"Leyla Şıxlinskaya" klinikasının mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən klinikanın sabiq baş mühasibi Şəhla Abbasova və klinikanın əməkdaşları - Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın, Polad Əliyevin cinayət işi üzrə şahid qismində dindirilən Leyla Şıxlinskayanın ibtidai istintaqa verdiyi ifadə məlum olub
APA-nın xəbərinə görə, L. Şıxlinskaya ifadəsində göstərib ki, 2013-cü ilin ortalarından klinikada bir sıra həkimlərə əmək haqlarının verilməsində gecikmələrə yol verilməsi narazılığa səbəb olduğuna görə, klinikada audit yoxlamasını keçirmək qərarına gəlib.
Onun sözlərinə görə, yoxlamanın əhatə etdiyi dövrdə klinikada baş mühasib vəzifəsində Şəhla Abbasova, baş mühasibin müavini Polad Əliyev, mühasib Günel Abbasova işləyib, xəzinədar vəzifəsində isə Nadejda Kaysına çalışıb.
L. Şıxlinskaya qeyd edib ki, aparılan yoxlamalar zamanı Ş. Abbasova və P. Əliyev tərəfindən klinikaya tibbi xidmətin göstərilməsi üçün müraciət etmiş şəxslərdən ödənişlərin qəbulunda qanunsuz hərəkətlər edilməsi müəyyən olunub: "Odur ki, Daxili İşlər Nazirliyinə müraciət edərək, yoxlama materialları üzrə qanuni tədbirlər görülməsini xahiş etdim. Həmin dövrdə audit yoxlaması təkrarən aparıldı və baş mühasib Şəhla Abbasovanın və digərlərinin klinikanın vəsaitini mənimsədiyi bir daha məlum oldu".
L. Şıxlinskaya ifadəsində onu da qeyd edib ki, audit yoxlaması zamanı bankdan klinikanın hesabına daxil edilən mədaxil pullar ilə gündəlik hesabatlar müqayisə olunarkən məlum olub ki, bir çox xəstələrin adları qarşısında nağdsız ödənişə işarə olan "depozit" sözü qeyd olunsa da, həmin məbləğlər nağd olaraq ödənilib, ancaq həmin məbləğlər klinikanın bank hesabına mədaxil olan vəsaitlər arasında yoxdur.
L. Şıxlinskaya təqsirləndirilən şəxslərin ittihamına da cavab verib və ifadəsində göstərib ki, audit yoxlaması zamanı Ş. Abbasovaya hansısa mühasibatlığa aid hansısa sənədləri məhv etməsi barədə göstəriş verməyib.
L. Şıxlinkaya təqsirləndirilən şəxslərə qarşı 804 min, 343 manat məbləğində mülki iddia qaldırıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir. Klinikanın fəaliyyəti ilə bağlı açılan cinayət işi ilə bağlı məlum olur ki, adı çəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
Leyla Şıxlinskaya mətbuata bu işdə heç bir günahının olmadığını bildirib: “Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.
Digər xəbərlər
loading...