Azərbaycan və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il noyabrın 13-dən 19-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.
Bu barədə MilliYol.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Əməliyyatın əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, həmçinin, transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn hərəkətlərin qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.
Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 35 şəxs tutulub. O cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 14, Gürcüstan Respublikası tərəfindən axtarılan 1 nəfər, dövlətə borclu qismində axtarılan 66 nəfər saxlanılıb, itkin düşmüş hesab edilən 2 nəfər tapılaraq ailələrinə təhvil verilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan 8 avtomat silahı, 6 tapança, 87 yivli və yivsiz tüfəng, 34 əl qumbarası, 30 ədəd silah sandıqçaları, 23 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 1 partlayıcı maddə, 1 qumbaraatan və 6120 müxtəlif çaplı patron götürülüb, narkotiklərlə əlaqədar 4 fakt aşkar olunub.
Bundan başqa, tədbirlər zamanı Balakən rayonunda 8, Quba rayonunda 4, Qəbələ rayonunda 3, Xaçmaz rayonunda 2, Şəki rayonunda 1 fakt olmaqla qanunsuz odlu silah gəzdirmə, oğurluq və digər cinayətlərin açılması təmin edilib.
Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...