Kulis.az Elçin Hüseynbəylinin “Kənddə bir gün” hekayəsini təqdim edir
Qələm dostlarım Novruz Nəcəfoğluna və Aydın Tağıyevə...
...Onda hiss elədi ki, ürəyi şiddətlə döyünməyə başladı...
- Günbatar!? – deyə çopursifət sürücü kəndin adını eşidəndə təəccübləndi, - indi orda heç kim yoxdu. Ora heç maşın da getmir.
- Necə yəni!? – Bu dəfə təəccüb növbəsi ona çatdı. - Dağlıq yer olsa da, kənd məşhurdu, 300-dən çox təsərrüfatı vardı. Ola bilməz ki, yerində heç nə qalmasın!
- Mən bildiyimə görə orda heç kim yaşamır, - sürücü təkrar elədi, - su yoxdu.
- Bəs Əyriçay!?
- Deyirlər ki, çay da quruyub. Hansısa bir məmur, yekələrdən dağın başında - kənddən yuxarı yekə bir ev tikib, çayın ağzın kəsib, həyətində özünə baseyn (hovuz) quraşdırıb, suyu ora vurur, qalan su isə dağın o üzünə, onun təsərrüfatına axıdılır. Çoxlu qoyun sürüsü var.
Təəccübdən gözləri bərəldi:
- Necə yəni!? Bəs adamlar, bəs hökumət!?
- Adamlar neyləsin, hökumət neyləsin, gərək adamın özündə, üzündə həya ola.
Az qala arvadlar kimi deyindi:
- Necə yəni neyləsin!? Allah sən saxla! O yekəlikdə kənd!..
***
...Bakıya səhər tezdən çatdı. Qatarla iki sutka yarım yol gəlmişdi. Qatarları xoşlayırdı. Dolanbac yollarda bir sehr, qatar təkərlərinin taqqıltısında qəribə ritm vardı, ürək kimi döyünürdü. Doğma yurddan düz iyirmi doqquz il əvvəl çıxmışdı. Yeni hökumətin üzünə ağ olduğuna görə. Özü də elə-belə çıxmamışdı, başını götürüb qaçmışdı.
Şəhərə düşən kimi bir doğmalıq hiss elədi, vətənin qoxusu onu vurdu, sakitləşdi.
Öncə nə zamanlarsa burda yaşamış qohumlarını aramaq istədi. Amma şəhəri bir az dolaşdıqdan sonra bu fikrindən daşındı, çünki şəhər dəyişmiş, evlər yoxa çıxmış, keçmiş xatirələr də onlarla birgə qeyb olmuşdu. Ona görə də bayaqkı doğmalıq hissi şəhərin nataraz göydələnlərində, havanın boğanağında, hasarların his-pasında, küçələrin hay-küyündə, asfaltın iyində yoxa çıxdı.
Onun doğma yurdu ordaydı, ölkənin düz çıxışında, sərhəddə, meşələrin arasında, dağın ətəyində. Ürəyi uçundu, ora tələsdi. Yaşıl ormanlar onu çağırırdı.
Ona görə də paytaxtda ləngimədi. Avtovağzala yürüdü və qarşısına çıxan taksiyə oturub rayon mərkəzinə gəldi.
- Hara gedəcəksiniz? – deyə sürücü yolda soruşdu.
- Evə.
- Hm... - taksi sürücüsü evi tanıyırmış kimi mızıldandı.
- Bəs ev hardadı? - deyə handan-hana xəbər aldı.
- Günbatarda.
Bayaqkı dialoq da o zaman başladı.
Günbatar kəndlərinin adıydı. O yaxşı bilirdi ki, indi zəmanə dəyişib. İnsanlar rahat həyata can atırlar. Susuzluqdan və yolsuzluqdan əziyyət çəkən kənddə kim qalmaq istəyər ki. Hər yerdə beləydi: uzun illərlə yaşadığı Rusiyada da, uzaqdan-uzağa eşitdiyi Amerikanın özündə də...
Taksi sürücüsü onu da dedi ki, sonuncu dəfə ora iki il öncə gedib. Kənddə qalan bir qarının oğlunu aparıb.
- Camaatın əksəriyyəti rayon mərkəzinə, yol qırağına köçüb, babat imkanı olanlar isə Bakıdadı. Mənim özümün də Bakıda evim var. Oğlum alıb... - deyə sürücü fəxrlə əlavə elədi...
