğu böyük terror aktları barədə xəbər verir. Ancaq demək olar hər gün polis məntəqələrinə hücumlar baş verir, blok-postlarda hərbçilər güllələlənir, hərbi bazalara və dövlət müəssisələrinə reydlər keçirilir.
Bununla belə Misir hökumətinin yüzlərlə, hətta minlərlə insanın toplaşdığı ictimai mərkəzlərin mühafizəsi ilə bağlı nümayiş etdirdiyi mövqedə heç bir ciddi dəyişiklik müşahidə edilmir. Məsələn, ər-Ruad məscidi demək olar mühafizə olunmurmuş, yerli beduinlərin çox çətinliklə keçdiyi saysız-hesabsız nəzarət-buraxılış məntəqələri isə otuzdan çox insan və bir neçə avtomobildən ibarət terrorçu qrupu ifşa edə bilməyib. Ər-Ruad məscidində ibadət edənlər faktiki olaraq məqsədləri daha çox insan öldürmək olan şəxslərin asan hədəfinə çevrilib.
Ərazi uğrunda mübarizə?
Bir-əl-Əbddəki terror aktı ən irimiqyaslı hadisə olsa da, Sinayda son illər baş verən ilk belə hal deyil. Təxminən il yarım bundan əvvəl Şeyx-Züveyd şəhərində İŞİD-in imzası olan başı kəsilmiş cəsədlər aşkarlanıb. Polis məntəqələrinə basqınlar zamanı mülki şəxslər dəfələrlə həlak olub. Ər-Ruad məscidindəki terror aktı ən azı ona görə unikaldır ki, Misir ərazidində məsciddə həyata keçirilən ilk hadisədir. Halbuki əvvəllər kilsələr, hotellər, turist qrupları, hərbi və polis obyekləri, metro stansiyaları zərbələrə məruz qalırdı.
Ekspertlər dərhal Bir-əl-Əbddəki məscidin sufi məscidi olduğunu müəyyən ediblər. Lakin orada nəinki sufi ordeninin davamçıları, həmçinin sufi mistizmi ilə heç bir əlaqəsi olmayan adi müsəlmanlar da ibadət edirmiş. İŞİD fanatiklərinin fikrincə, sufilər müsəlman deyil. Onlar da şiələr kimi kafir hesab olunurlar. Bununla belə, bu vaxta kimi məsələn, Liviyadan fərqli olaraq Misirdə heç bir məscid terrorçular tərəfindən hədəf seçilməmişdi.
İbadət edənlərin çoxu keçmişdə “Əl-Qaidə”, sonradan isə İŞİD-in yerli təşkilatı ilə əməkdaşlıq edən qüdrətli və çoxsaylı savark icmasının nümayəndəsi olub. Misir mətbautının verdiyi məlumata görə, hərbçilər terrorçuları yerli əhalinin dəstəyindən məhrum etmək üçün son aylar icma ağsaqqallarını öz tərəflərinə çəkə biliblər. Bunun belə olub olmadığını yoxlamaq praktiki olaraq mümkün deyil, çünki Şimali Sinay bir neçə ildir beynəlxalq müşahidəçilər və jurnalistlər üçün qapalı ərazidir. Yox əgər loyallığın dəyişməsi ilə bağlı versiya sübuta yetirilsə, onda əminliklə terror aktının xəyanətə görə qisas olduğunu demək olar. İŞİD-in təsir sahəsindən heç kim cəzasız çıxa bilmir.
Terrora qarşı mübarizədən əlavə Sinayda iki terror qruplaşması İŞİD və “Əl-Qaidə” arasında da müharibə gedir. Üsamə bin Ladenin təşkilatı İraq və Suriyada uğradığı məğlubiyyətə baxmayaraq, fəaliyyətini dayandırmayıb və ideoloji fikirayrılığını əsas gətirərək İŞİD-ə sədaqət andı içməyib. Sinayın çox pis mühafizə olunan ucu-bucağı görünməyən quru və dəniz sərhədləri Livandan ən müasir silahların, həmçinin Qəzzadan tutmuş İraqa kimi Yaxın Şərqin hər tərəfindən insanların yarımadaya axın etməsinə səbəb olub.
