Azərbaycanda cəza çəkən məhkumlara yeni nəzarət sistemi tətbiq edilir
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən təqdim olunan layihə müzakirəyə çıxarılıb. Komitə sədri Əli Hüseynli bildirib ki, layihə ölkə başçısının cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamının icrası ilə bağlıdır, qanunvericiliyə edilən dəyişikliklərin davamıdır.
Yeni 15-1 maddəsinə (Probasiya nəzarəti) əsasən, bu nəzarət – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu maddədə göstərilən (göstəriləcək) digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir.
Maddədə probasiya nəzarətinin hansı şəxslərə tətbiq edilməsi də göstərilir:
- cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər;
- şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış şəxslər;
- alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslər.
Maddədə bildirilir ki, bu nəzarət müvafiq icra hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Bu nəzarəti həyata keçirən məmurlar aşağıdakı vəzifələri yerinə yetirəcəklər:
- məhkəmə qərarı əsasında elektron nəzarət vasitələrini məhkumlara tətbiq etmək və məhkum tərəfindən həmin vasitələrdən istifadə qaydalarına riayət edilməsinə nəzarət etmək;
- məhkumun olduğu yer müəyyən edilmədikdə 10 günədək müddətdə onun axtarılması ilə əlaqədar ilkin tədbirlər həyata keçirmək;
- məhkum olduğu yer 10 gündən artıq müddətdə müəyyən edilmədikdə onun barəsində axtarış elan edilməsi haqqında qərar qəbul etmək, qərarın surətini müvafiq icra hakimiyyəti orqanına göndərmək, həmçinin məhkumun tutulması barədə Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada vəsatət qaldırmaq;
- probasiya nəzarəti tətbiq edilən məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyaya yönəlmiş tədbirləri həyata keçirmək.
Layihə MM-in plenar islasına tövsiyə olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...