O, yaxınlarının öldüyünü çoxdan bilirdi. Rusiyaya gələn dost-tanışdan öyrənmişdi, amma hökumətin qorxusundan kəndə qayıda bilməmişdi. Qorxmuşdu ki, köhnə əməllərinə görə ondan haqq-hesab soruşarlar. Amma indi sakitlik idi. Qiyamçılar da, onları məğlub edən hökumət də əl-ələ verib işləyirdilər. Ölkənin bol sərvəti onların başını qarışdırmışdı. Umu-küsülər, elə onun özü də yaddan çıxmışdı. Hamı kimi onu da bağışlamışdılar...
Telefon da yoxuydu ki, kəndə zəng edə. Kim idi dağ kəndinə telefon çəkən. Bununla belə vətən həsrəti onu dartırdı. O, doğma sifətlər, doğma danışıqlar və söhbətlər üçün darıxırdı.
Həyat yoldaşı tatarkaydı (tatar qızı). Uşaqları böyüyəndən sonra hərəsi bir tərəfə getmişdi. Arvadı da bu dərdə dözməyib ölmüşdü. Həkim elə belə də demişdi: “Bağrı çatlayıb.” İndi uzaq bir məmləkətdə onu saxlayan heç nə yox idi. Ətraf da, qəlbi də bomboşuydu. Ona elə gəlirdi ki, bu boşluğu yalnız doğma yurdu doldura bilər.
Rayona çatanda taksi sürücüsü dedi ki, indi axşamdı, istəsə onlara qonaq olar, istəməsə, yaxınlıqdakı istirahət mərkəzlərindən birinə aparar:
- Yeri də yaxşıdı: dağətəyi, sərin, qiyməti də münasib. Mənim müştərilərimin çoxu ora düşür.
Taksi sürücüsü onu da əlavə elədi ki, onu kəndə kimi yox, ora beş-altı kilometr qalmışa kimi apara bilər: “Niva”da. Amma sabah tezdən çıxmaq lazımdı. Yollar bərbad gündədi. Azı beş saat yol gedəcəklər. Qayıdanbaş gecəyə düşə bilər. Ancaq onu qoyub geri qayıtsa, göz görənə kimi mərkəzə çatar.
- Sizə də məsləhət görmürəm ki, ora gedəsiniz. Tək-tənha orda neyləyəcəksiz?..
- Bircə günlüyə də olsa, getməliyəm. Oraları görməsəm, rahat ölə bilmərəm.
- Qorxuram ki, oraları görəndən sonra nəinki rahat, əksinə narahat öləsiniz, məəllim, - sürücü zarafata salıb belə dedi. Amma o, heç bir cavab vermədi. Sürücü də susdu...
...Danışdıqları kimi kəndə səhər o başdan çıxdılar.
Taksi sürücüsü haqlıydı. Yollar, doğrudan da pis gündəydi. Yolun bir neçə yerini sel yumuşdu. Ona görə də sürücü düşüb çalaları doldururdu ki, maşın keçə bilsin. O, işini ehtiyatlı tutmuşdu, maşının yük yerinə bel və bir neçə kisə qum yığmışdı.
Yolun bir yerinə çatanda maşın dayandı.
- Çatdıq, - sürücü dedi, - burdan o tərəfə yolu tut get. Yol özü səni aparar. Beş-altı kilometr ola-olmaya.
- Mən bu yolları yaxşı tanıyıram. Sən heç narahat olma. Deyilən vaxt gəlib məni apararsan.
Taksi uzaqlaşandan sonra o, vələs ağacından bir budaq qopardı, yarpaqlarını təmizlədi, çantasını kürəyinə atıb yola düzəldi. Ağacı bərayi-ehtiyat götürdü. Nə bilmək olardı: ətraf meşə və kimsəsiz. Ağac, həm də onun yol yoldaşı olacaqdı. Elə axıra qədər də ona dayana-dayana getdi.
Meşə tamam səssiz idi. Sanki burdakı canlılar ölmüşdülər. Amma bir azdan sakitliyin içindən dolaşaların, zağcaların, kol quşlarının səsi eşidilməyə başladı. Meşə adamın hənirtisini duyanda susmuş, amma gələn qonaqdan heç bir təhlükə olmadığını görəndə danışmağa başlamışdı.
