MilliYol.Az BAXCP sədri Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsinin ikinci hissəsin təqdim edir:
- Naxçıvanın iqtisadi inkişafı üçün konkret nə təklif edirsiniz?
– Naxçıvan Muxtar Respublikasında ilk növbədə azad iqtisadi zona yaradılmalıdır. Uzun illərdir bu məsələ müzakirə olunur, amma reallaşdırılmır. Artıq bunu reallaşdırmaq lazımdır. Naxçıvanın yerləşdiyi coğrafi mühit də buna kifayət qədər imkan verir. Türkiyə və İranın qovşağında yerləşən Muxtar Respublikanın bu imkanlarından düzgün istifadə olunsa, bütün tərəflər qazanar, Naxçıvanın təhlükəsizliyi üçün əlavə təminatlar da yaranar.
Muxtar Respublikanın iqtisadi inkişafının digər sahəsi böyük sənaye komplekslərinin yaradılması və inkişafı potensialı ilə bağlıdır. Buranı Almaniyanın Ştutqart, Münhen şəhərləri kimi böyük sənaye mərkəzinə çevirmək olar. Bayaq dediyim kimi, getdikcə dünyada rəvac qazanan elektrik avtomobillərini Naxçıvanda buraxmaq lazımdır. Özü də dünyanın qabaqcıl avtomobil istehsal edən şirkətləriylə birgə layihələr həyata keçirməklə.
Bu gün karbohidrogen yanacaqlı avtomobillərdən fərqli olaraq, elektriklə işləyən maşınlara bazarda ciddi tələbat yaranır. İqtisadi təxminlər bu tələbatın yaxın 10 illər ərzində daha da böyüyəcəyini göstərir. Azərbaycan hökuməti yaranmış fürsətdən istifadə edib dünyanın ən qabaqcıl avtomobil zavodlarının regional filiallarının Naxçıvana salınmasına nail ola bilər. Muxtar Respublikanın istehsal etdiyi elektrikli maşınların həm Türkiyə, İran, həm də Rusiya, Orta Asiya bazarlarına çıxartmaq potensialı yüksəkdir. Bilirsiniz ki, həm Türkiyə ilə Qərb arasında yaranan ziddiyyətlər, həm də İrana qarşı tətbiq olunan sanksiyaların tam aradan qaldırılmaması həmin şirkətləri bu ölkələrə investisiya qoymaqdan çəkindirir. Eyni şəkildə Gürcüstanla Rusiya arasındakı ziddiyyətlər hər an ciddi risklərlə qarşı-qarşıya qalmaq təhlükəsi yaradır. Ermənistanın işğalçı siyasət yürütməsi bu ölkəni də böyük investisiyalar baxımından mənasız hala gətirib. Nəhəng avtomobil şirkətləri isə regional bazarları əldə saxlamağa çalışırlar. Naxçıvanın coğrafi mövqeyi onların bu maraqlarına tam cavab verir. Azərbaycan hakimiyyəti ya Almaniya, ya Yaponiya, ya ABŞ, ya Cənubi Koreya şirkətləriylə danışıqlar aparmalı, onları Naxçıvana investisiya qoymağa təşviq erməlidirlər.
