Niderlandın Lahey (Haaqa) şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması prosesi zamanı Bosniya-Herseqovinada baş vermiş etnik münaqişə zamanı insanlığa qarşı cinayətlər törətmiş serb general Ratko Mladiçi soyqırımda təqsirli bilib
APA-nın xəbərinə görə, R. Mladiç 2-si soyqırımla əlaqəli olmaqla, ümumilikdə 11 maddə üzrə günahkar sayılıb. Paytaxt Sarayevo şəhərinin bombalanması və Srebrenitsa soyqırımında onun günahı sübut olunub.
Məhkəmənin qərarı ilə R. Mladiç ömürlük həbsə məhkum edilib. O, proses zamanı qışqıraraq nəsə deməyə çalışıb. Hakim əvvəlcə ona xəbərdarlıq edib, sonra isə zaldan çıxarıb.
Xatırladaq ki, 1995-ci il iyulun 11-də BMT-nin əsasən Hollandiya hərbçilərindən ibarət qüvvələrinin nəzarəti altında olan bu şəhərə Ratko Mladiçin komandanlığı altında Serbiya ordusu ağır texnika və çoxsaylı canlı qüvvə ilə girərək, soyqırm törədib. İki gündə 8 372 bosniyalı müsəlman öldürülüb. Onların hamısı kişilərdir. Həmin hadisədən 22 il ötsə də, indiyədək 6 241 nəfər dəfn edilib . Bu günə kimi 7 000 cəsəd tapılıb. 1372 nəfər barəsində heç bir məlumat yoxdur.
BMT-nin Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın olması ilə bağlı hüquqi sənədin qəbulu müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan, sənəd qəbul edilməyib.
Yuqoslaviyadakı 1991 – 1995-ci il savaşından əvvəl Srebrenitsada 36666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı 10 000-ə yaxındır. Soyqırımadək Srebrenitsada əhalinin 78%-ni bosniyalılar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 minədək azalıb. Şəhərin əhalisinin qalanı serbdir.
MilliYol.Az
Digər xəbərlər
loading...