Bu terror aktı birinin Mosul və Rakka xarabalıqlarından gələn cihadçıların hesabına xeyli möhkəmləndiyi iki yırtıcı arasında baş verən mübarizənin növbəti mərhələsi olub? Uzun illərdir Misir ordusunun terrorçuların fəaliyyətinə son qoya bilmədiyi yarımada psevdo-xilafətin növbəti reinkarnasiyası ola bilər? Aydındır ki, Suriya və İraqda məhv edilməyən cihadçılar Sinayın ucsuz-bucaqsız ənginliklərində sığınacaq tapırlar. Ancaq Suriya və İraqdan fərqli olaraq burada şəhərləri və inzibati resursları ələ keçirib, Misir torpaqlarında İŞİD modelini təkrarlaya bilmirlər.
Ərazi və əhalini nəzarət altına ala bilməyən İŞİD terrorçularının Sinayda “Əl-Qaidə”nin hələ əfqan düşərgələri dövründən məlum olan köhnə formulu sınaqdan çıxaracağı tamamilə mümkündür. Ərazi elə də əhəmiyyətli deyil, əsas məsələ prosesin özüdür. Yəni, İŞİD ideoloqlarının interpretasiyasında ilk növbədə ərəb rejimlərinin aid olduğu kafir kateqoriyasına qarşı terror aktları həyata keçirməyə başlayacaqlar.
2015-ci il iyulda Şeyx-Züveyd şəhərini ələ keçirmək cəhdi qanlı qırğınla başa çatdı və bir sutkadan sonra məlum oldu ki, islamçılar şəhəri nəzarətləri altında saxlaya bilməyəcəklər. Elə o vaxtdan bəri daha buna cəhd göstərmirlər. Ola bilsin, Suriya, İraq və Liviyada döyüşməyə macal tapmış və Sinayda toplaşan terrorçuların prioritetlər siyahısında bu məqsədin üzərindən xətt çəkilib. Amma taktikanın dəyişməsi o demək deyil ki, İŞİD Sinayda məskunlaşa və buranı yeni fəaliyyət mərkəzi elan edə bilməyəcək. Bəs Misir rejimi terrorçuları təcrid edib, onların yerli əhaliyə qarışmasına mane ola biləcəkmi?
Bədəvi və firon
“Ərəb baharı” ndan, milyonlarla Yaxın Şərq sakininin öz ölkəsində korrupsiyaya uğramış rejimlərə qarşı etiraz etməsindən çox əvvəl Şimali Sinay ərazisində narkotik alverçiləri, qaçaqmalçılar və Misir ordusu arasında tiryək müharibələri baş verib. Sinay bədəviləri və mərkəzi Qahirə hökuməti arasında indiyənədək ümumi dil tapmaq mümkün olmayıb.
Qahirə hesab edir ki, Sinay, xüsusilə onun şimal bölgəsi sırf problem mənbəyi olub. Şimali Sinayda yol infrastrukturlarının, məktəb və xəstəxanaların inkişafı və tikintisinə vəsait yatırılmayıb, burada turist ajiotajı yaşanmayıb. Yerli sakinlər Süveyş kanalının o biri sahilindəki misirləri yad hesab edərək onları “fironlar” adlandırırdı. Qahirədə köçəri həyat tərzini davam etdirən bədəvilərə etinasız yanaşırdılar. 2000-ci illərdə qlobal islam terrorizmi baş qaldırdığı bir vaxtda bu dalğa Sinaya da yayılmağa başladı. Artıq 2004-2005-ci illərdə aydın oldu ki, bəzi tayfalar “Əl-Qaidə” ilə aktiv əməkdaşlıq edir, təşkilat nümayəndələrini sığınacaqla təmin edirlər. Əlbəttə ki, bunu təmannasız etmirdilər.
“Ərəb baharı”, Misirdə xaos və anarxiya hökm sürməyə başladıqdan sonra Sinayın yeni sahibləri ortalığa çıxdı. Hərbi bazalar və polis məntəqələrinə, sonra isə Misirdən İsrailə qaz nəql edən qaz kəmərinə hücum edən terror qruplaşması özünü “Ənsər Beyt əl-Məqdəs” (“Qüds müdafiəçiləri”) adlandırmağa başladı. Qruplaşmanın fəaliyyəti nəticəsində Misir İsrailə qaz nəqlini dayandırdı. On üç partlayışdan sonra aydın oldu ki, bütün qaz kəmərini müdafiə etmək mümkün olmayacaq və iki ölkənin bu sahədəki əməkdaşlığına son verildi.