Özü də indiki montaj fabrikası qurmaq yoluyla deyil, avtomobillərin bir çox hissələrinin Naxçıvanda istehsal edilməsi şərtiylə müqavilələr bağlanmalıdır. Bilirsiniz ki, hazırda Azərbaycanda açılan avtomobil zavodlarının hamısında maşının bütün hissələri xaricdən gətirilib, burda yığılır. Bu, maşın istehsalı demək deyil. Mən hesab edirəm ki, həmin maşınların bir çox hissələri, gələcəkdə hətta 100%-i Naxçıvanın özündə istehsal olunmalıdır. Muxtar Respublikanın hər rayonunda o hissələrin bir qismini istehsal edən müəssisə salınsa, bu, əhalinin rifahına müsbət təsir göstərər. Naxçıvan gəncləri çörək pulu xətrinə öz doğma diyarlarını tərk edib başqa ölkələrə getməz…
- Aydındır, yəni deyirsiniz ki, Naxçıvan iqtisadiyyatı iki əsas sahə üzərində inkişaf etdirilə bilər – biri azad iqtisadi zona yaradılması, digəri isə transmilli sənaye şirkətlərinin Muxtar Respublikaya investisiya yatırımına cəlb edilməsi yoluyla. Gəlin, razılaşaq ki, bunlar Muxtar Respublika rəhbərliyini aşan məsələlərdir…
– Əlbəttə, elədir. Mən Naxçıvanın indiki ağır vəziyyətdə olmasının tək səbəbini yerli hakimiyyətdə axtarmıram. Bir çox layihələri mərkəzi hakimiyyət həyata keçirməlidir. Bununla belə, Naxçıvanda daha azad investisiya mühitin yaradılmasında Muxtar Respublika rəhbərliyinin də üzərinə ciddi iş düşür.
- Qüdrət bəy, məni bir məsələ maraqlandırır. Bütün dünya alternativ enerjiyə keçməyə çalışdığı halda, biz hələ də neft sənayəsinə ümidlərimizi bağlamışıq. Sizə elə gəlmir ki, bir müddətdən sonra onsuz da tükənən və tükəndikcə maya dəyəri artan təbii sərvətimiz bizi xəyal qırıqlığına uğradacaq?
– Mənim parlament iclaslarında qaldırdığım əsas məsələrdən biri də budur – alternativ və bərpaolunan enerji mənbələri. Siz bilirsiniz ki, Bakı şəhəri küləkləriylə məşhurdur. Burada il ərzində cəmi 45 gün külək olmur…
- Doğrudur. Üstəlik, günəşli şəhərdir…
– Baxın, gələn ilin büdcəsində 6 milyon 995 min manat Alternativ və Bərpaolunan Enerji Məsələləri üzrə Dövlət Agentliyi məmurlarının maaşlarına və agentliyin saxlanılmasına ayrılıb. Əslində bu Agentlik ləğv edilə və işi Energetika Nazirliyinə tapşırıla bilərdi. Bundan başqa işi elə qurmaq olardı ki, bu agentlik nəinki büdcədən qidalanar, əksinə, büdcəyə pul verərdi. Amma büdcədən bu agentliyə pul ayırırıqsa, deməli, bu qurum ya mənasız yerə yaradılıb, ya da mənasız işlərlə məşğuldur. Sanki bu qurum da ona görə yaradılıb ki, başqalarına göstərib “biz belə ciddi işlərlə məşğuluq” deyə bilək.
Hərdən cənub rayonlarına yolum düşür. Bu rayonlara gedən yolun ətrafında bir yerdə günəş batareyaları düzülüb. Avtomobillər gedib gəldikcə, həmin batareyaların üzərinə ya toz, ya palçıq sıçrayır. Halbuki, onlar elə yerdə qurulmalıdır ki, üzərlərinə zərrə qədər də toz qonmasın. Əks halda günəş enerjisini toplaya bilməz. Bizdə isə görüntü xatirinə ən tozlu, palçıqlı yerdə bu batareyalar düzülüb.