Bir az yol getmişdi ki, ot basmış cığırda mal təzəyi gördü. Deməli, buralarda mal-heyvan dolaşır, ona görə də çətin ki, qurd-quş olsun. Arxayınlaşdı...
Bir talaya çıxdı. Talada çiyələk bitmişdi. Xırda olsalar da, şirin idilər. Dadmasa da bilirdi ki, belədi. Bununla belə, yemiş tamı verən çiyələkdən dənləyib ovcuna yığdı, yığa-yığa bir-ikisini də ağzına atdı. Keçmişi xatırladı. Uşaqlıqda buralarda çox quzu otarmışdı. Çiyələklər də, sanki həminkiydilər və onu görən kimi tanıdılar...
“Qəribədir, adamlar dəyişir, təbiət yox...”
Çiyələk yeyə-yeyə bu barədə fikirləşdi, amma tez də taladan çıxdı. Çünki ləngimək istəmirdi. Tezliklə kəndə çatmaq, həyətlərində dincini almaq istəyirdi.
Talanın üstündən o tərəfdə geniş və aydın səma görünürdü. Göy üzündə bir quş süzürdü. Yaxşı ayırd edə bilmədi: ya qartal idi, ya da ley. Leydən zəhləsi gedirdi. Uşaqlıqda onları o qədər daşlamışdı ki: cücələri apardıqlarına görə. Bu iri gözlü, sarı rəngli quşları harda gördü daşlayırdı. Həmin quşlar onun nəzərində pinti adamlara bənzəyirdilər, kirli-paslıydılar və pis iy verirdilər. Onlar nədənsə işıq dirəklərinə, elektrik qüllələrinə qonmağı və ətrafı süzməyi sevirdilər. Canlılara yuxarıdan aşağı baxmaq onların xislətindəydi. O isə atdığı daşlarla bu iyrənc quşların rahatlığına haram qatırdı, yalançı qürurlarını sındırırdı. Hətta civirdən yay, cildən ox düzəltmiş, oxun ucuna iynə taxmışdı. Ona elə gəlirdi ki, atdığı oxla həmin quşları vura bilər. Ay vurdu ha, oxlar beş-altı metr göyə qalxandan sonra yerə düşürdü...
Uşaqlıq ixtiralarına gülümsündü. Hətta araba təkərlərindən velosiped, taxtadan və simdən tar düzəltmək istəyi də ona əl çatmaz və gülməli göründü...
Bir azdan meşədən çıxdı. Qarşısında kolluqlar, kolluğun o üzündə isə kəndləriydi. Ürəyi atlandı. Kəndin havasını ciyərlərinə çəkdi, sinəsi açıldı.
Yolun üstündəki ziyarətgaha çatdı. Türbənin bir tərəfi uçmuşdu. Bir zamanlar insanların pənah gətirdiyi müqəddəs ocağın özünün adamların pənahına ehtiyacı vardı. İstədi içəri girsin, amma qorxdu. İlan-çayandan qorxdu...
Kəndin girəcəyində iri qoz ağacı vardı və olduğu kimi də dururdu. Yalnız bir-iki budağı qurumuşdu. Onun kölgəsində oturub dincini aldı, özüylə götürdüyü sudan bir az içib yanğısını söndürdü. Amma su isinmişdi deyə, lığ tamı verirdi. “Bulaq görən durur?” ürəyində fikirləşdi. “Çay quruyub, aydındı, bəs bulaq?”
Bir zamanlar o da başqa uşaqlar kimi ağacların başına öz adını yazırdı. Amma qoz ağacına adını yazıb-yazmadığını bilmirdi. Yazmışdısa da, yəqin, yeri itmişdi. Yaşının da o vaxtı deyildi ki, çıxıb baxsın...
Aşağıdakı dərədən bir zamanlar Əyriçay axırdı. Orda o qədər çimmişdi ki... Daşların arasından o qədər balıq tutmuşdu ki. Amma başına gələn bir hadisə əllə balıq tutmağı ona tərgitdi. Daşın altından balıq əvəzinə, yekə qara ilan çıxartdı. Bir müddət əlində bərk-bərk tutduğu ilana key kimi baxdı. İlan sanki yuxuluydu. Başı o tərəf-bu tərəfə əyilirdi. Uşaqların çığırtısı hər ikisini ayıltdı. İlan qıvrıldı və o, ilanı dəli kimi uşaqların üstünə atdı və elə o sürətlə də sudan çıxdı. Odu-budu əlini daşın altına salmaz.