Elə o vaxt Misirin siyasi səhnəsinə enerjili və aktiv general Əbdül-Fəttah əs-Sisi çıxdı. O, əvvəlcə baş qərargah rəisi, sonra isə müdafiə naziri oldu. Sisi şəxsən Sinaya səfər etdi, əsgərlərlə görüşdü və növbəti böyük terror aktından sonra terrorçuların məhv edilməsi üzrə “Qartal” əməliyyatının başlanmasını elan etdi. 2012-ci ildə başlamış bu əməliyyatın nə vaxt başa çatdığı məlum deyil.
İsrailin icazəsi ilə Sinay şəhərinə əlavə qoşun bölmələri, sonra isə xeyli sayda ağır texnika yeridildi. Fələstinin “HƏMAS” hərəkatına müharibə elan edildi, Qəzza və Sinay arasında sərhəd təmizləndi, Misirin Rafiah şəhərində onlarla ev söküldü.
Terrorçular mütəmadi olaraq aviazərbərlərə məruz qalır, ağır toplardan atəşə tutulur, səhrada ələ keçirilirlər. Lakin bütün bunlar heç kimə rahatlıq gətirmir. Əksinə, zaman-zaman İŞİD İsrailin kurort şəhəri Eylatı raket zərbələrindən atəşə tutur. Bununla da gələcəkdə hücumların daha çox olacağına eyham vurur. Hərçənd İsrail bu gün cihadçıların prioritetində deyil. Raketlər bir qayda olaraq “Dəmir qübbə” sistemi vasitəsilə tutulsa da, Sinaydakı təhlükə nəinki Misir, eyni zamanda İsrail üçün də getdikdə daha real olmağa başlayır. İsrail Misirə kömək edir, strateji vacib informasiya ilə təmin edir və yarımadada hərbi iştirakın artırılması xahişinə müsbət cavab verir.
Eyni zamanda yarımadanı terrorçulardan təmizləyib, yerli əhali üçün vəziyyəti yaxşılaşdırmaqla Sinay problemini həll edə biləcək yeganə tərəf Misirdir. Misirin güc strukturları həm terrorçulara, həm də onların cinayət əməllərini gizlədənlərə qarşı sərt tədbirlər həyata keçirsə də, Qahirə regionun sosial-iqtisadi inkişafına vəsait yatırmağa hələ tələsmir.
Hər il Misir ordusuna 1,3 milyard dollar hərbi yardım ayıran Vaşinqton belə bir sual verir: niyə bu vəsait məlumat əldə etmək üçün nəzərdə tutulan sistemlər və kəşfiyyat xidmətlərinin modernləşdirilməsinə deyil, yeni təyyarə və sualtı qayıqların alınmasına xərclənir? Alınan bütün bu şeylər hələlik nə Sinayda, nə Liviya ilə sərhəddə, nə də Yuxarı Misirdə təhlükəsizliklə bağlı vəziyyəti yaxşılaşdıra bilməyib. Rusiya hələ də Misirə çarter reyslərini bərpa etməyib və İŞİD qəti şəkildə Əl-Əriş – Rafiah – Şeyx-Züveyd üçbucağında məskunlaşsa, onda turizm məsələsini uzun müddət unutmaq olar.
Sinay indi terrorçular üçün dünyanın ən cəlbedici yerlərindən biridir. “Əl-Qaidə”, İŞİD – bütün bu qruplaşmaların uzun sahil xəttinə malik bu dağlıq, cansız yerlə bağlı böyük planları var. Misir ordusu lazımi islahatları həyata keçirməsə, Sinay yarımadası da tezliklə Rakka və Mosul kimi Yaxın Şərqdə qeyri-sabitlik yaymağa başlayacaq. Özü də nəzərə almaq lazımdır ki, qonşuluqda yerləşən Qəza sektoru bunun üçün bütün imkanları yaradacaq. (Xpress)
Digər xəbərlər
loading...