- Elə bu fakt da məqsədin görüntü olduğunu təsdiqləyir…
– Bəli, təəssüf ki, belə görüntü yaranır. Yaxud külək trubinlərini götürək. Dünyanın bir çox ölkələri artıq öz həyatlarını alternativ enerji üzərində qururlar. Məsələn, İsveçdə enerji tələbatının 53.9 faizini bərpaolunan enerji vasitəsilə ödəyirlər. İsveç, deyək ki, oturuşmuş Qərbi Avropa dövlətidir. Bizimlə eyni “şinel”dən çıxan Latviyada bu göstərici 39.3%, Avstriyada 33%, Danimarkada 30.8%-dir. Avropa Birliyi qərar qəbul edib ki, artıq 2020-ci ildə bütün ittifaq ölkələrinin enerji tələbatının 20%-i, 2030-cu ildə isə 27%-i bərpaolunan enerji hesabına ödəniləcək. Bizdə bu sahədəki vəziyyət isə həmin işlə məşğul olan agentliyi büdcədən maliyyələşdirəcəyimiz səviyyəsindədir. Bakının bu qədər küləyi, cənub rayonlarımızın bol günəşi ola-ola, işlərin bu qədər ləng getməsi başa düşülən deyil.
- Sözünüzün qüvvəti, bayaq nümunə kimi göstərdiyiniz ölkələrin bəziləri ilin önəmli hissəsini günəşsiz keçirirlər…
– Üstəlik, Qərbi Avropa ölkələrinin həmin qurğuları qurmaq üçün tələb olunan ərazi problemləri var. Avropada torpaqlar da çox münbitdir, əkinə yararlıdır. Onlar gileylənirlər ki, külək trubinlərini quraşdırmağa yer tapa bilmirik. Aparıb dənizin ortasında quraşdırırlar. Bizdə isə Bakının ətrafı əkinə yararsız gilli torpaqlarla əhatələnib. Quruda külək trubinləri quraşdırmaq daha ucuz başa gəlir. Bakıdan Qobustana qədər gilli topağı olan böyük ərazilər ağzı günə yatıb. Biz o əraziləri onsuz da əkib becərə bilmirik. Amma alternativ enerji qurğuları üçün də istifadə etmirik.
- Əkinə yararlı ərazilərimiz də az deyil. Amma bu sahədə də ciddi addımlar atılmır. Bir çox kənd təsərrüfatı məhsullarını hələ də xaricdən alırıq. Aqrar sahənin inkişafı barədə nə düşünürsünüz və gələn ilin büdcəsində bu nəzərə alınıbmı?
– Dünyanın hər yerində kənd təsərrüfatına müəyyən mənada subsidiyalar verilir. Amma bizdə bu formul özünü doğrultmadı. Fikrimcə, dövlət bu istiqamətdəki siyasətini dəyişdirməlidir. Sahibkarlara, fermerlərə subsidiyalar vermək yerinə, onların məhsullarını normal qiymətə sata bilməsini təmin etmək daha səmərəli nəticələr verə bilər. İstənilən malı istehsal etməzdən qabaq onun satış bazarı yaradılmalıdır. Bu, xüsusilə kənd təsərrüfatı məhsulları üçün keçərlidir. Məhsullarını sərfəli qiymətə sata bilməyən fermerin istər-istəməz əli işdən soyuyur. Bir çox ölkələrdə dövlət bu problemin qarşısını almaq üçün kənd təsərrüfatı məhsullarını özü alıb bazarlara çıxarır. Bizdə də bu istiqamətdə müəyyən addımlar atılıb, tədarük və təchizat üzrə səhmdar cəmiyyət yaradılıb. Elə etmək lazımdır ki, həmin səhmdar cəmiyyət kənd təsərrüfatı məhsullarını baha qiymətə ala, onun ixracatı ilə məşğul ola bilsin.
- Amma həmin səhmdar cəmiyyət təbii monopoliya yaradıb məhsulları ucuz qiymətə də ala bilər.
– Eynitipli müxtəlif alternativ qurumlar yaradıb bu məsələni də yoluna qoymaq olar. Əsas odur ki, indiyə qədər özünü doğrultmayan yanaşmalardan imtina edilsin, yeni siyasət həyata keçirilsin. Təklif etdiyim subsidiyalar əvəzinə, məhsulların sərfəli qiymətə alınması da bu siyasətlərdən biridir. Bu siyasət kəndlini işə həvəsləndirə bilər. İndiyə qədərki siyasətlər özünü doğrultmursa onları dəyişmək lazımdır. Yəni dövlət fermerlərə deməlidir ki, sən get, məhsul istehsal et. Kredit götürəcəksən, özün bu sahəyə pul qoyacaqsan, öz işindir. Mən səndən məhsulunu normal qiymətə alacağam, yaxud normal qiymətə satmağına şərait yaradacağam.