Bu da məscid, köhnə məktəb. Hamısı uçmuşdu. Məscidin qabağındakı yekə tut ağacı qurumuşdu.
Kərpic hasarın dibində çömbəltmə oturan qocaları xatırladı. Qocalar saatlarla burda oturub çubuqlarını tüsdülədərdilər. Yorulanda isə ayağa qalxıb çomaqlarına söykənərdilər. Onlar o qədər qocaydılar ki, nə dişləri vardı, nə də qulaqları. Qulaqları tutulmuşdu. Külək əsəndə əski parçası kimi yellənirdilər. Qocalar eşitməsələr də, bir-birilərini anlayırdılar. Nə demək istədiklərini dodaqlarının tərpənişindən duyurdular. Bəlkə də hərəsi öz dərdini, arzusunu pıçıldayırdı, özü üçün danışırdı, keçmişi ələk-vələk eləyirdi. “Hanı mənim uşaqlığım?!” deyə öz-özünə suallar verir və heyrətlənirdi...
Amma ona öz evləri lazım idi. Dağın döşündə bir zamanlar qonaq-qaralı olan aynabəndli evləri. Aşağıdan yuxarı baxanda evləri yaxşı görünmürdü. Ona görə də ot basmış cığırla tövşüyə-tövşüyə yuxarı qalxdı.
Evlərinin qoxusunu almaq istəyirdi, amma vağanımış otun ətrindən başqa heç nə hiss eləmirdi. Ürəyi çırpındı. Deməli, evləri ölüb. Ölməsəydi, mütləq onun qoxusunu alar və özləri də ona cavab verərdilər...
Nəhayət, bu da o: şüşələri qırıq-qırıq olmuş ev. Görkəmi miskin və ürək ağrıdan. Amma bu, onun vecinə deyildi. Əsas oydu ki, evlərindəydi. Həyətində oynadığı, eyvanında iməklədiyi doğma evlərində. Ev hələ tam ölməmişdi.
Evin taxtadan olan pilləkəni və eyvanı çürümüşdü. Eyvan uçmasın deyə altına dirək vurmuşdular. Amma dirək də çürümüşdü. İstədi ayağını pilləkənə qoysun, pilləkənin taxtası batdı. Pillələr qovaqdan yığılmışdı. O, zaman meşəyə girməyə, ağac kəsməyə icazə vermirdilər. Ona görə də atası məcbur olub həyətlərini dövrələyən qovaq ağaclarını kəsib, “piloramaya” doğranmağa vermişdi. Qovaq ağacı da tez çürüyən şeydi.
Evin birinci mərtəbəsinə girdi. Hər tərəf nəm qoxuyurdu. Hörümçəklər burda öz torlarını qurmuşdular, balıqçılar kimi.
Eyvana arxa tərəfdən qalxdı. Ev öz arxasını yamaca söykəmişdi. Ayağını qaldırıb laxlayan məhəccərin üstündən birtəhər adladı və uzaqlara göz gəzdirdi, xarabalığa çevrilmiş kəndə baxdı, ürəyi döyündü. Bir az aralıda futbol meydançasıydı. Orda o qədər top qovalamışdı ki... Amma meydan nə gəzirdi? Əyriçay hardaydı? Çayın yerində çaylaq qaralırdı. Bəzi yerləri nəm idi. Yəqin selin iziydi. Hər yer boş idi. Bir zamanlar adamlarla, mal-qarayla dolu, səs-küylü kənd indi yoxuydu. Onun təsəvvüründəki kənd itmişdi, yer üzündən silinmişdi. Bəlkə yer üzü də bir zaman yoxa çıxacaq? Kənd quduz itə oxşayırdı. Yalquzaq kimi ulayırdı, amma səsi çıxmırdı. Bəlkə eşitmirdilər. Əvvəlcə üşəndi, canından gizilti keçdi. Deməli, bir zaman gələcək o da olmayacaq. Ümumən, heç nə olmayacaq. İçindən nəsə isti bir şey qalxdı, əvvəlcə ürəyinə, sonra beyninə və gözlərinə doldu. Özü də hiss eləmədən ağlamağa başladı, için-için. Ağladığını özü də bilmirdi, yalnız burnunun suyu dodaqlarından süzüləndə bunu anladı və gözlərini sildi. Amma göz yaşları öz-özünə axırdı. Sanki o ağlamırdı, amma göz yaşları süzülürdü.
