“Şimal axını” layihəsi Avropanın vahid enerji bazarının yaradılmasına mane olur və bu, geosiyasi layihədir
Bu fikirləri amerikalı ekspertlər Vaşinqtonda keçirilən konfransda bildiriblər.
“Şimal axını” Avropada vahid enerji bazarının yaradılmasını çətinləşdirir”, – deyə 2005-2009-cu illərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisinin müavini olmuş Metyu Brayza bildirib.
Brayza qeyd edib ki, avropalılar özləri “qaz bazarının rus oyunu olduğunu” etiraf ediblər.
ABŞ müdafiə naziri köməkçisinin Rusiya, Ukrayna və Avrasiya üzrə sabiq müavini Maykl Karpenter xatırladıb ki, Almaniya kansleri Angela Merkel “Şimal axını”nı kommersiya layihəsi adlandırıb: “Ola bilsin ki, bu, belədir. Ancaq bu, həm də geosiyasi layihədir”.
Karpenter əmin olduğunu bildirib ki, “Şimal axını” layihəsi olmadan da Rusiyanın Avropaya qaz ixrac etmək üçün kifayət qədər imkanları var.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 2-də “ABŞ əleyhdarlarına qarşı sanksiyalardan sonra fəaliyyət” adlı qanun layihəsini imzalayıb. Qanun Rusiya, İran və Şimali Koreyaya qarşı yönəlib. Sənəddə o cümlədən Rusiyanın boru kəmərlərinin inşasına il ərzində 5 milyon dollardan çox, yaxud birdəfəlik 1 milyon dollar investisiya qoyan fiziki və hüquqi şəxslərə ABŞ dövlət başçısının sanksiyalar tətbiq etməsini nəzərdə tutur. Bundan başqa qanunda xüsusilə qeyd olunub ki, ABŞ “Şimal axını-2” layihəsinə qarşı fəaliyyət göstərməyə davam edir.
Onu da bildirək ki, ABŞ-ın Avropanın enerji bazarında öz maraqları var. Rusiya hökumətinin başçısı Dmitri Medvedyev də bir müddət öncə ABŞ-ın Rusiya ilə bağlı qəbul etdiyi sanksiyalara dair qanunun müəyyən müddəalarının Amerika sıxılmış təbii qazının Avropa bazarında təşviqinə xidmət etdiyini vurğulayıb/Teleqraf.com.
MilliYol.Az
Digər xəbərlər
loading...