- Sizcə, bu yanaşmalar niyə dəyişdirilmir?
– Bunun 2 başlıca səbəbi var. Biri neft kapitalının gətirdiyi rahatlıq, digəri isə vətəndaşlarımızın vərdiş etdiyi yaşayış tərzidir. Uzun illər sovet rejimi tərəfindən idarə olunan xalqımız kasıb yaşamağa öyrəşib. O dövrdə əhalinin çox az qisminin avtomobili var idi. SSRİ-nin son dövrlərində yalnız, əksər evlərə televizorlar, müxtəlif məişət əşyaları, elektrik avadanlıqları girməyə başlamışdı.
SSRİ dağıldıqdan sonra isə ölkəmiz tək bir mənbəyə – neft kapitalına gözünü dikdi. Neftdən əldə edilən gəlirlərin bir qismi sadə insanlara çatdı. Onlar da öyrəşdikləri minimum həyat tərzlərini bu cür davam etdirdilər. Hökumət isə insanların həyatlarından narazı olmadığını görüb öz ənənəvi siyasətini dəyişdirmir. Sosial gərginlik təhlükəsi hiss edilməyən istənilən cəmiyyətdə ənənəvi siyasətlərdən vaz keçilmir, radikal islahatlar aparılmır. Mən parlament çıxışlarımda da bu məsələyə xüsusi diqqət ayırmış və radikal islahatlar aparılmasa, qısa müddət ərzində vəziyyətin köklü şəkildə dəyişilməyəcəyini bildirmişəm.
Son 25 ildə əldə etdiyimiz iqtisadi inkişafın ən gözəl mənzərəsi büdcə gəlirlərinin mənbələri barədə rəsmi məlumatlarda öz əksini tapıb. Büdcə layihəsində göstərilir ki, qeyri-neft sektorundan hüquqi şəxslərin mənfəət vergisinin həcminin 1.6 milyard manat olacağı gözlənilir. İqtisadiyyatımızın real göstəricisi budur.
- Bəli, hökumət də gizlətmir ki, iqtisadi artım cəmi 2% civarında olub…
– 2.4% qeyri-neft sektorundakı artımdır. Ümumiyyətlə isə, iqtisadiyyatın ümumi həcmində 2% azalma var. Yaxşı ki, hələ neftin qiyməti 60 dollar civarında qaldı. Yoxsa iqtisadi tənəzzül daha dəhşətli olardı. Son zamanlar neftin qiymətlərindəki yüksəliş Neft Fondunun əriməsinin qarşısını aldı.
Yeri gəlmişkən, Neft Fondundan da səmərəli istifadə edə bilmirik. Bizdə ayrı-ayrı layihələr bu fonddan maliyyələşdirilir. Mən hesab edirəm ki, Neft Fondunun pulunu yalnız dövlət aparatı xərcləməməlidir. Mən Elman Rüstəmova dəfələrlə sual verirdim ki, Prezidentin hələ 2008-ci ildə 2 milyard dolların gətirilib yerli banklarda saxlanılması tapşırığına niyə əməl etmirsiniz? Axı, bu, həm yerli bankların gəlirliliyini artırar, normal fəaliyyətlərinə şərait yaradar, həm də yerli sahibkarlara aşağı faizli kredit almaq imkanı verər. Elman Rüstəmov həmişə bu sualdan qaçırdı. Bir dəfə mənim təkidlərimdən sonra cavab verdi ki, iqtisadiyyatımızın o pulları həzm etmək gücü yoxdur, biz onsuz da neft pullarını büdcə vasitəsilə xərcləyirik. Ayrı-ayrı investisiya proqramları Neft Fondu hesabına maliyyələşdirilir…
- Yəni bununla Mərkəzi Bankın rəhbəri etiraf etdi ki, Neft Fondunun pullarını məmurlar xərcləyir.