Bir azdan sakitləşdi. Çünki niyə ağladığını bilmirdi. Daha doğrusu dəqiqləşdirə bilmirdi: öz gününəmi ağlayırdı, kəndinəmi, taleyin acığınamı, itmiş keçmişəmi, qorxusundanmı? Həm də ona görə sakitləşdi ki, bəzi suallara elə ağlaya-ağlaya cavab tapmışdı. Heç nə əbədi deyil... Amma bu da tam həqiqət deyildi. Deməli, onu aldatmışdılar... Gələcək-filan yoxdu. Həyat da yoxdu. Əbədilik var: dağlar, qayalar kimi... O isə, olsa-olsa, yuxu görür...Həyat yuxudur...
İlk dəfəydi ki, siqaret çəkmək istədi. Ömründə siqaret çəkməyən adam təmasa ehtiyac duydu, özü də siqaretlə...
Ağlına gəldi ki, dərəyə enib, ağaclardan kəssin, heç olmasa pilləkənləri və eyvanı bərkitsin.
Birinci mərtəbəyə düşdü. Buradan heç zaman ev kimi istifadə eləməmişdilər. Əl damı kimi bir şey idi. Ağzı pas atmış balta da, ondan da betər günə düşmüş yiyə də öz yerindəydi – taxçanın üstündə. Onları növbəylə əlinə alıb uzun-uzadı baxdı. Baltanın ağzını itiləmək istədi. Amma elə o saat da ağac kəsmək fikrindən vaz keçdi, çünki buralara əl gəzdirməyin mənası yoxuydu. Bayquş deyil ki, tək-tənha burda yaşaya. Ömrünün axırına kimi yaşayardı, amma necə? O, təsəvvüründəki kəndə gəlmişdi. Təsəvvürü diri olsa da, gerçəklik ölüydü...
Təzədən yuxarı qayıtdı. Oturub uzun-uzadı, sonuncu dəfə kəndə baxdı. Ürəyi yenə də sıxıldı. Sakitlikdən üşəndi. Yaxşı ki, hərdən cırcıramaların, ağaclardan qopub düşən quru budaqların, yarpaqların səsi gəlirdi. Ağlından keçdi ki, birdən ürəyi dözməz, elə buradaca yiyəsiz, tək-tənha ölər. Qorxdu. Halbuki, özü demişdi ki, kəndi bircə dəfə görsə, rahat ölər...
Lap yuxarıda – dağın başında qəbiristanlıq idi. Baş daşları kol-kosun içində itmişdi, yalnız bəziləri görünürdü. Bir zamanlar ora qara paltarlı arvadlar axışardı, dağa qalxan cığırla. Ata-anası o, burda olmayanda ölmüşdülər. Məzarlarını bilsəydi, hökmən baş çəkərdi...
Hiss elədi ki, uzun müddət çəkdiyi xiffət yoxa çıxıb, sanki hissləri ölüb. Sağ əliylə sol döşünü ovxaladı, ürəyini sakitləşdirmək istədi...
...Birdən gözlərində sevinc parladı. Bəlkə də bu sevinc hissindən çox, ümid idi. Aralıda - böyürtkən kolluqlarının arasında nəsə tərpəndi. Gözlərini o səmtə zilləyib diqqətlə baxdı, amma heç nə görmədi. Gözlərini ovuşdurub təzədən baxdı. Bir azdan yenə də kollar tərpəndi. Fikrindən keçdi ki, yəqin küləkdir. Burda hiss olunmasa da, dərədə veyllənir. Amma yox, nəsə ağ-zolaqlı heyvandı. Diqqətlə baxanda gördü ki, bu, keçidir. Keçi talaya çıxdı, yanında da balası, sonra özü boyda biri. Güman ki, sonuncu çıxan erkək, o birilərsə ana-balaydılar. Ağ-qara keçilər əllərini kola qoyur və xırdaca dillərilə yarpaqları qoparırdılar. O, bunu dəqiq görməsə də, bilirdi... Deməli, yaşamağa dəyərdi. Həyat o fikirləşdiyi qədər də deyilmiş. Heç nə ölmür. Həyatı yaşadanlar var. Bəlkə elə bəşəriyyət öz ibtidailiyi, öz bakirəliyi ilə gözəldi? Öz qurd-quşuyla, ağacıyla, küləyiylə maraqlıdı? Qoy, o da olsun ibtidai adam... Sən demə, ən sədaqətli adamlar elə onlar imiş – ilklər. Bəşəriyyətin ilkləri. Milyon illər ərzində dünyanı ölməyə qoymayıblar, onu yaşadıblar. Amma Tanrının sirlərini bilməyə can atan adamlar öz əcdadlarının milyon illərlə qurduğu mətəni, ocağı dağıdıblar...
