"Azərbaycanda inşaat materiallarının əsas istehsalçıları olan şirkətlər xarici bazarlarla bağlı olan bir sıra layihələrinin gələcək uğurlarını Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlayırlar"
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirovun dövrü mətbuatda dərc olunan məqaləsində deyilir.
Assosiasiya rəhbəri etiraf edib ki, hazırda dəmir yolu xəttində daşınmaların tarifi çox yüksəkdir: "Məsələn, Bakıdan Tbilisiyə 1 ton inşaat materialının dəmiryol nəqliyyat xərci 25-30 manatdır. Bu da tikinti materiallarının (gips əsaslı, sement əsaslı quru inşaat qarışıqları və s.) maya dəyərinin 30%-ini təşkil edir. Dövlət başçısının ixracyönümlü məhsulların həcminin və çeşidinin artırılması ilə bağlı tövsiyəsini əsas vəzifə kimi qəbul edən Azərbaycanın inşaat materialları istehsalçıları düşünürlər ki, BTQ fəaliyyətə başlayandan sonra hökumətimizin müvafiq strukturları inşaat materiallarının dəmiryol daşımaları tariflərinə yenidən baxacaq və istehsal potensialımızın artmasına təkan verəcək daha münasib tariflər müəyyənləşdirəcəklər. Bu halda diferensial tariflər də tətbiq edilə bilər, yəni dəmiryol tarifləri məhsul növlərinə görə dəyişər (dəmiryol xərcləri maya dəyərində 30% pay tutan tikinti materialları üçün tariflər aşağı endirilə və dəmiryol xərcləri maya dəyərində 3-5% pay tutan məhsullar üçün isə olduğu kimi qala bilər). Təsəvvür edək ki, istehsalçılarımız öz məhsullarını Hindistana və ya Pakistana göndərməlidir. Daşınma yolları müxtəlif ola bilər - konteyner yükləri dəmir yolla, avtomobillərlə, su nəqliyyatı marşrutu ilə. Burada seçim etməliyik ki, daşınmanın
hansı variantı daha tez və daha aşağı qiymətə başa gəlir. Şübhəsiz, burada yükün daşınması riskləri, onun hansı ölkələrdən keçməsi və bu ölkələrdə daxili siyasi şəraitin hansı vəziyyətdə olması da nəzərə alınır. Amma tariflər, daşınma xərcləri daha önəmli
əhəmiyyət daşıyır. Bu parametrlərdən çıxış etmiş olsaq, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu regional siyasi əhəmiyyəti, dövlətlərarası əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında mühüm rol oynamaqla yanaşı, region ölkələrinin iqtisadi-ticari əlaqələrinin dərinləşməsinə, özəl şirkətlərin, biznes strukturlarının inkişafına da çox güclü təkan verəcək. Xüsusilə, Azərbaycanda ixracyönümlü sahibkarlığın inkişafında bu dəmir yolunun rolu və əhəmiyyəti son dərəcə artacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...