İctimai nəqliyyat gündəlik həyatın hərəkət çarxıdır. Bu çarx dayananda insanlar işə, məktəbə, universitetə gecikirlər. Nəticədə dövlət orqanlarının da işində problemlər yaranır
Son illər nəqliyyatın modernləşdirilməsi istiqamətində görülən işlərə baxmayaraq, çoxsaylı problem hələ də qalmaqdadır.
Sakinləri narahat edən məsələlərdən biri də avtobusların interval problemidir. Bəzi avtobus sürücülərinin interval sisteminə əməl etməməsi ictimai nəqliyyatda basabasa, tıxaca səbəb olur.
Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobuslarında bu problemlərin, demək olar ki, əksəriyyəti aradan qaldırılıb. Sadaladığımız problemlər daha çox özəl şirkətlərə məxsus marşrut avtobuslarında yaşanır.
Axar TV sərnişinlərin şikayətlərini nəzərə alaraq, Bakının Yasamal rayonunda, 20 Yanvar dairəsində, Xırdalanda nəqliyyatın vəziyyəti ilə bağlı araşdırma aparıb.
Məlum olum olub ki, tıxacla bağlı problem dayanacaqlarda yaranır. Taksi sürücüləri avtomobillərini avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlarda saxlayır. Buna görə də marşrut avtobusları onlar üçün təyin olunmuş dayanacağa yaxınlaşa bilmir və məcbur qalıb yolun ortasında saxlayırlar. Nəticədə tıxac yaranır.
Texniki nasazlıq, natəmizlik məsələsində də vəziyyət ürəkaçan deyil. Sürücülər avtobusların hər gün texniki baxışdan keçdikdən sonra xəttə buraxıldığını desələr də, mənzərə tam fərqlidir.
Marşrut avtobusları ya qarajda, ya da sonuncu dayanacaqda təmizlənir. Təmizlənir, amma necə?
Bakı-Xırdalan xətti üzrə hərəkət edən 119 saylı avtobusda təmizlik işləri ibtidai-kustar üsulla aparılır. Müasir vasitələrlə təmin olunmuş avtoyumaların olduğu bir vaxtda, az qala, quldarlıq dövrünə uyğun şəkildə - bir vedrə su və əski ilə - təmizlik işi aparmaq avtobusun daha da çirklənməsinə gətirib çıxarır.
Başqa bir problem isə intervalın süni şəkildə tənzimlənməsidir. Sürücülər intervalı artıraraq xəttə çıxmağa gecikirlər ki, dayanacaqda sərnişinlər çoxalsın. Nəticədə, dayanacaqda basabas yaranır...
MilliYol.Az
Digər xəbərlər
loading...