Dərəyə düşdü. Bulaq yamacda, yaşıl kolların içərisindəydi. Bura xırdaca bir vadiydi. Bulağın gözü tutulmuşdu. Vən ağacından xırda bir budaq qoparıb, bulağın gözünü qurdaladı, sonra su çıxan yeri əlləriylə açdı, balaca çala düzəltdi. Bulanıq bulaq suyu çalaya dolduqdan sonra yamacdan dərəyə tərəf süzülməyə başladı. Bir azdan dupduru, sədəf kimi suya çevrildi. Çaladakı sudan ovuclayıb içdi. Buz kimi, sərin suydu. Çantasındakı şüşəni çıxardı, isinmiş suyu yerə boşaltdı və bulaqdan ovuc-ovuc doldurdu. Bulağı gözünü açandan görmüşdü. Babası demişdi ki, elə o da bulağı uşaqlıqdan xatırlayır. “Bəlkə də min ilin bulağıdı. Kim bilir...” Babası belə demişdi.
Yamacda oturdu. Birdən ağlına gəldi ki, keçilərin yanına getsin. Onlar da canlıdılar, hənirlərini alar...
Keçilər onu görəndə hürkdülər. Görünür, onlar yad adamdan qorxmuşdular. Hürkəndə keçilərdən birinin boynundakı zınqırov cingildədi. Bu, ana keçiydi, əmcəkləri doluydu...
Keçilər, bəlkə də azmışdılar. Zınqırovundan bəlliydi ki, onun sahibi var. Amma kənd kimsəsiz idi. Bəlkə keçilər taksi sürücüsü deyən qarının idi. Amma hardadı o qarı?
Yuxarı qalxıb həyətləri bir-bir gəzdi...
Bura Dəmirçi Həsənin eviydi. Atları nallayardı, arabaların oxlarını yağlayardı, balta, dəhrə düzəldərdi. Onun qonşusunda bənna Mürvət idi. Bu evlərin çoxunu o tikmişdi.
Bura isə... Nə qədər fikirləşdisə ev sahibinin adını yadına sala bilmədi. O, qəbir qazan idi. Bəlkə qorxusundan həmin kişinin adını xatırlamadı. Uşaqlıqda ondan yaman qorxurdu...
Kəndin ortasına çatdı. Bura Bağban Qəzənfərin eviydi. Həm qoruqçuydu, həm də bağban. Ağaclara o calaq vurardı. Evin həyətində odun qalağı vardı. Görünür, onu kimsə qış tədarükü üçün yığmışdı, amma çoxdandı ki, əl dəyilməmişdi. Odunların üstünü toz-torpaq örtmüşdü.
Evə göz gəzdirdi. Evin divarlarından keçi buynuzu asılmışdı, qapısı azca aralıydı. Başqa evlərə nisbətən bu ev tam sökülüb-dağılmamışdı. Ehtiyatla evə girdi, bir-iki dəfə öskürdü. Sonra “ehey, kimsə var?” deyə boşluğa səsləndi. Səs-səmir gəlmədi.
Arxa otağa keçdi. Yarıqaranlığa nəzər saldı. Və birdən... Gözlərinə inanmadı. Evin küncündəki çarpayıda kimsə uzanmışdı. Əti ürpəşdi. İstədi evdən çıxıb qaçsın, amma çarpayıdakı adam tərpəndi. “Lənət şeytana! Bismillah!” deyə öz-özünə pıçıldadı.
Özünü ələ alıb yaxına gəldi. Bu həmən qarıydı, sürücünün dediyi. Qarının ağappaq saçları balışa yayılmışdı. Ona elə gəldi ki, qarı ölüb. Amma... bayaq tərpəndi axı. Burnuna kəsif qoxusu gəldi. Ürəyi bulandı. Pərdəni aralayıb, pəncərəni açdı. Pəncərə çərçivədən qopdu, rəzəli-zadlı yerə düşdü. İçəri işıqlandı. Bir az özünə gəldi.
