Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamı özünü yandırıb
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə noyabrın 22-də günorta saatlarında baş verib.
Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan "haqq" tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına "haqq" verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.
Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.
Korolyovda yaşayan azərbaycanlılar APA-ya bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi "haqq" tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.
MilliYol.Az
Digər xəbərlər
loading...