– Mənim yanaşmam isə belədir ki, həmin pulların bir hissəsi kommersiya banklarında yerləşdirilməli, sahibkarların aşağı faizli kreditlərə çıxışı olmalıdır. Çünki sahibkarın təfəkkürü ilə məmurun düşüncəsi arasında böyük fərq var. Sahibkar bilir; hardan pul qazanmaq, hansı sahəni inkişaf etdirmək, hara investisiya qoymaq olar, hardan daha çox gəlir əldə etmək mümkündür. Buna görə də inkişaf etmiş ölkələrdə əsasən sahibkarlıq sahəsində uğur qazana bilməyənlər məcburən məmur olurlar. Sahibkarların gördüyü işlər sayəsində həmin pullar faizləri ilə birlikdə başqa sahibkarlara verilməsi üçün geri qayıdacaq, yeni iş yerləri açılacaq, həm də büdcəyə əlavə mənfəət gəlirləri gətirəcəkdir.
- Doğrudan da çox qəribədir. Azərbaycanın neft gəlirləri xarici banklarda yatdığı halda, biz xaricdən xeyli baha qiymətə borclar alıb öz sahibkarlarımıza veririk. Halbuki, o kapitalın hesabına Azərbaycan iqtisadiyyatını dəfələrlə inkişaf etdirmək olardı. Biz isə neft gəlirlərini pulumuzu devalvasiyadan xilas etmək tədbirlərinə yönəltdik. Üstəlik, bunu da bacara bilmədik.
– Bəli, 40 milyard dolları 1.5 faizlə (daha əvvəl faizlər daha aşağı idi, hardasa, 0.89%. Ötən il, deyəsən, 1.5%-ə yüksəldi) xarici banklarda saxlamaqdandırsa, onun bir hissəsini gətirib sahibkarlara dəfələrlə yüksək faizlə (məsələn, 4.5%) kredit vermək olardı.
Bu addımı atsaydıq, Neft Fondumuz daha çox qazanacaqdı. Kredit alan sahibkar fikirləşəcək ki, borcunu ödəmək üçün gecəsini gündüzə qatıb çalışmalıdır. Əks halda, onu iflas və məsuliyyət gözləyir. Bu düşüncəylə də o, bazarı öyrənəcək, görəcəyi işin rentabelli olub-olmayacağını müəyyənləşdirdikdən sonra fəaliyyətə başlayacaqdı.
Ölkənin iqtisadiyyatının inkişafı məhz bu cür məsuliyyət hissi duyan, bazarı dəqiqliyi ilə araşdıran iş adamlarına həvalə etməlidir. Yoxsa, hökumət həm idarəetməni, həm iqtisadiyyatı öz əlində cəmləşdirəndə bütün sahələrdə tənəzzül qaçılmaz olur. Ona görə deyirəm ki, Neft Fondunun kapitalı əsasən büdcə vasitəsilə məmurlar tərəfindən xərclənir, sahibkarlar vasitəsilə real sektora yönəldilmir.
Üstəlik, Neft Fondu vəsaitlərinin tamamilə xarici banklarda qorunması istər-istəməz yerli iş adamlarımızda və vətəndaşlarda öz banklarımıza etibarsızlıq hissi yaradır. Bunun və iki ardıcıl devalvasiyanın nəticəsidir ki, vətəndaşlar və iş adamlarının böyük əksəriyyəti öz pullarını xarici banklarda saxlamağa üstünlük verir. Mən parlamentdə dəfələrlə soruşmuşam ki, hökumət öz banklarımıza inanmırsa, pulunun az qismini belə yerli kommersiya banklarında yerləşdirmirsə, niyə vətəndaşdan bunu gözləyir?
