Demoqrafik statistikaya görə, Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasında BMT-Malta Beynəlxalq Qocalma İnstitutu, Azərbaycan Herontoloqlar Cəmiyyəti və AMEA-nın birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə Beynəlxalq məktəbin açılış mərasimində çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib.
Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik bildirib ki, həyat keyfiyyətinin yaxşılaşdırılmasına, aktiv uzunömürlülüyə yönəlmiş, o cümlədən müasir texnologiyaların istifadəsi ilə yaşla bağlı xəstəliklərin profilaktikası və müalicəsini özünə daxil edən müvafiq dövlət proqramlarının işlənib hazırlanması zəruridir. O, bununla bağlı AMEA rəhbərliyinin və ölkənin tibb ictimaiyyətinin dəstəyi ilə bu ilin əvvəlində yaradılan Azərbaycan Herontoloji Cəmiyyətinin qarşısında mühüm işlər dayandığını söyləyib.
Ə.Əmiraslanov qeyd edib ki, herontologiya və heriatriya üzrə məktəb bu sahənin fundamental əsasları, qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri, onlara tibbi-sosial yardım, ahılların sosial statusunu, rolunu və bir çox digər məsələlərin geniş dairəsini əhatə edən multidissiplinar təhsil proqramıdır. Proqramın məqsədi hər bir iştirakçının müzakirələr prosesində iştirakı və təklif olunan materialın dərindən mənimsənilməsidir.
Ə.Əmiraslanov əlavə edib ki, herontoloji tədqiqatlar istiqaməti Azərbaycan elminin yaxın 10-15 il üçün prioritetlərindən biridir. Natiq AMEA-nın bəzi institutlarının yerli və xarici tərəfdaşlarla birgə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə uzunömürlülüyün fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beş illik elmi tədqiqat proqramının həyata keçirdiyini diqqətə çatdırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...