2 iyul Azərbaycanda polis günüdür.
MilliYol.Az azvision.az xəbər verir ki, ilk dəfə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda milli hökumətin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb. Azərbaycanın ilk daxili işlər naziri Fətəli Xan Xoyski olub. 1918-ci il iyulun 2-də isə milli hökumətin qərarı ilə Gəncə şəhərində ilk polis orqanları yaradılıb. Cümhuriyyətin süqutundan sonra nazirlik uzun müddət – müstəqilliyimiz bərpa edilənə kimi SSRİ-nin tabeliyində olub.
1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Daxili İşlər Nazirliyi də keçmiş SSRİ-nin tabeliyindən çıxaraq müstəqil Azərbaycan Respublikasının tərkibində fəaliyyət göstərməyə başlayıb.
Artıq 25 ildir müstəqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ölkədə təhlükəsizlik və asayişin qorunması naminə fəaliyyət göstərməkdədir. Zaman-zaman qurumun rəhbərliyinə müxətlif təyinatlar olub. Müstəqil Azərbaycanda indiyədək 7 daxili işlər nazirinin təyinatı həyata keçirilib.
Onlar kimlərdir?
Məhəmməd Nəbi oğlu Əsədov müstəqil Azərbaycan Respublikasının ilk daxili işlər naziridir. 1941-ci il dekabrın 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olan M.Əsədov 1990-cı ilin may ayında daxili işlər naziri vəzifəsinə təyin edilib. Mərhum nazir müstəqillikdən sonra yalnız 1 ay bu postda qala bilib. (23.05.1990 – 18.11.1991).
M.Əsədov 1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə Ağdam rayonunda ermənilər tərəfindən vertolyotun vurulması zamanı dünyasını dəyişib. Faciəli ölümündən sonra onun yerinə Tofiq Mirzə oğlu Kərimov nazir təyin edilib. Lakin T.Kərimov da daxili işlər naziri olaraq cəmi 3 ay fəaliyyət göstərə bilib. (18.11.1991 – 20.02.1992).
Sonra bu vəzifəyə Tahir Yunus oğlu Əliyev təyinat alıb. Əslən Qubadlı rayonunun Cılfır kəndindən olan T.Əliyev 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra, yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub. T.Əliyevin də nazir kimi fəaliyyəti 3 ay davam edib. Daha sonra prezidentin sərəncamı ilə o, Gömrük Komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda ehtiyatda olan generaldır. (24.02.1992 – 25.05.1992)
Həmidov İsgəndər Məcid oğlu müstəqil Azərbaycanın 4-cü daxili işlər naziridir. 1948-ci ildə Kəlbəcər rayonunda anadan olan İ.Həmidov 1992-ci il 16 may tarixindən 1993-cü ilin aprelin 16-dək daxili işlər naziri vəzifəsində çalışıb. (26.05.1992 – 16.04.1993).
Allahverdiyev Abdulla Museyib oğlu nazir olaraq cəmi 2 ay fəaliyyət göstərə bilib. A.Allahverdiyev 1993-cü ilin aprelin 21-dən iyunun 25-dək Azərbaycanın daxili işlər naziri olub. (21.04.1993 – 25.06.1993).
Bir ay sonra isə Novruzov Vaqif Yusif oğlu nazir təyin edilib. V.Novruzov 1994-cü ilin aprelin 29-da postunu təhvil verib. (07.07.1993 – 29.04.1994).
Ramil İdris oğlu Usubov müstəqil Azərbaycanın sayca yeddinci daxili işlər naziridir. R.Usubov 1994-cü ilin aprelin 19-dan bu zamana kimi fəaliyyətini davam etdirir.
O, 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Prezidentin 29 aprel 1994-cü il tarixli 140 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib. General-polkovnik Ramil Usubov artıq 22 ildir ki, Azərbaycanın daxili işlər naziridir.
Qeyd edək ki, Usubov Ramil İdris oğlu 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.
1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub. Prezidentin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilib.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilib.
Ailəlidir, üç övladı var.
MilliYol.Az
Digər xəbərlər
loading...