18,5 milyonluq “Bakı Univermağı”nın rentabelliyi uzun illər sıfırla ifadə olunub
Maliyyə fırıldaqları olmasaydı ASC dəyərini çoxdan “çıxartmalı” idi
Cəmiyyət “İtaldizain Group”a cəmi 3,94 manata icarəyə verilib
İlin birinci rübündə “Bakı Univermağı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qiymətli kağızlarının dövriyyədən çıxarılaraq ləğv edildiyi elan olundu. Bu haqda qərar cəmiyyətin növbədənkənar ümumi yığıncağında verilmişdi. Müəssisənin nominal dəyəri 2 manat olan 366 098 ədəd səhmi vardı. ASC 1998-ci ildən özəlləşdirilib, səhmdar sayı 91 idi. O da bildirilirdi ki, səhmdarların səhmlərinə düşən ləğvetmə paylarının ödənilməsi ləğvetmə balansına əsasən həyata keçiriləcək. Yaxınlarda ASC-də daha bir növbədənkənar iclas keçirilib və qərara alınıb ki, səhmdarların payı naturada verilsin. Bu barədə AzToday.az portalına “Bakı Univermağı” ASC-nin payçısı Vəzir Rəcəbov açıqlama verib.
Rauf Hüseyn aylıq icarə haqqını illik gəlir kimi göstərib
Artıq bir neçə ildir “Bakı Univermağı”na məxsus 2 500 kv/m. sahə “İtaldizain Group”un icarəsindədir. Prezidenti Elçin Zeynalov olan şirkət 21 salon və butikdən ibarət holdinqdir. Buraya “İdea”, “Creative System”, “WMF”, “Villeroy & Boch” butik və salonu, “Royal Collection”, “Royal Collection – Watches & Accessories”, “Glampire Time Pieces and Jewellery”, “Ambiance”, “Swarovski” butiki, “Yves Delorme”, “Baccarat – Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti, “Rosenthal-Christofle-Herend”, “İD Catering” şirkəti və “Creacon” inşaat daxildir. “İtaldizain”nın “Bakı Univermağı”nda illik rəsmi icarəhaqqı 118 219 manat olub. Bunu da 12 aya böləndə 9 851 manat edir. Yəni, 2 500 kv/m.-in hər kvadratı üçün 3 manat 94 qəpik deməkdir. Səhmdarın sözlərinə görə, univermağın yerləşdiyi Ü.Hacıbəyov küçəsində müşahidə aparıblar, 7-8 kv.m. yerlər 1 000 manat, 10-20 kv.m. 3 500 manata qədərdir. Sahənin böyüklüyünü nəzərə alaraq qiyməti 50 manatdan hesablayıb deyir ki, müəssisənin icarə haqqı ən pis halda aylıq 125 min, illik 1.5 milyon manat olmalıdır. Yəni müəssisədə rəsmi sənədlər üzərində qiyməti 12 dəfə azaldaraq, uzun illər aylıq gəliri illik gəlir kimi göstəriblər. Heç onu da səhmdarlarla paylaşmayıblar. V.Rəcəbovun sözlərinə görə, ASC-nin səhm-nəzarət paketinin sahibi 96,23%-lə Rauf Hüseyn Soltan-Həmid oğlu iki il bundan əvvələ qədər həm də cəmiyyətin idarə heyətinin sədri imiş. Mülki Məcəllənin (MM) 107-10.7. bəndinə görə cəmiyyətin səhmlərinin 20%-nə malik olan səhmdar cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Paket sahibi uzun illər qanunu pozub. Yalnız iki il əvvəl qardaşı, cəmiyyətin müşahidə şurasının sədri Firudin Soltan-Həmid oğlunu yerinə təyin edib. Keçən ildən isə sədr Elşad Bəbirov olub.
