Moskvanın Basman rayon məhkəməsi azərbaycanlı iş adamı Telman İsmayılovu qətldə təqsirli bilib
Oktyabrın 30-da T.İsmayılov barəsində həbs qərarı çıxarılıb.
O, iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. İş adamı beynəlxalq axtarışa verilib.Telman İsmayılovun vəkili bildirib ki, qərarla əlaqədar apelyasiya şikayəti verilib.
Modern.az saytı Azərbaycanda Telman İsmayılovla möhkəm dostluq əlaqələri olan eks-deputat Aydın Abbasovla əlaqə saxlayıb. Qeyd edək ki, Aydın Abbasov Azərbaycan baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun oğludur.
Aydın Abbasov Azərbaycan mətbuat səhifələrində Telman İsmayılov və Abbas Abbasovla bağlı yazılanlara çox kəskin reaksiya verib: “Telman İsmayılov Marsda yaşamır ki, onunla əlaqə saxlamayım! Telman İsmayılov can dostumdur, qardaşımdır, necə onunla əlaqə saxlamaya bilərəm! Əlbəttə, Telman İsmayılovla dostluq əlaqələrimiz dünən də olub, bu gün də var. Ümumiyyətlə, dostluq milli dəyərlərimiz üstündə qurulub. Bizim millət dostluğu yaxşı və pis günə ayırmır. Dost dostdur. Mən bunu belə bilirəm”.
Keçmiş deputat atası Abbas Abbasov haqqında yazılanlara da münasibət bildirib: “Birincisi, Rusiya mətbuatında Telman İsmayılovun əleyhinə yazılan materialları Azərbaycan mətbuatı daha geniş işıqlandırır. Bunu yazan KİV-lərə Telman İsmayılovun nə pisliyi dəyib?! Səbəb nədir?
İkincisi, hər bir insanın, xüsusilə də kişinin həyatında həm yüksəliş, həm də problemli məqamlar olur.
Üçüncüsü, atam Abbas Abbasov haqqında son 3 ildə mətbuatda yazılanlarla bağlı heç zaman fikirlərimi bildirməmişəm. Neçə illər yazdılar, çalışdım reaksiya verməyim. Hesab edirəm ki, yazını yazdıran da bəlidir, yazan da. Ona görə də Abbas Abbasov haqqında çıxış edə bilmərəm. Hər kəs öz işini görür: bəziləri ədalətli, bəziləri qərəzli. Abbas müəllim dövlət xadimidir. Zamanında ölkənin iqtisadiyyatına töhfə verdiyinə görə ölkə rəhbərliyi onu mükafatlandırıb da.
Amma atamla bağlı həqiqət olmayan yazılar çox yazılır. Bilmək istəyirəm ki niyə? Nə axtarırlar bu yazılarda?! Abbas Abbasovla Telman İsmayılovun adı eyni məsələlərdə hallandırılır. Yaxşı, Telman İsmayılovdan nə istəyirlər?! Axı niyə görə belə məqamlarla bağlı dəhşətli, şok effekti yaratmalıyıq? Kimin kiminləsə bir problemi var ya olub ya da olacaq deyə, şəxsi münasibətləri kəsməlidir?! Yoxsa əlaqə saxlamamalıdır? Bəs harda qaldı Azərbaycan kişisinin xarakteristikası?! Bu anormaldır. Ola bilsin ki, Rusiya Federasiyasında Telman İsmayılova bəzi suallar var. Bu məsələdə Abbas Abbasovla Telman İsmayılovun münasibətlərindən başqalarına nə var axı?! Bu məsələlərlə bağlı Abbas Abbasovla əlaqə saxlayıb, mövqeyini almısınız?! O zaman isterika yaratmaq nəyə lazımdır?! Hardadır Telman İsmayılovun hörmət etdiyi insanlar, xərclədiyi milyonlar?!
Telman İsmayılovun mənimlə heç bir incikliyi olmayıb. Ondan pul da qazanmamışam, gəlir də əldə etməmişəm. Abbas Abbasovla Telman İsmayılovun münasibətləri 40 ildir ki, normaldır. Burada nəsə problem axtarmağa ehtiyac yoxdur”.
MilliYol.Az
Digər xəbərlər
loading...