Qarıya diqqətlə baxdı.
Qarının gözləri açıq və bulanıq idi. Özü isə xırıldayırdı. Başının üstündə kiminsə dayandığını hiss edən qarı boğula-boğula nəsə dedi. Qulağını yaxınlaşdırdı.
- Gəlmisən? – deyə qarı zəif səslə soruşdu.
Qarı, bəlkə bildir bura gələn oğlunu gözləyirmiş, ya bəlkə onu Əzraillə dəyişik salırmış.
Başını tərpətdi və bir müddət ona baxdı.
Qarı təzədən nəsə demək istədi, amma səsi çıxmadı, eləcə xırıldadı.
Birdən ağlına gəldi ki, qarıya su versin. Stolun üstündəki bulanıq stəkanı götürüb yaxaladı, suyla doldurdu, əti ürpəşə-ürpəşə qarının başını qaldırıb, ona su verdi.
Qarı suyu qurtum-qurtum, həvəssiz içdi. Sanki onun heç nəyə ehtiyacı yoxuydu... Bəlkə də yeyib-içməyi tərgitmişdi, bəlkə də yaddaşı ölmüşdü. Suyun nə olduğunu bilmirdi. Sonra quru, bumbuz əlləriylə onun su verən əllərinə toxundu, bir az özünə gələn kimi oldu.
O, qarını tanımırdı. Çünki belə bir insan görməmişdi. Gözləri də o qədər bulanıq idi ki, nə illah elədisə, tanıya bilmədi. Qəzənfər kişinin arvadı çoxdan ölmüşdü. Bəs bu kimiydi!? Bəlkə onun anasıydı? Qəzənfər kişinin anası vardı ki!? Yadına sala bilmədi...
Bəlkə o bəşəriyyətin ilkinliyiylə sonu arasında bir körpüydü. Niyə belə fikirləşdiyini anlamadı, bu fikir qəfil ağlına gəldi...
Qarı barmaqlarını onun əllərində gəzdirdi, sanki dirildi. Barmaqları hərəkət etdikcə qarının istisi də artırdı. O bunu hiss edirdi, elə bil qanı durulurdu, damarlarından çay axırdı.
- Sən Axırqədəmsən, elə? – Qarı pıçıltıyla soruşdu.
Əvvəlcə nə cavab verəcəyini bilmədi. Çünki bu ad onun babasının adıydı. Görünür, qarı onu qanından, iyindən tanımışdı.
- Hə, Axırqədəməm, - dedi.
Bir müddət sakitcə durdular. Bəlkə qarıya yeməyə nəsə versin. Özüylə götürdüyü çörəkdən, kolbasadan. Amma qarı onu yeyə bilməzdi. Bəs neyləsin? Ağlına gəldi ki, keçiləri tapıb, ana keçinin südünü sağsın. Bilirdi ki, bu, elə də asan məsələ deyil. Amma başqa yolu da qalmamışdı.
Qarıya heç nə demədən çölə çıxdı. Bayaqkı talaya gəldi. Hər yeri ələk-vələk elədi, amma onları tapmadı. Kor-peşman geri qayıtdı. Evə girəndə gözlərinə inanmadı. Keçilər qarının çarpayısının böyründə dayanmışdılar. Ana keçi nəm burnuyla qarını qoxulayırdı... Yad adamı görən kimi hər üçü özünü çölə atdı.
Onların dalınca qaçmağın mənası yoxuydu. Qarının yanına gəldi. Qarı huşa getmişdi.
Kətilin üstündə hisdən qaralmış mis qab vardı. Əvvəllər onu görməmişdi, bəlkə fikir verməyib? Bəlkə qarının heyi olmadığına görə keçilər fəhmlə onun yanına gəlir və qarı heysiz əllərinə güc verib ana keçini sağırmış. Yoxsa indiyə kimi sağ qalardımı? Nəsə inanmağı gəlmədi. Özü öz fikirlərinə şübhə elədi...
Eyvana çıxıb qaralmaqda olan səmaya baxdı. Hardasa, lap uzaqlarda göy guruldayır, ildırım çaxırdı. Eyvandakı köhnə divana uzanıb keçmiş və gələcək haqda xeyli düşündü, aranı dağa, dağı arana daşıdı. Uşaqlarını fikirləşdi. İndi allah bilir hardaydılar.
