Zarafatlaşdığı tanışını ov bıçağı ilə vuran şəxsin məhkəməsi keçirilib
Təqdirləndirilən şəxs əməlindən peşman olmadığını söyləyib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam bıçaqlamaqda təqsirləndirilən Cabir İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısını elan edib. İttihamda yazılır ki, hadisə 14 fevral 2015-ci ildə baş verib. Lökbatan qəsəbə sakini olan Cabir İbrahimov qəsəbə sakini Fariz Abbaszadə ilə mübahisə edib. Daha sonra isə onu "Rus qəbiristanlığı" deyilən ərazidə üzərində gəzdirdiyi ov bıçağı ilə qəsdən bıçaqlayıb.
Elan edilən ittiham üzrə özünü təqsirli bilmədiyini deyən Cabir İbrahimov sərbəst ifadə verib. O, bıçağı "Sədərək" ticarət mərkəzindən aldığını söyləyib.
Təqsirləndirilən şəxs deyib ki, Farizə bir bıçaq zərbəsi vurub. Fariz yaralı vəziyyətdə oradan qaçıb: "Qaçandan sonra nə olduğunu bilmədim. Ailəm onunla maraqlandı".
Cabir İbrahimov hadisəyə səbəb kimi kafedə çay içərkən Farizin onunla şit zarafat etməsini göstərib. O, əməlindən peşman olmadığını söyləyib.
Məhkəmədə zərərçəkmiş şəxs Fariz Abbaszadə də ifadə verib. Zərərçəkmiş deyib ki, Cabir İbrahimovla kafedə zarafat edib, sonra aralarında mübahisə yaranıb. O, etiraf edib ki, aralarında mübahisə edərkən Cabiri yumruqla vurub, sonra da söyüb. Bundan sonra isə Cabir onu bıçaqla vurub.
Fariz Abbaszadə heç bir şikayət və tələbinin olmadığını deyib. Zərərçəkmiş və təqsirləndirilən şəxslərin hər ikisi zarafatın nə ilə bağlı olduğunu demək istəməyib.
Şahid qismində təqsirləndirilən şəxsin anası Səadət Verdiyeva ifadə verib. O, hadisəyə şahidlik etmədiyini bildirib. Hadisəni törədən zaman oğlunun azyaşlı olduğunu deyən S.Verdiyeva istintaqda dindirilərkən oğlunun yanında olduğunu deyib.
Məhkəmədə məlum olub ki, Səadət Verdiyevanın böyük oğlu da qəsdən adam bıçaqlamağa görə məhkumluq həyatı yaşayıb və əfv sərəncamı ilə azadlığa çıxıb. S.Verdiyeva oğlunun əsəb xəstəliyindən əziyyət çəkdiyini və müalicə aldığını da qeyd edib.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, Cabir İbrahimov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham edilir. Onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...