- Azərbaycanda sahibkarlara verilən kreditlərin faizləri də çox yüksəkdir. 4.5%-lik kredit həqiqətən sahibkarlar üçün göydən düşmə olar.
– Elədir. Xarici valyutayla götürəndə 10%-dən yüksək faiz istəyirlər. Bəzən bu rəqəm 12%-ə qədər yüksəlir. Azərbaycan manatıyla isə ən azı 16-18% ödəməlisən. Bir də krediti götürəndə əksər banklar rüşvət də istəyir, kreditə böyük ehtiyac olduğu üçün. Hökumət yüksək reytinqli xarici bankları da olkəyə dəvət etməlidir.
- Sizin dediyiniz sistem həm də büdcə üçün münbit qaynaqlar yaradar. Büdcənin əsas qaynaq isə vergi sistemidir. Necə düşünürsünüz, Vergilər Nazirliyinin fəaliyyəti qənaətbəxşdirmi? İş adamları son zamanlar vergilərdən çox narazıdırlar.
– Vergi sistemində qanunçuluğun gücləndirilməsi istiqamətində ciddi addımlar atılmalıdır. Xüsusilə tikinti sektorunda, mənfəət əldə etməmiş, sahibkarlardan tikintiyə başlayan kimi vergi toplanması praktikasına son qoyulmalıdır. Adətən, inkişaf etməkdə olan xarici dövlətlərdə yeni açılan iş yerləri, müəssisələr vergidən 3 il, 5 il azad olunurlar. Növbəti 3 və ya 5 il ərzində isə həmin müəssisələr güzəştli vergi ödəyirlər. Müəssisələri bu cür stimullaşdırmaqla ölkəyə ciddi investisiyalar cəlb etmək olar. Ən azından bu cür stimullaşdırıcı addmlar regionlarda atılmalıdır ki, vətəndaşların paytaxta axınının qarşısı alınsın. Qısası, vergilər sistemində qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınaraq, radikal islahatlar aparılmalı, vergi yığımı daha da şəffaflaşdırılmalıdır.
İqtisadiyyatın inkişafını stimullaşdıran tədbirlərdən biri də məhkəmə hakimiyyətinin gücləndirilməsi, işlərə obyektiv və ədalətli baxılmasının təmin olunmasıdır. Parlamentdəki çıxışlarımda mən bu barədə də fikirlərimi səsləndirdim. Qeyd etdim ki, Ədliyyə naziri Fikrət Məmmədovun iyun ayında “Azərtac”-a verdiyi müsahibəsində Azərbaycan məhkəmələrində baxılan işlərin 20 dəfə artdığını bildirib. Bu artım xüsusilə devalivasiyadan sonra daha çox müşahidə olunub. Hakimlərimizin sayı isə dəyişilmədən qalır və dünya ortalamasından çox-çox aşağıdır. Təsəvvür edin, bizdə hər yüz min nəfərə 6 hakim düşür. Avropada bu göstərici 20 nəfərdir…
- O gün mən məhkəməyə getmişdim. Hazırlıq iclası idi. Hakim 7-8 işə bir salonda baxırdı. Kolxoz bazarı kimi. Üstəlik, işlərdən biri sırf ailə münasibətləriylə bağlıydı. O ailənin bütün sirləri hər kəsə bəlli oldu. Məni daha çox hakimin halı narahat edirdi. Kompüterin beyninə bu qədər məlumatı yerləşdirsən, işi işə qarışdırar. Hakim bunların hamısıyla necə tanış ola bilər? Sonra da ondan ədalətli mühakimə gözləyirik.