Uşaqlar ata-analarına xəyanətləriylə birgə sevgilərini də aparmışdılar. “Ana övladlarını sevir, ata övladlarına rəhm edir.” Bu fikri hardasa oxumuşdu. Ona görə də uşaqların anası öldü. Sevgisizliyə tab gətrimədi. Çünki ana, yəni onun arvadı Fatimə sevgisini verməyə adam tapmadı. “Tanrı hamını eyni zamanda sevə bilmir, vaxtı çatmır, ona görə də anaları yaradır...” O özü isə uşaqlarını çoxdan bağışlamışdı. Çox düşünüb-daşındı. Hardasa uzaq məmləkətlərdə çırağı yananlara, bütöv ailələrə həsəd apardı. Onun yuvası dağılmışdı: həm orda - qərib məmləkətdə, həm də burda – doğma diyarda. Sanki bunu indi dərk elədi. Tamam ümidsizləşdi. Filosofların həyat, insan və kainat barədə fikirlərini xatırladı, düşdüyü vəziyyətə haqq qazandırmaq istədi. Amma fikirləri o qədər qarışıq idi ki, yadında heç nə qalmırdı. Bir an əvvəl fikirləşdiyi bir an sonra yadından çıxırdı.
Mürgülədi və özü də bilmədən yuxuya getdi. Yuxuda uzun-uzadı dolanbaclar gördü. Sonu bilinməyən tunellə harasa qaçırdı. Deyəsən, lap sonda işıq vardı, amma yaxınlaşanda dalana dirənirdi. “Ana!!!” deyə qorxusundan qışqırdı...
Yuxudan öz səsinə oyandı. Yəqin sayıqlayırmış. Gün çoxdan çıxmışdı...
İlk ağlına gələn qarı oldu. O, yatan otağa keçdi. Qəribəydi, qarı qalxıb çarpayıda oturmuşdu. Bir dəri, bir sümük idi...
Nə edəcəyini bilmədi. İndi qarını qoyub gedə bilməzdi. Amma getməliydi axı. Sürücüylə danışdıqları vədə yaxınlaşırdı. Ora kimi, ən azı bir saatlıq yol vardı.
Qarıya su verdi və dünənkindən fərqli olaraq, qarı suyu həvəslə içdi. Deyəsən, yaddaşı qayıtmışdı. Sonra gözlərini ona zillədi.
...Qarı ona elə baxırdı ki, sanki getmə deyirdi və o, gedə bilmirdi. İstəyirdi desin ki, mənə elə baxma, sən elə baxanda gedə bilmirəm, amma deyə bilmirdi. Getməliydi axı. Burda qalmağın nə mənası? Bəlkə qarını da özüylə aparsın? Ancaq hara? Qarı getsəydi, iki il qabaq oğluyla gedərdi. Hətta aparsaydı da, qarı yolda ölərdi.
Qarı:
- Gedirsən!? - deyə öləzimiş və ümidsizləşmiş gözlərilə, səssizcə, bir az da həyacanla xəbər aldı.
O da səssizcə başını tərpətdi.
Qarı zəif bir hərəkətlə quru, qaxac əlini çarpayıya dirədi, o biri əlini isə balışının altına salıb bir bükülü çıxartdı və ona uzatdı.
O, bükülünü açdı. Bu, iri sapfir qaşlı qızıl üzük idi.
- Məni orda, həyətdə, tut ağacının altında basdırarsan...
Qarı, doğrudanmı bu sözləri dedi? Bəlkə qulağına gəldi? Bəlkə kimsə kənardan pıçıldadı. Bəlkə bu, ölməkdə olan bəşəriyyətin səsiydi... Anlaya bilmədi...
Bəs ağac!? Ağac hardaydı və indiyə kimi onu niyə görməyib!?
Çölə çıxdı. Həyətdə, doğrudan da nəhəng, qollu-budaqlı qocaman tut ağacı vardı. Başını yuxarı qaldırıb, uzun-uzadı ona baxdı. Ağac çox möhtəşəm idi. Yarpaqları, elə bil, kimisə çağırırdı. Bu həmin ağac idi: əzəmətli və yaşıl. Onu ara-sıra öz yuxularında görmüşdü...
...Telefonu çıxarıb, taksi sürücüsünün nömrəsini yığdı...
MilliYol.Az
Digər xəbərlər
loading...