“Univermaqda maliyyə fırıldaqlarını görürük”
V.Rəcəbov müəssisənin ləğvetməyə necə gəlib çıxdığını belə nəql edir: “Univermağın səhmlərinin 30%-i Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin (hazırda Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri-red.) oğlunun adında idi. İclas təşkil edib 30%-i ayırdılar, o, öz hissəsini götürüb çıxdı. Univermağın üçdə bir hissəsi o vaxtdan ayrılıb. Yerdə 70% qalmışdı. Nizamnamə kapitalı azaldılıb, cəmiyyət payın üçdə ikisində təzədən 100% şəklində formalaşdı. “Bakı Univermağı” ASC yerində qaldı, nizamnamə kapitalından Əliyevin payı çıxıldı. Cəmiyyət bu şəkildə fəaliyyət göstərməyə başladı və neçə illərdir belə davam edirdi. Nəhayət gəlib bu günə çıxdıq. Bu dəfə paket sahibi məsələ qaldırdı ki, 85 səhmdarı olan cəmiyyətdən ayrılmağı planlaşdırır. Dedi, “mən sizinlə də bir yerdə davam etmək istəmirəm”. Çünki kiçik səhmdarlar onların maliyyə fırıldaqlarını yaxşı görür. Biz bu qədər elan elədik ki, orada maxinasiya, oğurluq var, amma bir dövlət qurumu maraqlanmadı. Hansısa formada “maraqlandılarsa” da biz bilmədik. Majoritar səhmdar Rauf Hüseyn Soltan-Həmid oğlu ASC-ni ləğv etmək barədə məsələ qaldırdı. Mülki Məcəllə ilə cəmiyyətin ləğvi elə aparılmalıdır ki, ləğvdən sonra səhmdarlar səhmləri üzrə özlərinə düşən payı ya pul, ya da natura şəklində alsınlar. ASC-nin də ümumi yığıncağında səhmdarlara pay bölgüsü şəklində mülkiyyətin bölüşdürülməsi qərara alınıb. Paket sahibi tərəfindən qiymətləndirmə komissiyası təşkil edilib, qiymətləndirici şirkət dəvət olunub. Müəssisə 18 milyon 500 min manat dəyərləndirilib. Dediklərinə görə, qiymətləndirmə obyektiv aparılıb. Nəticəni sonradan ümumi yığıncağın gündəliyinə çıxartdı, soruşdu ki, “bu rəqəmi hansı variantda bölməyə razılaşırsınız”? Mən məsələ qoydum ki, səhmimin dəyərini pul şəklində deyil, naturada almaq istəyirəm. Yəni, mənim payıma düşən qədər univermaqdan sahə versinlər. Ləğv ediriksə, hüququmuz var ki, ləğvdən sonra bölgü aparıb payımıza düşən hissəni natura şəklində götürək. Məsələ gündəliyə salındı və təklif müzakirə edilərək qəbul olundu. Artıq natura şəklində verməyə razıdırlar və bunu da protokolla rəsmiləşdirmişik, hərəyə payına müvafiq olaraq düşən kv/m. sahənin verilməsi qərara alınıb. Gündəlik məndədir, möhürü də üstündə. Protokola səhmdarların adı, malik olduqları səhmlər, bunun müqabilində düşən hissə qeyd edilib. Fərqli paylardır, adam var ona 1 kv/m. sahə düşüb, adam da var 0,5 kv/m. Oğlumla mənim payıma birlikdə 22,5 kv/m. sahə olmalıdır. Vəsaiti ümumi sahə olan 3 800 kv/m.-ə bölüblər, 1% 38 kv/m.-dir. Hər səhmə 50,27 manat pul müəyyənləşib. Müəyyən hisssə özünə düşən payı majoritar səhmdara satacaq, yerdə qalan səhmdarlar bir-biri ilə yola getməyə çalışacaqlar. Hələlik proses gedir, sona çatmayıb”.
18 milyonluq müəssisə 0,08% rentabellik göstərib
Müsahibimiz deyir ki, qiymətləndirmədə univermağın 1 kv/m. sahəsi 4 868 manatdan hesablanıb. Amma həmin sahə rəsmi olaraq 3,94 manatdan icarəyə verilib. Bu isə cəmi 0,08% rentabellik deməkdir. Qeyri-rəsmi isə bilinmir. Çünki səhmlərin dolayısıyla “İtaldizain Group” sahibinə məxsus olduğu deyilir. Yəni, icarəyə götürən də icarəyə verən də bir adamdır. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən rentabellik əsasən 5-7% arasında normal sayılır. Daşınmaz əmlak dəyərinin ən az 5%-i qədər illik gəlir gətirməlidir. Şirkətlər öz dəyərini uzaqbaşı 10-15 ilə “çıxarır”. “Bakı Univermağı” da elə-belə şirkətə icarəyə verilməyib, odur ki, gəliri çox yaxşı olmalıdır. Qiymətləri ilə yerindəcə maraqlanmışıq, orada mebellər 40-50 min manata satılır. Biz heç maksimal götürmürük, 18,5 milyonun 5,5 faizi 1 milyon manatdır. Ən aşağı gəlirlə belə univermağın 18 ildə dəyəri qədər məbləğ götürülməliydi. ASC minimum 5,5% gəlirlə 18 ildə dəyərini “çıxartmalı” idi. Hələ biz sadəcə icarəyə verilən 2 500 kv/m. sahədən bəhs edirik. Bu hesablamalardan ortaya çıxır ki, “Bakı Univermağı”nın real gəlirləri uzun illər yayındırılıb – həm səhmdarlarından, həm də vergidən.
Vəzir Rəcəbov: “Bakı Univermağı” şəhərin prestijli yerindədir, kv/m.-i heç olmasa 200-250 manatdan icarəyə verilməliydi. Sahənin böyüklüyünü nəzərə alıb bunu iki dəfə də aşağı salmaq olar. Buradan da görünür ki, real icarə haqqı səhmdarlardan gizlədilib. Müşahidələrimiz zamanı da məlum olmuşdu ki, orada kv/m.-i 100 manatdan aşağı icarə yoxdur. Univermaqdan bir az aralı, “Sahil” Metrosunun üstündə obyektin kv/m.-nin bugünkü satış qiyməti 25-30 min manat arasındadır. Univermağın 1-ci mərtəbəsində kv/m.-in bazar qiyməti minimum 20 min manat olar. Digər mərtəbələr üçün qiymət fərqli formalaşır. Ü.Hacıbəyov küçəsindən bir qədər aşağıda “Port Baku” layihəsində mənzillərin kv/m.-i 4 500 manatdan başlayır. Həm də nəzərə alaq ki, qeyri-yaşayış sahəsi ilə yaşayış sahəsi arasında təxminən 4-5 dəfə qiymət fərqi olur. Ona görə də bizə payımızı natura şəklində almaq sərfəlidir. Mənə düşən sahədə kişi-qadın salonu açacam”.