– Bəli, hakimlər bəzən işləri dəyişik salırlar. Bu şəraitdə heç bir keyfiyyətli araşdırmadan söhbət gedə bilməz. Ona görə büdcə müzakirəsiylə bağlı çıxışımda dedim ki, Ədliyyə Nazirliyinə ciddi maliyyə ayrılmalı, hakimlərin sayı heç olmasa, Avropadakı ortalamanın 50%-nə yaxınlaşdırılmalıdır. Bu boyda Respublikada hazırda 500-ə qədər fəaliyyətdə olan hakim var. Mən bura hərbi və digər kateqoriyadan olan hakimləri də əlavə edirəm. Bu yaxınlarda Məhkəmə Hüquq Şurasının rəsmi saytına baxdım. Orada hakimlərin sayı 550 nəfər göstərilirdi, bunun da 49-u vakantdır. 10 milyonluq ölkədə 500 hakim olduqca azdır. Bilirsinizmi, qanunun aliliyini təmin etməsək, Azərbaycana böyük investisiya qoyulmayacaq.
- Hökumət də sizin fikrinizə əks-arqument olaraq soruşa bilər ki, bəs, niyə böyük neft şirkətləri Azərbaycana nəhəng investisiya qoydu?
– Mən çıxışımlarımda bu suala da aydınlıq gətirmişəm. Transmilli neft şirkətlərinin Azərbaycana investisiya qoymasının bir səbəbi var: onlar özlərini Azərbaycan hakimiyyətindən güclü bilirlər. Bilirlər ki, heç bir dövlət və ya məmur onların əmlakına əl qoya bilməz. Orta sahibkarların isə belə bir təminatı yoxdur. Onlar qorxurlar ki, sabah vəsait qoysalar, birdən hansısa məmur gəlib mülkiyyətlərini ələ keçirə bilər. Yaxud ekskavatorla vurub uçurdar.
Ədalətli məhkəmə hakimiyyəti iqtisadiyyatın da əsas təməllərindədir. Bütün ölkələrdə qanunun aliliyinin təminatçısı ədalətli məhkəmə sistemidir. Ona görə də ilk növbədə bu sistemin yaradılmasına diqqət yetirməliyik. Məhkəmə hakimiyyətinin imicini yüksəltmək, işlərə ədalətli baxmaq üçün isə hakimlərin sayını artırmalı, bu istiqamətdə islahatlar aparılmalıdır.
- Məhkəmə sistemimizdə ən ağrılı tərəflərdən biri də vəkillik istitutudur. Bildiyimə görə, Azərbaycanda hakimlər kimi vəkillər də azdır. Azərbaycan insanı bu boşluğu doldurmaq üçün nümayəndələrdən istifadə edirdi. İndisə nümayəndəlik ləğv olundu. Hüquqşünasların fikrincə, bu, hüququ pozulmuş vətəndaşların hüquqi yardım almasını həm xeyli çətinləşdirəcək, həm bahalaşdıracaq. Sizin bu barədə fikrinizi bilmək maraqlı olardı.
– Vəkillər, həqiqətən də, azdır. Düzdür, bu istiqamətdə nöqsanları aradan qaldırmaq üçün müəyyən addımlar atılır. Mən bu yaxınlarda mətbuatda Vəkillər Kollegiyasının bu ümidi artıran bir bəyanatını oxudum. Bəyanatda bildirilirdi ki, hüquqşünas olub nümayəndə kimi işə çıxan hər kəs Vəkillər Kollegiyasına üzv ola biləcəklər. Vəkillik etmək istəyənlər məcburən kollegiyaya üzv olacaqlarına görə, bu sahədə rüşvət üçün münbit şərait yaranır. Media qurumları kollegiyaya üzv qəbulu zamanı rüşvət hallarının qarşısını almaq üçün diqqətli olmalıdırlar. Məncə, bu istiqamətdə ən doğru addım dünənə qədər nümayəndəlik edən hüquqşünasların istinasız olaraq kollegiyaya üzvlüyüdür.
Söhbətləşdi: Heydər Oğuz
MilliYol.Az
Digər xəbərlər
loading...