Vəzir Rəcəbov: “O, mənim 216 min manatımı “yeyib”
Dediyimiz kimi, icarədən illik 118 min manat gəlir gətirən cəmiyyətin əmlakı 18,5 milyon qiymətləndirilib. İllik gəlir müəssisənin dəyərinin 0,97%-dir. Vəzir Rəcəbov: “Orta rəqəm 4 860 manat bugünkü real bazar qiymətinə adekvat deyil. Kimsə o qiymətə qeyri-yaşayış sahəsi satmaz. Ümumilikdə üç mərtəbədir, hesab etsək ki, birinci mərtəbədə 1 000 kv/m. var və bu rəqəmi 20 min manata vursaq, 20 milyon manat edir. Həmin bölgədəki qiymətlərlə 18,5 milyon manat elə birinci mərtəbənin qiymətidir. Bəs digər mərtəbələrin qiymətləndirilməsi necə oldu? Mənə görə ümumilikdə real qiymət 30 milyon manatdan yuxarıdır. Qiymətləndirmə aktı onlardadır, nəyə əsasən hesabladıqlarını açıqlamadılar. Hər şey bununla bitmir, çatmayan bir məsələ də var. Cəmiyyət 18 ildir fəaliyyət göstərir, bu illər ərzində qazandıqlarından minoritar səhmdarlara dividend şəklində pul verməyiblər, indi deyirlər ki, “gəlin mülkiyyəti bölək”. Paket sahibi uzun illər ordan milyonlarla qazanc götürüb, mən isə bir qəpiyin də sahibi olmamışam. Həmin illər ərzində dividendlərimi yığıb, indi bir az da aşağı qiymətlə özümə qaytarır ki, “bu da sənin payın, səhmini təhvil ver, çıx get”. Belə çıxır ki, səhmlərimizi havayı götürür. Səhmlər üçün ödəniləcək vəsait, həmin səhmin illərlə gətirdiyi gəlirdən də azdır. 50 manat səhmin dəyərini 18 ilə bölsək, hər səhmə 2,77 manat dividend verə bilərdilər. Görünən odur ki, indiyə qədər 216 min manat dividendimi “yeyib”. Mənə düşən 22 kv/m.-i aylıq minimal qiymətlə 1 000 manata icarəyə versəydim, bu, illik 12 min, 18 ildə söylədiyim qədər qazanc deməkdir. Amma məni qazancdan məhrum ediblər. Yalnız axırıncı il paket sahibi kiçik səhmdarları narazı salmamaq üçün payına düşən dividdendən imtina edib paylaşmağa qərar verdi. O da mizer məbləğ idi – bir səhmə 70 qəpikdən dividend hesablanmışdı”.
V.Rəcəbov deyir ki, qərar verilsə də bölgü prosesi hələlik aparılmayıb, qarşı tərəfdə sanki tərəddüdlər var: “Qərar verilib, amma qeyri-müəyyən söhbətlər gedir, yəni “əmlak necə bölünəcək, hamınızı yığıb bir yerdə verəcəyik, bəziləri satmaq istəyir, yerdə qalanlara sahə düşəcək” kimi söhbətlər gedir. Kənarda 2,5% səhm var. Kiçik səhmdarlara cəmi 100 kv/m. yer verməlidirlər. Və bu yerin haradan olacağı müzakirə mövzusudur. Çətin ki, birinci mərtəbədən ayırsınlar, “yağlı tikələri” adətən özlərinə götürürlər. Əsas məqsədləri səhmi almaqdır. Qiyməti də ona görə yuxarı qoyublar ki, camaat şirnikib səhmlərini təhvil versin. Mənə 50 manatdan verəndə bu, 110 min manat edir. Müəssisədə 2 167 səhmim var, bu da 108 935 min manat deməkdir. Kv/m.-i hesabladıqları qiymətə vuranda da bu qədər vəsait düşür. Protokol yazılıb. Indi ona əməl olunmasını gözləyirik. İdarə heyətinin sədri Elşad Bəbirova zəng eləmişəm, aradan çıxıb. Dediyinə görə istirahətə gedib, ayın 10-da gələcəyini söyləyib. Qərar verilibsə, ayrılma baş tutmalıdır. Mən razılaşıramsa pulumu götürürəm, razılaşmıramsa da mənə düşən sahəni naturada verirlər. Protokol məndədir, ona əməl etməsələr, məhkəməyə gedəcəm”. (aztoday.az)
MilliYol.Az
Digər xəbərlər
loading...